Onlayn ictimai-siyasi qəzet
Rauf Arifoğlu: “Azərbaycan dövlətinin maraq və niyyəti odurki, münaqişənin yekunu olacaq sülh müqaviləsi regionda imzalansın”
Tiflisdə “İpək Yolu”nun iki günlük IV beynəlxalq forumu (26-27 oktyabr) keçirilib. Tədbirdə Azərbaycan və Ermənistan baş nazirləri - Əli Əsədov və Nikol Paşinyan da iştirak edib.
60-a yaxın ölkədən yüksəkvəzifəli rəsmi şəxslər, xarici özəl sektor təmsilçisi də daxil olmaqla, 2000-ə yaxın nümayəndənin iştirakı ilə keçirilən forumda yeni Şərq-Qərb ticarət arxitekturası, Orta Dəhlizin artan rolu, rəqəmsal əlaqə, enerji sektorunda diversifikasiya, turizmin davamlılığı və davamlı gələcək üçün şaxələndirilmiş investisiyalar və s. mövzular müzakirə olunub.
“Azərbaycanın beş qonşu ölkəsindən dördü ilə çox gözəl iqtisadi və ticarət əlaqələri var. Ermənistanın baş naziri Nikol Paşinyana demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsinin imzalanması haqda öz mövqeyini bildirmişdi”.
Bunu Əli Əsədov Forumdakı çıxışı zamanı bildirib. “Azərbaycan 2020-ci il 10 noyabr tarixində imzalanan bəyanata əsasən kommunikasiyaların açılması istiqamətində uzun müddət çalışıb və öz mövqeyini bildirib. Biz kommunikasiyaların açılmasını istəyirik, amma bu tək bizdən asılı deyil. Qarşı tərəf istəyən halda biz buna hazırıq. Digər hallarda bizim kifayət qədər imkanlarımız var”, - Baş nazir qeyd edib.
Azərbaycanın Baş naziri Əli Əsədov həmçinin bildirib ki, İpək Yolu Beynəlxalq Forumu regional və qlobal gündəlikdə duran məsələlərin müzakirəsi üçün özünü effektiv beynəlxalq platforma kimi təsdiqləyib: “Dünyada baş verən son dəyişikliklər fonunda iqtisadi əməkdaşlıq və nəqliyyat bağlantıları ilə bağlı yaranan çağırışları nəzərə alsaq, bugünkü forumun əhəmiyyəti özünü daha aydın şəkildə göstərir. Azərbaycan son 20 ildə bir sıra mühüm regional layihələrin təşəbbüskarı və iştirakçısı kimi çıxış edib. Onların sırasında Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, Cənub Qaz Dəhlizini, o cümlədən TANAP/TAP, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, Bakı Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etmək olar. Bundan başqa, Azərbaycan Hökumətinin nəqliyyat infrastrukturuna qoyduğu sərmayələr nəticəsində, minlərlə kilometr uzunluğunda avtomobil və dəmir yolları çəkilib, beynəlxalq hava limanları istifadəyə verilib, mülki dəniz və hava donanması genişləndirilib, Ələt Azad İqtisadi Zonası yaradılıb. Bütün bu təşəbbüslər ölkəmizə Orta Dəhliz ilə daşımalara artan tələbi qarşılamağa imkan verib”.
Baş nazir deyib ki, bu tələbatı təmin etmək üçün infrastruktur layihələri ilə yanaşı, Azərbaycan Gürcüstan və digər tərəfdaşlarla birgə digər sahələrdə də zəruri əməkdaşlıq edilir. Bu əməkdaşlığın nəticələrini artıq görürük. Orta Dəhlizin səmərəliliyinin artırılması üçün görülən işlər nəticəsində istər qiymət, istər sürət, istərsə də keyfiyyət parametrləri üzrə qısa zaman ərzində mühüm nəticələr görünür. “Qazaxıstandan Gürcüstan limanlarına çatdırılma müddəti ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə azaldılıb. Növbəti il üçün hədəfimiz bu müddəti iki dəfəyə qədər, yəni, 11-15 günə endirməkdir. Düşünürəm ki, yaxın perspektivdə görülən işlər bəhrəsini verəcək və bu dəhliz dünya miqyasında ən təhlükəsiz və operativ dəhlizlərdən birinə çevrilə biləcək”, - deyə Ə.Əsədov vurğulayıb.
Paşinyan tədbirin açılış mərasimində “Dünyanın kəsişməsi” layihəsi üçün hazırlanan regional nəqliyyat dəhlizləri ilə bağlı xəritə təqdim edib. Xəritədə Azərbaycanın ərazi bütövlüyünə tam riayət edilməsi xüsusi diqqət çəkib. Xəritədə regionda kommunikasiya xətlərinin bərpası, Zəngəzur dəhlizi ilə hərəkətliliyin mümkünlüyü, Şimal-Cənub yolunun fəaliyyəti, ölkələrin nəzarət məntəqələrinin yeri və s. kimi amillər qeyd olunub.
Eldəniz Əmirov
İqtisadçı ekspert Eldəniz Əmirov isə forumun işini şərh edərkən beynəlxalq və regional layihələrə diqqət çəkdi: “Bəzən Şərq-Qərb dəhlizi, TRACECA, İpək yolu kimi loqistik nəqliyyat kommunikasiya dəhlizləri ilə bağlı qeyri-dəqiq informasiyalar nəzərə çarpır. Bunlardan bəziləri, məsələn TRACECA proqramdır, Rusiyadan yan keçməklə Qafqaz üzərindən Avropadan Asiyaya yüklərin daşınmasını əhatə edir. Bu proqram ölkələrin iqtisadi inkişafıan, eyni zamanda yük daşıma qabiliyyətinin artırılmasına və yeni bazarlara ixracın stimullaşdırılmasına hədəflənib. Avropa, Qərb tərəfdən proqram icraya başlayanda yazılmamış məqsəd həm də bu idi ki, Rusiyadan yan keçsin. Bu gün proqram hələ ki, Avropa və Asiya arasındakı daşımalarda Rusiyanın əhəmiyyətini azalda bilmir. Rusiya üzərindən dəmiryolu vasitəsilə daşımalar daha ucuz başa gəlir. ”Bir kəmər, bir yol" layihəsi də var. Bu layihələrdən biri Avropadan Çinə, digəri isə Çindən Avropaya istiqamətlənir. Bu proqramlar çərçivəsində nəqliyyat dəhlizləri özlərində də yeni nəqliyyat dəhlizlərini ehtiva edirlər. Məsələn, Şərq-Qərb dəhlizi dedikdə TANAP, TAP, Cənub Qafqaz dəhlizi onun bir hissəsidir. Bakı-Tbilisi-Qars dəmiryolu da bu layihənin bir hissəsidir. Dəhlizlərin sayının artırılması və və dəhlizlərdə yaranmış problemləri həll etmək üçün belə forumlara ehtiyac var. Bəzi problemlər hələ qalmaqdadır. Sadələşdirilmiş gömrük prosedurlarının olmaması, gömrük dəhlizinin yükdaşımanın stimullaşdırılması üçün fürsətlərin yaradılmaması Şərq və Qərb arasında olan nəqliyyat dəhlizlərinin hazırda ən böyük problemlərindən biridir".
E.Əmirov vurğuladı ki, Azərbaycanın apardığı ciddi və iradəli siyasətin nəticəsində Ermənistan bütün layihələrdən kənarda qalıb. Ekspert qeyd etdi ki, Ermənistan sülh sazişini imzalayana qədər bu layihələrə qoşula bilməyəcək: “Qərb İranı və Rusiyanı bütün layihələrdən kənarlaşdırmağa çalışır. Azərbaycan isə bu iki dövlətin arasında yerləşir. Buna görə də Azərbaycan Qərb üçün ən maraqlı ölkələrdən biridir. Şimal Buzlu okeanından İran körfəsinə qədər olan ərazidə Qərb yalnız Azərbaycanı təhlükəsiz hesab edir. Azərbaycan da bu maraqlardan öz maraqları çərçivəsində istifadə edir. Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsi konspesiyası hazırlanır. Gürcüstanın alternativ enerji resursları Azərbaycandan çoxdur. Azərbaycanın təşəbbüsü hesabına Gürcüstan da öz dividentlərini qazanacaq. Azərbaycana Gürcüstanın iştirakı ona görə sərf edir ki, gələcəkdə kabel xəttinin çəkilməsi layihəsində dəyərin ödənməsində, investisiyanın geridönüşündə daha çox iştirakçının olmasında maraqlıdır”.
Oktyabrın 27-də Tbilisidə Azərbaycanın Baş naziri Əli Əsədovla Ermənistan baş naziri Nikol Paşinyan arasında da görüş keçirilib. Görüş Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Tbilisi yaxınlığındakı Muxranidə keçirilib. Danışıqların təfərrüatları açıqlanmayıb. “İmedi” telekanalının məlumatına görə, üçtərəfli görüş bir neçə saat davam edib.
Yerli media xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə keçirilən IV Beynəlxalq İpək Yolu Forumunda deyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması regionun inkişafına böyük töhfə verəcək. Sitat: “Bizim enerji potensialımız regionumuza böyük töhfə ola bilər. Gürcüstanın Anakliya şəhərində yeni limanın tikilməsi inkişafımızın bariz nümunəsidir. 1 milyon ton dövriyyəsi olacaq bu liman vasitəsilə Qərblə Şərq arasında bir çox beynəlxalq layihələrin dəstəkçisi ola bilərik. Gürcüstanda alternativ enerji sahəsində də mühüm işlər görülür. Azərbaycan elektrik enerjisi Qara dənizin dibi ilə Avropaya göndəriləcək”.
Baş nazirin sözlərinə görə, Gürcüstan Avropa ilə Asiyanı birləşdirən çox mühüm körpü rolunu oynayır: “Logistika və tranzit məsələlərində Gürcüstan əvəzolunmaz bir məkandır. Gücüstanın inkişafı regionda sülhün bərqərar olmasına böyük töhfə verir. Lakin bəzi məsələlər regionun logistika imkanlarını təhlükə altına ata bilər”.
Rauf Arifoğlu
Görüşü şərh edən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, Azərbaycan dövlətinin maraq və niyyəti odur ki, münaqişənin yekunu olacaq sülh müqaviləsi regionda imzalansın: “Qənaətimcə, Azərbaycan Prezidenti də istəyir ki, bu müqavilənin imzalanması da məhz Tiflisdə baş tutsun. Bunun da mühüm tarixi və ənənəvi əhəmiyyəti var. Belə ki, Azərbaycan və o cümlədən Cənubi Qafqazın hər üç respublikasının müstəqilliyi 1918-ci ildə, qısa fasilələrlə məhz Tiflis şəhərində elan olunub. Eyni zamanda tarixdə ilk dəfə ”Qafqaz Evi"nin yaranması ilə bağlı atılan addımlar, bağlanan müqavilələr də məhz Tiflis şəhərində həyata keçirilib. Görünən budur ki, İlham Əliyev gözlənilən sülh müqaviləsi ilə bağlı nə Brüssel, nə Moskva, nə də Tehran - Tiflis variantını seçib. Sonunda elə bu cür olacağına da daxili inamım var".
Vüqar Bayramov
Millət vəkili Vüqar Bayramov “Yeni Müsavat”a bildirdi ki, “İpək Yolu” forumu regionda yeni əməkdaşlıq platformasının təqdim edilməsi baxımından önəmlidir. Millət vəkili hesab edir ki, forum tərəflərin öz mövqelərini təqdim etməyə imkan yaratdı: “Ən diqqətçəkən məqam Azərbaycan və Ermənistan arasında iqtisadi münasibətlərin bərpa edilə bilmə imkanlarıdır. Sözsüz ki, kommunikasiyaların bərpa edilməsi imkanları kifayət qədər genişdir. Forum eyni zamanda bu imkanların araşdırılmasına da imkan yaratdı. Zəngəzur dəhizinin açılması regionda nəqliyyat dəhlizlərinin istifadəsi baxımından əhəmiyyətlidir. Azərbaycan artıq bu istiqamətdə İranla əməkdaşlıq qurur. Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycan və Naxçıvan arsında quru nəqliyyatının bərpa edilməsini ehtiva etmir. Odur ki, ”İpək Yolu" forumu bu imkanların araşdırılması baxımından tribunadır. Buna görə də Azərbaycan foruma xüsusi əhəmiyyət verdi və baş nazir səviyyəsində təmsil olundu".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ