Onlayn ictimai-siyasi qəzet
Hindistanın Mülki Aviasiya Baş İdarəsi (DGCA) noyabrın 24-də ABŞ Federal Aviasiya Administrasiyasının tövsiyələri əsasında yerli aviaşirkətlərə yanlış GPS siqnallarının aşkar edilməsi və onlarla mübarizə üzrə ətraflı təlimatlar verib. Məsələ ondadır ki, ABŞ-ın Aeronavtika və Radiotexnika Komissiya müəyyən edib ki, Azərbaycan, İraq və İran üzərindən hava dəhlizi ilə uçan təyyarələrə saxta GPS siqnalları ötürülür. Bu isə təyyarənin GPS qəbuledicilərinin səhv koordinatları və vaxtları qeyd etməsinə gətirib çıxara bilər ki, nəticədə uçuş təhlükəsizliyi üçün ciddi risk yaradır (Haqqin.az).
Sentyabrın 27-də ABŞ Federal Aviasiya Administrasiyası (FAA) “İraq/Azərbaycan GPS siqnalının pozulması və siqnalın dəyişdirilməsi təhlükəsizliyə təhdid yaradır” adlı hesabat yayıb. Hesabatda İraq və Azərbaycanda müxtəlif mülki hava daşıyıcıları uçuş təhlükəsizliyini təhdid edən GPS saxtakarlığının qeydə alındığını bildirir. FAA qeyd edir ki, oxşar məlumatlar İraqın mülki aviadaşıyıcılarından da gəlir.
FAA əlavə etdi ki, bu, “situasiya haqqında məlumatlılığın itirilməsi və pilotlar və regional hava nəqliyyatı dispetçerləri üçün artan iş yükü ilə bağlı problemlər yaradır ki, bu da potensial qəzalara və/yaxud insan itkisinə səbəb ola bilər”.
Bunun ardınca FAA yanlış GPS siqnallarının aşkarlanması və qarşısının alınması ilə bağlı ABŞ aviaşirkətlərinə tövsiyə verib. Bu tövsiyələri nəzərə alaraq, Hindistanın Mülki Aviasiya İdarəsi noyabrın 4-də xüsusi komitə yaradıb və aparıcı qlobal ekspertlərlə müzakirələr aparıb.
Uçuş məlumatlarını toplayan kraudsorsinq veb-saytı olan Ops Group, sentyabrın 25-dən bəri saxta GPS siqnallarının səbəb olduğu təyyarə naviqasiya cihazlarının pozulması ilə bağlı 20 hadisənin olduğunu bildirdi. Bu barədə ondan çox kommersiya, hərbi və biznes laynerinin ekipajları məlumat verib. Belə hadisələrdən birində GPS siqnalının saxtalaşdırılması sərnişin təyyarəsinin İran hava məkanına icazəsiz daxil olmasına səbəb olub. Başqa bir halda, təyyarə uçuşun idarə edilməsi operatorlarından təyinat Dohaya birbaşa uçuşa nəzarət tələb etməli idi. Üstəlik, xəbər verildiyi kimi, belə hadisələrin əksəriyyəti İranın hava məkanında qeydə alınıb. Lakin bir neçə gün əvvəl İraqda Ərbil və Türkiyədə Ankara yaxınlığındakı təyyarələrə GPS saxtakarlığının göndərildiyi qeyd edilib.
Hindistanın Mülki Aviasiya Administrasiyası Yaxın Şərqin bəzi hissələri üzərində uçan təyyarələrin yanlış GPS siqnalları aldığı barədə xəbərdarlıq edib. Bu baxımdan, Azərbaycan və Şimali İraq üzərindən keçən güclü tıxaclı hava dəhlizi xüsusi narahatlıq doğurur. Həqiqi peyk zəng işarəsinin manipulyasiya edilmiş siqnalla dəyişdirilməsini nəzərdə tutan GPS siqnalının saxtalaşdırılması mülki sərnişin uçuşlarına hücum etmək üçün istifadə edilib. GPS müdaxiləsi daha çox yayılmış və aşkarlanması asan olsa da, saxtakarlıq dərhal görünmür və təyyarəni nəzərdə tutulan kursdan kənara ata bilər. Bununla əlaqədar olaraq, pilotlara saxta olduğundan şübhələndikləri təqdirdə GPS daxiletmələrini söndürmək tövsiyə olunur.
Xatırladaq ki, bu ilin yay aylarından başlayaraq Ermənistanın qanunsuz silahlı birləşmələri tərəfindən radioelektron döyüş sistemlərinin işə salınması nəticəsində Qarabağ üzərində Azərbaycanın hava məkanında təyyarələrin GPS siqnallarının pozulması halları qeydə alınıb. Separatçıların bu radioelektron döyüş sistemləri Azərbaycanın sentyabr ayında Qarabağda xüsusi antiterror tədbirləri həyata keçirməsindən sonra aşkarlanıb.
Daha bir məlumatı xatırlatmaq yerinə düşər. Bu ilin avqust ayında Azərbaycan Müdafiə Nazirliyindən (MN) verilən məlumatda bildirilmişdi ki, Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi yenidən intensivləşib. Belə ki, hava məkanımızdan keçən uçuşların təhlükəsizliyinə təhdid yaratmaq məqsədilə qanunsuz silahlı birləşmələr növbəti təxribata əl atıb. Avqustun 21-i saat 10:15-dən 10:23-dək Füzuli-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.
Ramil Məmmədli: “Ölkəmizlə bağlı yayılan bu məlumat həm qərəzli ola bilər, həm də həqiqətəuyğun”
Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla bağlı yayılan bu məlumat həm qərəzli ola bilər, həm də həqiqətəuyğun: “Məlumatın inkar edilməsi üçün ortada fakt olmalıdır. ABŞ-ın Azərbaycana qarşı həyata keçirdiyi fəaliyyət, digər tərəfdən, Hindistan-Ermənistan münasibətləri kontekstində Azərbaycana yönələn ədalətsiz mövqe, o cümlədən Ermənistanın silahlandırılması istiqamətində atılan addımları nəzərə alsaq, Hindistan-ABŞ fəaliyyəti anlaşılandır. Hesab edirəm ki, hesabatda Azərbaycanın da adının qeyd olunması qərəzlidir”.
Arzu Nağıyev: “İstər İraqın şimalı, istərsə də Azərbaycanla bağlı belə bir məlumatın məhz Hindistan tərəfindən yayılması texniki məsələdir”
Milli Məclisin deputatı Arzu Nağıyev hesab edir ki, bu məsələni araşdırmaq mütəxəssislərin işidir. Millət vəkili qeyd etdi ki, istər İraqın şimalı, istərsə də Azərbaycanla bağlı belə bir məlumatın məhz Hindistan tərəfindən yayılması da texniki məsələdir: “Yay aylarında Qarabağ ərazisindəki qeyri-qanuni silahlı birləşmələr tərəfindən radioelektron döyüş sistemlərinə müdaxilələr edilib. Yanlış siqnalların ötürülməsində məqsəd Azərbaycanın hava məkanında təyyarələrin kursundan çıxması, eyni zamanda təhlükəli şəraitin yaradılması idi. Biz bu sistem barədə məlumatı Azərbaycanın sentyabr ayında Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra əldə etdik”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ