Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan və Türkiyə arasında hərbi təlimlər demək olar ki, hər il təşkil olunur. Keçən il "Qardaş Yumruğu" adlı , daha sonra "Heydər Əliyev" adlı Qarsda hava və quru qonşunlarının iştirakı ilə çox əhəmiyyətli hərbi təlimlər keçirildi. Bu il isə ayın 25-də başa çatmış olan "Mustafa Kemal Atatürk- 2023" hərbi təlimləri baş tutdu. Təbii ki, Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə qurucu lider Mustafa Kemal Atatürk adının seçilməsi və qardaş Azərbaycanla birgə bir təlim təşkil edilməsi çox mənalıdır”.
Bu sözləri Musavat.com-a açıqlamasında Ankara Universitetinin Asiya-Pasifik Araşdırmaları Mərkəzinin direktoru, professor Ali Merthan Dündar deyib. Qeyd edək ki, təlimə Özbəkistan, Qazaxıstan, Tacikistan kimi ölkələrin yüksək vəzifəli nümayəndələrinin qatılması da xüsusi əhəmiyyət kəsb edir. Professor irəliləyən zamanlarda digər türk dövlətlərinin də ortaq hərbi təlimlərdə iştirak etməsinin vacibliyindən danışdı.
“Şübhəsizdir ki, bu təlimlər davam edəcək. 2023-cü ildə Azərbaycan və Türkiyə arasında 16 hərbi təlim keçirilməsi planlanmışdı. Başa çatan bu təlim də məhz həmin planlanan təlimlərin bir nəticəsi idi. Fəqət mən ilk mərhələdə Azərbaycan, Türkiyə və Türkmənistanın ortaq hərbi təlimlərdə iştirak etməsinin tərəfdarıyam və mütəmadi olaraq eyni kökdən gələn bu üç ölkənin daha çox hərbi təlim keçirməsini ümid edirəm. Azərbaycan və Türkmənistan arasında Xəzər dənizi yer aldığı üçün əsasən də dəniz təlimi keçirilməsi daha məntiqə uyğun olacaq. Təbii ki, bundan əlavə Türk dünyası ölkələri ilə də bir çox yöndə əməkdaşlıq edirik. Bu əməkdaşlığın bir qolu da Azərbaycan və Türkiyə arasında olan hərbi təlimlərə qoşulma ola bilər. Çünki daha əvvəl Özbəkistan və Qazaxıstan birgə hərbi təlimlər keçirdib(ən son iki ölkə arasında “Xəncər-2023” adlı xüsusi əməliyyat təlimi bu ilin avqust ayında baş tutub. – müəllif). Bundan əlavə bir çox ölkənin qatıldığı və içlərində Qazaxıstan, Qırğızıstan, Özbəkistan hətta Monqolustanın da iştirak etdiyi təlimlər həyata keçirildi. Əsasən də düşünürəm ki, axtarış-xilasetmə tədbirləri konteksində Azərbaycan, Türkiyə və Türkmənistan silahlı qüvvətləri birgə hərbi təlimlər təşkil etməlidirlər. Daha sonra isə bu birgə təlimlərə Orta Asiyada yerləşən müstəqil Türk Respublikaları və Şimali Kipr Türk Respublikasının daxil edilməsinin əsas və lazımlı amil olduğu qənaətindəyəm” – deyə Ali Merthan Dündar açıqlamasında deyib.
Dürrə Həsənova,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ