Onlayn ictimai-siyasi qəzet
Gözlənilən idi. Xarici məkrli mərkəzlərə bağlı erməni radikalların Qazaxın 4 kəndi ətrafında neçə gündür davam edın siyasi şousunu deyirik. Təbii ki, baş nazir Nikol Paşinayana xüsusi patologiyası olan erməni kilsəsi də ənənəvi qızışdırıcı mövqeyi ilə “etirazçılar” tərəfdədir.
Bütün bu “rəngarənğ” yığnağın tək hədəfi isə əlbəttə ki, suveren Ermənistan-zad deyil, situasiyadan yararlanıb “Türkə satılmış xain rəhbəri” devirməkdir. Bunu isə hamıdan yaxşı yəqin ki, elə Paşinyan bilir və müvafiq hazırlıq içindədir. Böyük ehtimalla, baş nazir artıq ön tədbirlərini də görüb...
“Məgər Tavuşda dövlət sərhədinə qarşı mübarizə aparanların vətəni Xeyrimlidir, yoxsa Qızıl Hacılı? Bəlkə Aşağı Əskipara?”
Bunu baş nazirin aparat rəhbərinin müavini Taron Çaxoyan kəndlərin qaytarılmasına qarşı çıxıb süni gərginlik yaradan qüvvələrlə bağlı Facebook səhifəsində yazıb.
Sonra sıralanan suallar daha diqqətçəkicidir: “Görəsən dövlət sərhədinin yaradılmasına qarşı çıxanların nə qədəri Azərbaycan yaşayış məntəqələri uğrunda döyüşməyə hazırdır? Onların konkret neçəsi heç vaxt Ermənistanın tərkibində olmayan Azərbaycan kəndləri uğrunda ölməyə hazırdır? Ərini, atasını, övladını döyüşə göndərməyə hazır olanlar necə, varmı? Müharibənin acı nəticələrini çəkməyə hazır olanların sayı nə qədərdir?”
Və sonda o, qeyd edir: “Müharibənin nəticələrinin altını muzdlu təbliğatçılar yox, hamımız, ilk növbədə yerli kəndlilər və sıravi əsgərlər çəkəcək. Bizi heç kim xilas etməyəcək, Qarabağ bunun bariz nümunəsidir”.
Çaxoyan əslində xeyli dərəcədə haqlı. Doğrudan da Azərbaycan uğrunda, kəndlərimiz naminə ucuz ölümə hazır nə qədər erməni var görəsən?..
Sual ritorikdir. Ona görə ki, Türkə aşırın kin-nifrət bəsləyən radikal revanşistləri, özəlliklə Rusiyaya bağlı “5-ci kolonçu”ları, həmçinin “çörəyi” müharibədən çıxan digər bu kimi kəsimləri və şarlatan “din xadimləri”ni ən çox narahat edən heç də Azərbaycanın işğal altındakı kəndlərinin qaytarılması deyil. Sərhədlərin delimiytasiyası üçün ilk uğurlu presedentin yaranmasıdır. Niyə?
Çünki bunun ardınca Bakı sülh müqaviləsinin və ya çərçivə sənədinin imzalanmasına daha yaxşı zəmin yaranacaq. Paralel surətdə Türkiyə ilə münasibətləri qaydaya salmaq üçün yeni fürsət qapısı açılacaq.
Ayrı sözlə, əgər Nikol Paşinyan bu dinc testdən uğurla çıxarsa, sərhədlərlə bağlı ictimai rəy uğrunda mübarizəni udmuş sayılacaq. Eyni zamanda, öz hakimiyyətinin legitimliyini möhkəmlətmiş olacaq...
Demək, artıq Ermənistan konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmaq üçün referenduma getmək, uydurma soyqırımı məsələsində tədricən və daha ağrısız formada Türkiyənin mövqeyinə yaxınlaşmaq olar. Bu isə istər-istəməz radikal-revanşit düşərgənin, “müharibə partiya”sının kitabının həmişəlik bağlanması anlamına gələcək.
Əlbəttə, yeni və daha fəlakətli müharibədən qaçmaq ən əvvəl erməni toplumunun problemidir. Əgər o, sərhədlər və sülh müqaviləsi məsələsində baş nazir Nikol Paşinyanı sonadək dəstəkləmək üçün özündə iradə tapsa, onda Nikol bu xalqın tarixində həqiqətən xilaskar kimi qala, ermənilər isə nəhayət, zəlalətdən, blokadadan “ağ günə” çıxa bilərlər. Taleləri həmişəki tək öz əllərində...
Z.SƏFƏROĞLU
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ