Onlayn ictimai-siyasi qəzet
Yeni prezident fəaliyyətə başlayan kimi ABŞ İsrailə müharibə icazəsi verəcək
Bu həftə ABŞ Konqresinin təsdiqlədiyi mühüm sənədlər arasında, sözsüz ki, Ukrayna və İsrailə yardım haqda qərar (müvafiq surətdə 61 və 6.4 milyard) tarixi önəm kəsb edir. Qalır mümkün nəticələr. Bununla bağlı gözləntilər isə müxtəlifdir.
Siyasi ekspertlər hesab edir ki, 6.4 milyard dollar olduqca böyük məbləğdir. Məntiqlə belə anlaşılır ki, İsrailə həmin vəsait HƏMAS-la savaşmaq üçün verilmir. İsrailin əsas böyük düşməni İrandır. Ayrılan vəsaitin mühüm qismi İranla mübarizəyə sərf olunacaq.
ABŞ rəsmilərinin İsraillə İran arasındakı son gərginlikdə “sülhpərvər” mövqe tutmasının aldadıcı manevr olduğu bildirilir. Hesab edilir ki, Co Bayden hakimiyyəti sadəcə, qarşıdakı prezident seçkiləri ərəfəsində gərginlik istəmədiyi üçün bu ritorikanı mənimsəyib. Seçki bitdikdən sonra isə Co Baydenin belə bir təlaşı qalmayacaq. Çünki həm yaşı kifayət qədər çoxdur, həm də səhhəti ürəkaçan deyil. Üstəlik, qanunən də onun üçüncü dəfə seçilmək şansı yoxdur. Adətən ABŞ-ın bütün prezidentləri ikinci dəfə seçildikdən sonra bu cür qeyri-populyar addımlar atırlar. Məhz bu səbəbdən siyasi analitiklər İran-İsrail gərginliyinin gələn ilin ilk aylarından artacağını proqnoz verirlər. Seçkilərə qədər isə İsrailin İranın proksi qüvvələrini sıradan çıxarmaqla məşğul olacağı gözləniləndir.
Bundan isə belə nəticəyə gəlmək olar ki, 2025-ci ilin ilk ayında İrana qarşı İsrail-ABŞ hücumu ola bilər? Bəllidir ki, İsrail bizim strateji tərəfdaşımız, 35-40 milyon soydaşımızın yaşadığı İran isə qonşumuzdur.
Müharibə perspektivi real olduğu üçün Bakı buna hazırlaşmalıdır.
Yusif Bağırzadə
Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bu barədə bildirdi ki, bütün gedişat İsraillə İran arasında müharibənin qaçılmaz olduğunu göstərir. İsrailin uzun müddətdir ki, İranla müharibəyə hazırlaşdığı və bu məqsədlə də öz hərbi arsenalını gücləndirdiyi məlumdur. Hələ 2018-ci ildə Tramp hakimiyyəti dövründə 10 il müddətinə 38 milyard dollar yardımın ayrılması, keçən il ərzində İsrailin təkcə ABŞ-dan 61 döyüş təyyarəsi, Almaniyadan 4 hərbi gəmi alması və bu il ABŞ tərəfindən yünidən 26.4 milyard dollar vəsaitin ayrılması, eləcə də yardım paketinə əlavə olaraq dəyəri bir milyadr dollar olan mərmi və bombaların göndərilməsi onu deməyə əsas verir ki, İsrail İranla müharibəyə hazırlaşır. Aydındır ki, bu qədər vəsait, silah və texnika İsrailə Həmasla müharibə üçün göndərilmir: “İsrailə qarşı vuruşan proksi qüvvələrin demək olar ki, hamısının arxasında İranın dayandığını kifayət qədər yaxşı bilən İsrail ayrı-ayrı qüvvələrlə müharibə aparmaqdansa bu proksi qüvvələri maliyyə və silah-sursat baxımından təmin edən İranla müharibəyə üstünlük verir. Elə Dəməşqdəki İran səfirliyinin bombalanması, onun ardınca İsfahana endirilən zərbələr də İranı birbaşa müharibəyə çəkmək məqsədi daşıyırdı.
ABŞ isə indiki dönəmdə hələ ki, müharibədən qaçmağa səy göstərir. Çünki ölkədə seçki ilidir və İranla müharibənin uzun sürməsi halında, yəni Rusiya ilə olduğu kimi fiaskoyla üzləşəcəyi halda bu Bayden hakimiyyətinin seçkiöncəsi nüfuzuna böyük ölçüdə təhdid yarada bilər. Odur ki, indi Ağ Ev bütün imkanları ilə İsraili bu hücumdan yayındırmağa cəhd edir. Amma o da məlumdur ki, Bayden üçün seçki ilində yəhudi lobbisinin dəstəyi olduqca vacibdir. Odur ki, İsrail müharibəni elə indi başlaya və ABŞ-ı, eləcə də digər müttəfiqlərini fakt qarşısında da qoya bilər. ABŞ açıq şəkildə bəyan edib ki, biz İranla İsrail arasında müharibəni istəmirik, amma əgər belə bir müharibə başlayacaqsa, biz bütün gücümüzlə İsrailin yanında yer alacağıq".
Politoloq hesab edir ki, ona görə də müharibənin indi və ya ABŞ-dakı Prezident seçkilərindən sonra başlayacağından asılı olmayaraq region ölkəsi kimi biz də buna hazır olmalıyıq: “Təbii ki, Azərbaycan bu müharibədə öz neytrallığını qoruyub saxlayacaq. Amma İrana hücum orada yaşayan milyonlarla soydaşımızın sığınacaq üçün bizə üz tutmasına səbəb olacaq ki, məhz buna da hazır olmaq lazımdır. Çünki belə bir hal bizim üçün olduqca böyük təhdid yarada bilər”.
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə bildirdi ki, Yaxın Şərqdə baş verən münaqişələr bir sıra mülahizələri aktuallaşdırır, önə çıxarır. Sanki uzun illər ərzində rəqabət müstəvisində olan, lakin aktiv hərbi əməliyyatlara qoşulmayan dövlətlər də bu gün dünyadakı xaos, anarxiya, beynəlxalq hüququn işləməməsi fonunda bütün mübahisələri döyüş meydanında həll etmək niyyətini büruzə verirlər. Bu, çox təhlükəli tendensiyadan xəbər verir, çox narahatedici məqamdır. Eyni zamanda İran və İsrail arasında müharibənin olacağına dair ehtimallar gün-gündən çoxalmaqdadır. Bu Azərbaycan üçün də bir sıra çağırışları formalaşdırır: “Biz İsraillə çox yaxşı strateji münasibətləri olan, hərbi, enerji, mədəni, humanitar, iqtisadi, siyasi müstəvidə çox yaxşı anlaşa bilən dövlətlərik. Həmçinin Azərbaycanda böyük yəhudi icması da mövcuddur. Bu münasibətləri yaxınlaşdıran məqamdır. Lakin digər tərəfdən İran ərazisində də çoxmilyonluq Azərbaycan türkləri var. Bu da nəzərə alınası məqamdır. Azərbaycan bu ziddiyyətli vəziyyətdə tutduğu mövqe ardıcıldır və prinsipaldır. Biz ölkəmizin hava məkanından, ərazisindən İran qarşı istifadə edilməsinə icazə vermirik. Hətta münasbiətlərimizdə gərginliklər yaşansa da Azərbaycanın bu məsələdə mövqeyi dəyişməz olaraq qalır. Bu da çox mühüm bir amildir. Çünki bizim üçün ərazi bütövlüyü, suverenlik, daxili işlərə qarışmamaq beynəlxalq hüququn fundamental norma və prinsipləri sırasındadır. Biz bu mövqeyimizə sadiqik. 2025-ci ildə İsrail-İran müharibəsi olarsa, bunun Azərbaycana hansı təsirlərinin olacağı haqqında düşünərkən burada ilk növbədə iqtisadi zərərlərin meydana gəlməsi, qaçqınlar problemi ilə üzləşməyimiz kimi çox ciddi problemlərin yaranması ehtimal olunur. Ona görə də Azərbaycan hər bir varianta hazır olmaqla yanaşı, bütün məsələlərin danışıqlar masası ətrafında, diplomatik yolla həll edilməsinin tərəfdarıdır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ