Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir çox istiqamətli məsələlərə toxundu, Azərbaycan xalqının maraqla izlədiyi və yaranma səbəbləri ilə bağlı liderimizin mövqeyinin ifadəsinə ehtiyac duyduğumuz bir çox məsələlərə mövqeyini ifadə etdi, baxışlarını çatdırdı. Burada bir neçə istiqaməti ciddi şəkildə fərqləndirmək lazımdır”.
Bu barədə politoloq Anar Əliyev Musavat.com-a şərhində bildirib. O deyib ki, Azərbaycan Prezidenti xüsusilə 30 illik işğal faktının aradan qaldırılması və dövlət suverenliyimizin təmini ilə bağlı həyata keçirdiyimiz tarixi gedişləri və bu gedişlərə mane olmağa çalışan Ermənistan və onun havadarlarını, cənab Prezidentin təbirincə desək Ermənistan+ qruplaşmasının davranışlarını, atdığı addımları xronoloji ardıcıllıqla qeyd elədi. Dövlət başçısının da çıxışından aydın olduğu kimi, Azərbaycan 44 günlük Vətən müharibəsində və 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirdiyi anti-terror tədbiri ilə yalnız Ermənistana və separatçı qüvvələrə qalib gəlməyib, Azərbaycan böyük güclərin Cənubi Qafqazla bağlı formalaşdırdığı və həyata keçirməyə çalışdıqları yüz illərə dayanan planların üstündən xətt çəkib. Məhz ona görə də bu gün Azərbaycana qarşı Qərbdən səslənən əsassız ittihamlar, iddialar, təzyiq kampaniyaları planlarının barışmaq istəməmələri ilə bağlıdır. Dövlət başçımız bu xüsusi məqamı ictimaiyyətin diqqətinə çatdırdı.
Politoloq vurğuladı ki, eyni zamanda Azərbaycan Prezidenti Azərbaycanın ortaya qoyduğu iradə ilə beynəlxalq gündəliyə ciddi təsir etdiyini açıq şəkildə bəyan eləyib: “Azərbaycan beynəlxalq gündəliyi yenidən dizayn edib. Xüsusilə, bölgəmizlə bağlı beynəlxalq gündəliyə yeni elementlər, yeni konturlar daxil edib. Bu konturların dəyişilməsinə, yenidən dizayn edilməsinə cəhdlər heç bir halda nəticə verməyəcək. Azərbaycan dövləti, xalqı və onun lideri bunun reallaşmasına imkan verməyəcək. Hesab edirəm ki, Azərbaycan Prezidentinin bu yeni yaranmış reallıqlar şəraitində Azərbaycanın artıq bir epoxanı, bir dövrü başa çatdırıb yeni bir dövrə, fərqli hədəflər uğrunda mübarizə aparacağımız yeni bir dövrə qədəm qoymağımızla bağlı fikirləri məhz dövrümüzün reallıqlarının ifadəsidir. Çünki uzun işğal faktı dövründə, eləcə də İlham Əliyevin 20 illik Prezidentliyi dövründə qarşıya qoyulan ən başlıca hədəflər ərazi bütövlüyü və dövlət suverenliyimizin bütün ərazimizdə təmin edilməsi idi. Bu məqsədlər istiqamətində digər paralel hədəflərin reallaşdırılması neçə illik gərgin fəaliyyətlər nəticəsində baş tutdu. Biz bu hədəflərə tariximizin ən böyük qələbələri ilə çatdığımızı qürurla bəyan edirik. Buna görə də hesab edirəm ki, qarşıya qoyulan hədəflər tam olaraq icra edildiyindən yeni dövrün başlanğıcı kimi qiymətləndirmək tamamilə reallığı əks etdirən ifadədir. Azərbaycan əslində, 2023-cü ilin sentyabrındakı anti-terror tədbirlərindən sonra tamamilə fərqli bir dövrə daxil olub. Mövcudluğunun və inkişafının fərqli bir dövrünə. Ona görə də Azərbaycan Prezidentinin növbədənkənar prezident seçkisi elan etməsi ilə bağlı sərəncamı və bu seçkini zəruri edən səbəblərlə bağlı dedikləri həm də onu göstərir ki, Azərbaycan yeni bir mərhələnin astanasındadır”.
Siyasi ekspertin sözlərinə görə, Prezidentin dediklərindən də bu qənaətə gəlirik ki, bundan sonra Azərbaycan daha böyük yeni hədəflər uğrunda mübarizəyə qoşulur. Cənab Prezidentin də qeyd etdiyi kimi əldə etdiyimiz qələbələr, nail olduğumuz zəfər bizi arxayınlaşdırmamalıdır: “Biz tarixə qapanıb qələbələrimizi istismar edərək irıliyə gedə, qarşıdakı hədəflərə çata bilmərik. Ona görə də liderimizin müəyyən etdiyi kimi yeni hədəflər, yeni məqsədlər uğrunda bir mübarizə mərhələmiz başlayır. Bu mübarizə mərhələmizin startı 7 fevralda növbədənkənar prezident seçkisində Azərbaycan xalqı onu qalib xalq edən liderə bir daha böyük etimad göstərməklə başlanacaq.
Bundan sonra artıq Azərbaycan yalnız regional güc deyil, həm də böyük hədəflər, böyük məqsədlər uğrunda mübarizə aparan, dünyanın gələcək inkişaf istiqamətlərini müəyyən etməkdə aparıcı rollardan birinə sahiblənən dövlətə çevriləcəyik. Bu, qarşımızda hədəf olaraq qoyulacaq”.
Etibar SEYİDAĞA,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ