Onlayn ictimai-siyasi qəzet
İyunun 28-də Azərbaycan Tibb Universiteti (ATU) tələbələrinin “Məzun günü” keçirilib. Tədbirdə tanınmış ictimai-siyasi xadimlər, səhiyyə işçiləri və digər qonaqlar iştirak ediblər.
Musavat.com xəbər verir ki, ilk olaraq Dövlət Himni səsləndirilib.
Təbrik nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev “Məzun günü”nün gələcəyin həkimlərinin yaddaşında gözəl bir tarix kimi qalacağını bildirib.
Nazir hər bir dövlətin inkişaf yolunda və uğurlarının arxasında xalqına, vətəninə bağlılığı olan tarixi şəxsiyyətlərin dayandığını vurğulayıb:
“Müstəqil dövlətimizdə hər sahədə olduğu kimi səhiyyənin və tibb təhsilinin də inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider əhalinin sağlamlığının qorunmasını, səhiyyənin tərəqqisini, maddi-texniki bazasının möhkəmləndirilməsini ölkə siyasətinin prioritet məsələlərindən biri hesab edirdi. O, həmçinin, yeni tibb müəssisələrinin açılması istiqamətində zəruri addımlar atırdı. Bu tibb təhsili ocağının məzunu olan görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyeva sonralar da öz doğma ali məktəbi ilə əlaqələrini kəsmədi. Təbabət elminə və tibb təhsilinə böyük tövhələr verən Zərifə xanımın tələbələri, onun əsərləri ilə formalaşan mütəxəssislər nəsli bu gün yeni həkim kadrları və tibb alimləri hazırlığı sahəsində əzmlə çalışırlar”.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb:
“Son illər tibb müəssisələrinin maddi texniki bazası gücləndirilir, səhiyyənin maliyyələşdirilməsində köklü islahatlar aparılır, rəqəmsallaşma, keyfiyyətli tibbi xidmət istiqamətində işlər görülür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ixtisasca həkim olan Mehriban xanım Əliyeva da səhiyyə sahəsində çalışanlara həmişə diqqət və qayğı göstərir, tibb işçilərinin əməyini və fədakarlığını daim yüksək qiymətləndirir".
Həmçinin, Tibb Universitetinin xarici ölkələrin aparıcı təhsil müəssisələri ilə beynəlxalq əlaqələrin genişləndiyini qeyd olunub. Nazirin sözlərinə görə, nüfuzlu "Times Higher Education Impact Ranking"in reytinq cədvəlində ATU Azərbaycanın dövlət universitetləri arasında lider mövqeyi tutub:
“Azərbaycanın ilk ali məktəblərindən biri olan, ənənələri ilə tarixə söykənən Tibb Universiteti onilliklər boyu səhiyyə ocaqları üçün yüksəkixtisaslı həkim kadrları yetişdirib, tibb elminin tərəqqisinə mühüm töhfələr verib. Təsadüfi deyil ki, bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri çərçivəsində “İqlim dəyişikliyinin sağlamlığa təsiri” mövzusu Universitetdə tədris olunan “İctimai sağlamlıq və səhiyyənin təşkili” fənninin proqramına daxil edilib”.
"Azərbaycanın Tibb Universitetinin hər buraxılışı səhiyyəmiz üçün əlamətdar hadisədir. Bununla da, hər il milli səhiyyə sistemi ölkəmizin sağlam gələcəyi naminə şərəfli missiyaya qoşulacaq gənc istedadlı kadrlarla zənginləşir”, - deyə Azərbaycanın səhiyyə naziri məzunları təbrik edib.
Universitetin rektoru, professor Gəray Gəraybəyli gələcəyin həkimlərinə karyeralarında uğurlar diləyərək, ATU-nun məzunu adını hər yerdə uca tutmağı arzulayıb.
Rektor qeyd edib ki, gənclərin himayədarı olan ümummilli lider Heydər Əliyev tərəfindən bilikli, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi üçün ciddi addımlar atılıb, təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri elan edilib:
“Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında hər bir sahədə - ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakına xüsusi diqqət yetirilir”.
ATU-nun Tədris departamentinin rəhbəri Kamandar Yaqubov tədbir iştirakçılarını 2023-2024-cü tədris ilinin məzunlarının sayı ilə tanış edib. Qeyd olunub ki, tədris ilində Azərbaycan Tibb Universitetinin 1189 nəfər məzunu olub. Onlardan 813 nəfəri Azərbaycan vətəndaşı, 376 nəfəri əcnəbilərdir. I Müalicə-profilaktika fakültəsindən 316 nəfər, II Müalicə-profilaktika fakültəsindən 327 nəfər, “Tibbi profilaktika” ixtisasından 44, “Fizioterapiya və tibbi reabilitasiya” ixtisasından 38, “Tibb bacısı işi” ixtisasından isə 31 nəfər məzun olub. Eyni zamanda, “Stomatologiya” ixtisası üzrə 227, “Əczaçılıq ixtisası” üzrə 117, Hərbi həkim ixtisası üzrə 40, “Hərbi feldşer” ixtisasından bu il 39 nəfər, ilk buraxılış olan “Hərbi stomatologiya” ixtisasını isə 10 məzun bitirib.
Sonra məzunlar Hippokrat andı içiblər. Onlar xalqımızın sağlamlığının keşiyində ləyaqətlə duracaqlarına söz veriblər.
Tədbirdə təhsilini fərqlənmə ilə bitirən gələcəyin həkimlərinə diplomlar təqdim olunub. Diplomları səhiyyə naziri Teymur Musayev və ATU-nun rektoru Gəray Gəraybəyli təqdim ediblər. Həmçinin, ATU-nun İctimai səhiyyə fakültəsinin yeni yaranan “Fizioterapiya və tibbi reabilitasiya”, eləcə də “Tibb bacısı işi” ixtisası üzrə ilk buraxılışa aid 69 məzuna medallar təqdim olunub.
Tədbirdə 2024-cü il məzunları ilə yanaşı, 50 il bundan öncə Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirən məzunlar da iştirak ediblər. Onlardan biri, Universitetin Onkologiya kafedrasının dosenti Nəsimi Qasımov çıxışında bu ilin məzunlarına həyatlarında, həkimlik fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra ATU-nun professor-müəllim heyəti və valideynlər məzunları təbrik edərək, onlara gələcək peşə fəaliyyətlərində həkim adının müqəddəsliyini doğruldacaqlarına inandıqlarını söyləyiblər. Tədbir tanınan sənət adamlarının çıxışı ilə davam edib. ATU-nun tələbələri də sənətçilərlə eyni səhnəni bölüşüblər. Universitetin hərbi fakültəsinin tələbələri vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ