İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan yeni regional layihədə

Türkiyə və Rusiyanın böyük önəm verdiyi proje reallaşacaqmı?

“Azərbaycan Türkiyədə qaz qovşağı layihəsində iştirak etmək arzusunu ifadə edib”. Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

Novakın sözlərinə görə, digər ölkələr də layihəyə maraq göstərir, lakin o, söhbətin hansı ölkələrdən getdiyini dəqiqləşdirməyib: “Bu həm Türkiyənin, həm də Rusiyanın böyük maraq göstərdiyi bir layihədir. Maraq göstərən başqa ölkələr də var. Məsələn, Azərbaycan da layihədə iştirak etməyə hazırdır”.

Qeyd edək ki, Azərbaycanın Türkiyədə yaradılmaqda olan qaz habı layihəsinə maraq göstərdiyini bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin də demişdi. Aydın məsələdir ki, Azərbaycanın strateji müttəfiqi olan Türkiyədə regional qaz habının yaradılması Bakının marağında olan layihədir. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan qazını Avropaya daşıyan Cənub Qaz Dəhlizi Türkiyə ərazisindən keçir, onda bu marağın kifayət qədər iqtisadi əsaslı olduğunu söyləmək mümkündür.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında V.Putin Türkiyədə qaz habının yaradılmasını təklif edib, Ankaranın müsbət qarşıladığı təklifin layihə formasına gətirilməsi üçün işlər başlanıb. Bu ilin aprelində Türkiyə qanunvericiliyinə habın fəaliyyəti üçün zəruri olan dəyişikliklər edilib. Yayda isə Rusiyanın “Qazprom” şirkəti qaz habı layihəsinə dair yol xəritəsini Türkiyə tərəfinə təqdim edib. Rusiyanın TASS agentliyinin Ankaradakı rəsmi mənbələrə istinadən yaydığı məlumata görə, yaxın vaxtlarda yol xəritəsinə baxılaraq qərar veriləcək: “Konkret tarixlər söyləmək çətindir, lakin biz qovşağın yaradılması ilə bağlı yol xəritəsinin yaxın gələcəkdə razılaşdırılacağını gözləyirik. Xüsusən ötən həftə Moskvada Türkiyənin Energetika Nazirliyi ilə “Qazprom” arasında bu məsələ ilə bağlı danışıqlar aparıldığı üçün. Yol xəritəsi imzalandıqdan sonra tərəflər onun icrasına başlayacaqlar”.

Qeyd edək ki, hazırda Avropada qaz bolluğu yaşanır. Ötən qış hədsiz mülayim keçən havalar yaza anbarlarda rekord həcmdə qazla keçməyə imkan yaradıb. Nəticədə, Avropanın qaz anbarlarında qarşıdan gələn qış üçün rekord həcmdə qaz toplanıb. Gas Infrastructure Europe-nin (GIE) məlumatına görə, 97,89 faiz dolu olan anbarlarda 107,75 milyard kubmetr qaz var. Avropa Komissiyasının planında bu göstəriciyə noyabrın 1-dək nail olunması nəzərdə tutulurdu.

Oktyabrda Aİ-nin elektrik enerjisi istehsalında külək enerjisinin payı 21 faizə yüksəlib. Bu, maye qaza olan tələbi azaldıb. Terminallardan Avropa qaz ötürmə sisteminə mayeləşdirilmiş təbii qazın daxilolmaları son günlərdə bir qədər artsa da, oktyabr ayı üzrə 2022-ci ilin fevralından bu yana minimum səviyyədədir. Hazırda terminalların mayeləşdirilmiş qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə vurulması potensialının 46 faizindən istifadə olunur.

Qaz bolluğuna baxmayaraq, qiymətlər kifayət qədər yüksəkdir. Sentyabrda Avropada qazın orta alış qiyməti min kubmetr üçün 417 dollar təşkil edib, oktyabrda isə 475 dollara yüksəlib. Hazırda bu qiymət 600 dollardan yuxarıdır.

Bütün bunlara rəğmən, yaxın illərdə Avropanın təbii qaz tələbatının artması fonunda əlavə mənbələrdən idxalın ciddi artımı gözlənilmir. Hazırda icra olunan maye qaz layihələrinin 2026-2027-ci ildə başa çatdırılması planlaşdırılır. Lakin Avropanın bir çox ölkələrinin, xüsusilə də Cənubi və Şərqi Avropa ölkələrinin terminal yaratmaq imkanları yoxdur. Həmin ölkələrin bir çoxu artıq Türkiyə ilə qaz alışına dair müqavilələr imzalamağa başlayıblar. Bu isə qaz habında satılan məhsula alıcı tapılmasının çətin olmayacağı deməkdir.

Rusiyalı ekspertlərin hesablamalarına əsasən 2027-ci ilədək Türkiyədəki qaz habından Avropaya ildə 35,75 milyard kubmetr mavi yanacaq ötürmək mümkün olacaq. Hazırda Türkiyəyə Qara dənizin dibindən “Türk axını” xəttinin iki borusu ilə 31,5 milyard kubmetr, “Mavi axın” xətti ilə 16 milyard kubmetr – cəmi 47,1 milyard kubmetr Rusiya qazının ötürülməsi imkanı var. 2022-ci ildə bu həcmin yalnız 33,2 milyard kubmetri reallaşıb. Əgər Türkiyə və Avropa ölkələrindən tələbat artarsa, ildə Rusiya bu xətlərlə Türkiyəyə əlavə olaraq 12,9 milyard kubmetr qaz ötürə bilər.
Türkiyənin həmçinin Tengiz-Ankara boru xətti ilə İrandan ildə 10 milyard kubmetr qaz almaq imkanı var.

Azərbaycandan isə Cənub Qaz Dəhlizi ilə ildə 25 milyard kubmetr qaz daxil ola bilər. Beləliklə, hazırda Türkiyənin 3 ölkədən qaz cəlb etmək potensialı illik 82,5 milyard kubmetrdir. 2022-ci ildə ölkənin özünün boru qazı istehlakının 39,7 milyard kubmetr olduğunu nəzərə alsaq, Türkiyənin formalaşdırılmaqda olan qaz habı ilə Avropaya ildə 42,8 milyard kubmetr qaz ötürmək imkanı ola bilər. Cənub Qaz Dəhlizinə daxil olan TANAP-ın genişləndirilməsi və digər planlar reallaşarsa, bu həcmi 75 milyard kubmetrə çatdırmaq mümkündür.

Türkiyədən Avropaya qaz ötürən iki xətt var: “Türk axını”nın Balkana uzanan hissəsi ilə ildə 15,6 milyard kubmetr(2022-ci ildə 11,6 milyard kubmetr ötürülüb –red.), Cənub Qaz Dəhlizinin Avropa komponenti olan TAP-la isə ildə 12 milyard kubmetr qaz ötürmək imkanı var. Azərbaycan 2027-ci ilədək TAP-ın genişləndirilməsi planını icra edərsə, ötürücülük gücü ildə 20 milyard kubmetrə çatacaq. Beləliklə, 2027-ci ildə Türkiyə qaz habından Avropaya 35,75 milyard kubmetr qaz ötürmək imkanında olacaq.

TANAP-ın ötürücülük gücünün ikiqat artırılması Türkiyəyə Azərbaycandan daha çox qaz almaq imkanı yaradacaq. Özü də bu qaz yalnız xarici konsorsiumların qazı olmayacaq. Belə ki, Azərbaycanın “Şahdəniz”dən əlavə də qaz yataqları var. Onlardan biri olan “Abşeron” yatağından ilk qazın hasilatına iyul ayında başlanıb. Bu yataqdan çıxarılan illik 1,5 milyard kubmetr qaz daxili tələbatın ödənməsinə yönəldilir, nəticədə, Azərbaycan həmin həcmdə qazı ixrac etmək imkanı əldə edir. Bundan əlavə, “Ümid” yatağından hasilat getdikcə artırılır. 2026-cı ilin sonunadək Azərbaycanda 1,8 QVt gücündə külək və günəş enerjisi istehsalı imkanı yaradılacaq. Bu isə 1 milyard kubmetr qazın elektrik enerjisi istehsalından ixraca yönəldilməsi potensialı deməkdir.
Azərbaycan həmçinin “Azəri-Çıraq-Günəşli” yatağının dərin qatlarından, “Babək” strukturundan da qaz hasilatını təmin edəcək.

Rəsmi məlumata əsasən bu ilin yanvar-sentyabrında Azərbaycanda qaz hasilatı 5 faiz artaraq 36,1 milyard kubmetr təşkil edib. Bi həcmin 17,8 milyard kubmetri xaricə ixrac olunub. Bu, yanvar-sentyabr aylarında Azərbaycanın təbii qaz ixracının həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 9 artması deməkdir.

Məlumata görə, 9 ayda 8,6 milyard kubmetr qaz Avropaya, 7,5 milyard kubmetr Türkiyəyə, 1,7 milyard kubmetr isə Gürcüstana ixrac olunub. Həmçinin 9 ay ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyəni 4,3 milyard kubmetr qazla təchiz edib.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB)IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyə biləcək.

Onu da qeyd edək ki, Türkiyənin maye qaz terminallarının gücü də imkan verir ki, daha çox maye qaz alaraq onu adi qaza çevirib Avropaya ötürsün. Avropanın Türkiyədən qaz alan cənubunda maye qaz terminalları yox dərəcəsindədir. Bu infrastrukturun qurulması illərlə vaxt və milyardlarla dollar investisiya qoyuluşu tələb edir. Cənubi Avropa ölkələrinin belə imkanları olmadığına görə onlar boru qazına möhtac durumdadırlar.

Cəmi 2,5 aydan sonra – 2024-cü ilin yanvarından Ukrayna ərazisindən Rusiya qazının Avropaya nəqlini nəzərdə tutan tranzit müqaviləsinin müddəti bitir. Rəsmi Kiyev artıq müddətin hər hansı formada artırılmayacağını elan edib. Bu isə Rusiyadan Avropaya gündəlikj 41-42 milyon qazın nəqlinin dayanması demək olacaq. Nəzərə alsaq ki, Ukraynadan ötürülən qaz İtaliya və Avstriya üçün mühüm əhəmiyyət kəsb edir, onda Türkiyə üzərindən nəqlin artırılmasına böyük ehtiyacın yaranacağını bəribaşdan söyləyə bilərik. Buna Rusiyanın da ehtiyacı var, çünki təbii qazın Asiyaya satışını təmin edəcək kəmərlər şəbəkəsinin yaxın illərdə işə başlaması qeyri-mümkündür. Bu isə Moskvanın öz Türkiyə ərazisindən Avropaya maksimum çox qaz yönəltməyə çalışacağından xəbər verir.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR