Onlayn ictimai-siyasi qəzet
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan və Ukrayna milliləri qarşı-qarşıya gəlib.
Musavat.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda hesab bərabərləşib. 72-ci dəqiqədə Azərbaycan yığmasının kapitanı Emin Mahmudov əllə oyuna görə təyin olunan penaltini dəqiq yerinə yetirərək tabloya 1:1 hesabını yazdırıb.
Qol müəllifi Emin Mahmudov bununla da Azərbaycan futbol tarixində mühüm rekorda imza atıb. O, millidəki qollarının sayını 15-ə çatdıraraq, ən məhsuldar futbolçu olub.
Beləliklə, Mahmudov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsus 21 illik rekordu yeniləyib. Qurbanov 1992–2005-ci illər arasında millidə keçirdiyi 68 oyunda 14 dəfə fərqlənmişdi. Onun sonuncu qolu 2004-cü ildə Latviya ilə yoldaşlıq görüşündə (2:2) qeydə alınmışdı.
Emin Mahmudov isə 2016-cı ildən çıxış etdiyi Azərbaycan millisində 56-cı oyununda 15-ci qolunu vuraraq adını tarixə yazdırdı.
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ