İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan yazıçıları niyə xaricdə çap edilmir?

Azərbaycan yazıçıları niyə xaricdə çap edilmir?

Yaxşı sualdır, yaxşı da cavabları var. Çünki yazıçı, naşir, kitabçı olaraq hamımızı düşündürür. Bir nəfər çıxıb deyəcək ki, heç Azərbaycanda normal çap edilib satılır ki, xaricdən danışırsınız? Etiraf edim, bu da əla sualdır. Bəlkə də, hər şey buradan başlayır elə... Zənn edək ki, bu məsələni həll etmişik, bizi xaric düşündürür. Ona görə də ikinci problemdən başlayım, bəlkə, yazının sonunda buna da gəlib çıxdıq.

Suala sualla cavab verək: “Kim Azərbaycan yazıçısını dünyaya təqdim etdi, təbliğ elədi ki, xarici naşirlər də tanıyıb çap etsinlər?” Bəli, hər şey buradan başlayır. İndi bir-iki yekəqalstuk yazıçımız, ya da yan-yörələrindəki, gələcəyini yanlış olaraq onların quru təşəkkürnamələrinə bağlayan 45+ yaşlı “gənc yazarlar” çıxıb deyəcəklər ki, niyə çap edilmir? Bəs filankəs, filankəs, filankəs... Elə bu başdan bildirim ki, çap olunmur deyəndə kiminsə kitabının hansısa xarici dilə tərcümə edilib şəxsi əlaqələri, haram, halal yolla qazandığı pulu hesabına xahiş-minnətlə çap olunub anbarlarda yatan, ona-buna hədiyyə edilən kitabları nəzərdə tutmuram. Sualım budur ki, niyə hansısa xarici nəşriyyat azərbaycanlı müəllifin əsərinin müəllif hüquqlarını alıb, qonarar ödəyib, kitabını çap edib açıq satışa çıxarmır? Sualımın əsas məğzi budur. Bəli, hazırda belə yazıçılarımızı barmaqla saymaq olar: bir, iki, üç...

Bunun ilk səbəbi Azərbaycan nəşriyyatlarının düz-əməlli inkişaf etməməsi, strategiya və marketinq planının olmamasıdır. Dünya kitab bazarı çox ciddi inkişaf yolu keçib. Biz isə bu yola çox qısa müddətdir, boylanmışıq. Fəaliyyət dövrü iyirmi ili aşan bir-iki yerli nəşriyyatın adını çəkə bilərik, vəssalam. Onların da heç bir ənənəsinin olmadığını, bu sistemin qurulmasında özlərindən sonrakılara heç bir yol göstərməməsini, nümunə olmamasını görürük. İlk dəfə – 2015-ci ildə Frankfurt Kitab Sərgisinə gedəndə gördüm ki, bizim boy göstərən nəşriyyatlarımızın nümayəndələri orada sadəcə kimdənsə, yaxud xarici ölkələrin qrantı hesabına müəlliflik hüququ alıb, azərbaycancaya tərcümə edib satmaqla məşğuldurlar. Düzdür, çox vacib məsələdir, amma bunda da geridəyik. Son beş ilə qədər (o zaman Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB) hələ yaranmamışdı) bir nəşriyyat görmədim ki, hansısa yerli müəllifin əsərlərini ingilis dilində kataloqlaşdırıb başqa ölkələrə təklif etsin. Demək olar, yox dərəcəsində idi. Xarici sərgilərdə dövlət hesabına qurulan stendlərdə hələ də bu ənənə yoxdur.

Gənc müəlliflərimizin, lap elə klasssiklərimizin, xarici nəşriyyatları maraqlandıracaq yazıçılarımızın yer aldığı hansısa vahid kataloq yoxdur. Bunu kim etməli idi?

Birinci növbədə, aidiyyəti qurumlarımız, sonra nəşriyyatlarımız və nəhayət, müəllif hüquqları agentliklərimiz.

Yenə sonuncudan başlayıram, sizcə, Azərbaycanda özəl müəllif hüquqları agentlikləri varmı, Azərbaycan yazıçılarının, rəssamlarının, bəstəkarlarının beyin məhsullarını xarici təşkilatlara təqdim edib, satıb həm özünə, həm də müəllifinə gəlir cəlb edə bilsin? Qısaca cavab: “Yoxdur!” Bu işi ya agentliklər edə bilər, ya da nəşriyyatlar. Nəşriyyatlarımızda ona görə yoxdur ki, bu sektor inkişaf etməyib, etdirilməyib, o əməkdaşı saxlayacaq güc və motivasiya yetərli deyil.

Nəşriyyatlarımız ya o gücdə olmayıb ki, müəlliflərlə müqavilə bağlasın, onların əsərini alsın, qonarar versin, çap etsin, hətta onu dünya bazarına çıxarsın, ya da buna heç marağı da olmayıb. Çünki burada ciddi gəlir yoxdur, milli təəssübkeşlik də cib doldurmur axı. Azdan-çoxdan gözə görünən müəlliflərimiz isə çırpınır, çabalayır. Aralarında bir-iki nəfərin bəxti gətirib, tale üzünə gülüb, ölkədə az-maz tanınır, oxunur ki, bu da heç bir halda kifayət deyil. On milyonluq ölkədə əsəri beş min tiraj satılan maksimum üç müəllif adı çəkə bilərik. Vəssalam. O da özlərinin hesabına. Özlərini təbliğ edərək, təqdim edərək, döyüşərək. Yenə deyirəm, tiraj sayı deyəndə öz məmur dostlarının, şəxsi imicinin hesabına hansısa dövlət qurumuna satmağı, təqdim etməyi nəzərdə tutmuram. Ondan danışıram ki, kitabı nəşriyyat çap edir, bazara çıxarır və təbii yolla formalaşmış oxucular alıb oxuyur.

Görəsən, nəşriyyatlarımız bu işi niyə təşkil edə bilmir? Çünki ölkəmizdə mütaliə səviyyəsi çox aşağıdır, kitaba maraq məktəblilərdən başlayaraq yuxarı yaş qruplarına qədər ürəkaçan səviyyədə deyil. Ona görə də naşir hələ Biləcəridən o tərəfə keçə bilmir, sözügedən problemlərlə əlləşir. Buradakı məsələni həll etməmiş boylanıb sərhədin o tərəfinə baxa bilmir. Niyə mütaliə səviyyəsi aşağıdır? Çünki dövlət kitabxanalarında klassiklərdən başqa – 80-ci illərdən bu tərəfə formalaşan müəlliflərin əsərləri yoxdur. Niyə yoxdur? Çünki dövlətin kitab sahəsinə ayırdığı pullar göyə sovrulub, bu sahəyə ciddi yanaşılmayıb, kitabxanalar, kitab mağazaları bağlanıb. Bunun da müqabilində müəlliflər ya formalaşmayıb, ya da yazdıqlarını oradan-buradan tapdıqları kiçik məbləğlə çap edib öz əhatələrinə, dost-tanışlarına hədiyyə ediblər. Bu da ona gətirib çıxarıb ki, yazıçılıq, naşirlik, kitabçılıq sənayesi fomalaşmayıb. Ona görə də başqa nəticə gözləməyə dəyməz.

İkincisi, Azərbaycan ədəbiyyatının xaricdə tanıdılması üçün hələ də hansısa dövlət fondu yoxdur ki, bu işi üzərinə götürsün, sözügedən sahədə fəaliyyət göstərsin, strategiya qursun, təbliğat-təşviqat işi ilə məşğul olsun. Uzun illər əvvəl çoxbilmiş məmurlarımız bu adla Türkiyədə nəşriyyat təsis etdirdi. Özü də, tanış-tunuş, qohum-əqraba əli ilə. Sonra başladılar, bir neçə gənc yazıçının əsərlərini türk dilində çap etdirməyə. Axırı da heç nə... Buradan pul silindi, bir-iki rəsmi tədbirdə ortaya qoyub başına fırlandıq, alqış dedik, boy boyladıq, soy soyladıq, bir neçə universitetin, tədqiqat mərkəzinin kitabxanasına hədiyyə etdik, vəssalam.

On beş ildən çoxdur, bu işlə məşğulam, Türkiyədəki bircə kitab mağazasında azərbaycanlı müəllifin əsərinin satıldığını görməmişəm. Olmazdı ki, ədəbiyyata dəstək fondu yaradılsın, nəşrlər xarici naşirlərə təqdim edilsin? Bunun üçün yeni nəsə icad etməyə ehtiyac yoxdur. Əksər ölkələrdə belə fondlar var. “Vikipediya”dan götürdüyüm Türkiyə nümunəsini azərbaycancaya tərcümə etmədən – olduğu kimi bura yerləşdirirəm:

“TEDA nedir?

Türkiye Cumhuriyeti Kültür ve Turizm Bakanlığınca yürütülen ve kısa adı TEDA olan “Kültür ve Turizm Bakanlığı Türk Kültür, Sanat ve Edebiyat Eserlerinin Dışa Açılımını Destekleme Projesi”; Türk kültür, sanat ve edebiyatıyla ilgili Türkçede veya başka bir dilde yayımlanmış eserlerin, çeviri ve yayım marifetiyle yurt dışında tanıtılmasını sağlamak için yurt dışında veya yurt içinde faaliyet gösteren yayıncılara teşvik veren bir çeviri, yayım ve tanıtım destek programıdır.

2005 yılında başlatılan TEDA Projesi, Türkiye’nin kültürel ve edebi birikimini yabancı okurlara kendi dillerinde okuma olanağı sunar. Böylelikle Türk yazarların eserlerinin uluslararası kitap pazarlarında görünürlüğü desteklenmiş olmaktadır.

Bakanlıkça yürütülen TEDA Projesi ile Türk edebiyatının dünya çapında dolaşımını desteklemek amacıyla TEDA Danışma ve Değerlendirme Kurulunca uygun görülen başvurular desteklenmektedir”.

Yaxşı, bəs bizdə bu işi kim görməli idi? Ya Mədəniyyət Nazirliyi, ya da Azərbaycan Dövlət Tərcümə Mərkəzi. Halbuki Tərcümə Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də “Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatların Azərbaycanda tanıdılması və təbliği işinin həyata keçirilməsi”dir. Amma biz bu qurumlardan hansınınsa bu sahə ilə məşğul olduğunu görmürük.

Tarixində ilk dəfə olaraq Türkiyədə keçirilən TÜYAP Kitab Sərgisində bu il qonaq ölkə Azərbaycan olacaq. İndiyə qədər heç bir kitab sərgisində qonaq ölkə olmamışıq. Bu ilkdir. Bu sərgidə Mədəniyyət Nazirliyinin dəstəyi ilə 15, öz imkanları hesabına 10 nəşriyyat – 30 nəfərdən çox yazıçı, şair, ziyalı 2 – 4 noyabr tarixlərində Türkiyədə səfərdə olacaqlar. Kitab sahəsi ilə məşğul olan belə geniş heyətlə ilk dəfə xarici sərgidə iştirak edəcəyik. Daha bir ilk o olacaq ki, sözügedən sərgidə əksəriyyəti dövlət sifarişləri ilə işləyən mətbəələr, dövlət mükafatlarının kölgəsində gəzişən müəlliflər yox, öz ayaqları üstə durmağa çalışan nəşriyyatlar, yazıçılar iştirak edəcəklər. Çox sevindirici haldır. Bir neçə gün əvvəl mədəniyyət nazirinin müavini Fərid Cəfərov səfər proqramı ilə tanışlıq və təqdimat üçün nümayəndə heyətini qəbul etdi, xeyli müzakirə apardıq. Nəyi necə edəcəyimizlə bağlı xeyli danışdıq. Naşirlərin haqlı-haqsız irad və şikayətləri dinlənildi. Amma o qədər işi keçən illərdə görməli idik, görməmişik, indi tökülüb üst-üstə, altından çıxmaq uzun müddət tələb edir. Buna görə adamın nə nazirliyin indiki komandasını qınamağa dili gəlir, nə də naşirləri. Amma yenə ümidvericidir ki, hər görülən iş yandırılan çıraqdır. Ümid edirəm, nazirliyin yandırdığı bu çıraq sönməyəcək, alovlanacaq, alovlanacaq və dünyaya işıq salacaq.

Bir məsələni də qeyd edim ki, 2021-ci ildə yaradılan ANAİB-in 27 üzvü var, onlardan da 20 nəşriyyat bu sərgidə iştirak edəcək. 10 naşir dövlət, 10 nəfər naşir öz hesabına. Bundan əlavə, birliyə üzv olmayan 5 naşir də dövlət hesabına iştirak edəcək. Böyük hadisədir; 25 naşir dünyaca məşhur sərgiyə qatılır. Ən azından bəhsə-bəhs yaxşı bir işin qulpundan yapışmaq imkanı olacağına ümid edirəm. Güman edirəm ki, naşirlərimiz menecerlik bacarıqlarını ortaya qoyacaq, hərəsi, heç olmasa, beş azərbaycanlı müəllifi qardaş türk naşirlərinə təqdim edəcək, satışına nail ola biləcək. ANAİB heyəti olaraq artıq bir neçə ildir, bu sahədə çalışır, sərgilərdə qarşımıza bu məqsədi qoyuruq. Bunun üçün nəşriyyatlar müəlliflərə, müəlliflər naşirlərə inanmalı, aralarında razılıq olmalı, xaricdə tanınmaq üçün bir-birilərinə etibar etməlidirlər. Son bir neçə ildə çox az naşir xarici həmkarına müəlliflik hüququ satmağa nail olub. Bu kiçik də olsa, uğurdur. Hansısa xarici ədəbiyyatı çap edən naşir ilk olaraq o kitabın satılmasında maraqlıdır; bu da həmin kitabın təbliğinə yol açır.

Görüşdə bu məsələ ilə bağlı nazirliyə təklif etdim ki, heç olmasa, otuz kitabın xaricdə çapı üçün müəyyən büdcə ayrılsın, türk naşirlər bu kitabları alıb çap edə, təbliğatı ilə məşğul ola bilsinlər. Heç olmasa, ədəbiyyatımızı Türkiyədə tanıda bilək. Ümid edirəm, qonaq ölkə kimi fondumuzun yaradılacağı günə qədər son zamanlar bu sahəyə xüsusi diqqət ayıran Mədəniyyət Nazirliyi dəstək verə biləcək.

Sonda onu da qeyd edim ki, kitab ümummilli məsələdir, bu, təkcə özəl sektorun ümidinə buraxılmamalı, həm maddi, həm də mənəvi cəhətdən dövlətimizin resursları ilə dəstək görməlidir. Tez-tez deyilir ki, bu biznesdir, dövlət buna niyə dəstək olmalıdır, gedin, özünüz çalışın-vuruşun. Haqlı söz olsa da, düzgün yanaşma hesab etmirəm. Kitab, mədəniyyət birbaşa dövlət dəstəyinə həmişə ehtiyac duyub və duyacaq da. Onun üçün də güclü və böyük mədəniyyətə sahib ölkəmizi sadəcə mədəniyyətimizlə təbliğ edə bilərik. Burada isə sən, mən yox, biz olmalıdır.

P.S. Bu qədər etiraz, şikayət, giley-güzar yazdığım üçün qınana bilərəm: “Sən kimə nə məsləhət verirsən?” – deyənlərə öncədən şəxsimin və sahibi olduğum şirkətin gördüyü bir neçə işi xatırladım. XAN Nəşriyyatı İsa Muğannanın, Əzizə Cəfərzadənin, Rüstəm Behrudinin, Salam Qədirzadənin, müasir yazıçılardan Əziz Yaqubzadənin, Tamerlan İsmayılzadənin, Elayın, Xəyalə Muradın və özümün bir neçə əsəri yer alan ingiliscə kataloq hazırlayıb, İstanbul, Şarja, Frankfurt kitab sərgilərində xarici nəşriyyatlara təqdim edib. Bu il keçirilən Frankfurt Sərgisi üçün Məhəmməd Füzulinin 530 illyinə həsr edilmiş kiçik kitabçanı 300 tirajla çap edib sərgi iştirakçılarına hədiyyə etmişik. Hər dəfə xarici sərgilərə bu məqsədlə gedir, dostlarımızı şəxsən maarifləndirməyə çalışıram. Sərçənin daşıdığı su kimi olsa da, hələlik bacardığımız və gücümüz çatan budur.

Şəmil SADİQ, 
Filologiya üzrə fəlsəfə doktoru, dosent

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR