Onlayn ictimai-siyasi qəzet
“Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) lideri Ersin Tatar Bakıda jurnalistlərin suallarına cavab verərkən “bilirik ki, Avropa İttifaqı və bəzi ölkələr bizə görə Azərbaycana təzyiq göstərməyə çalışırlar. “Qəti şəkildə Şimali Kipr Türk Cümhuriyyətini tanımayın” deyə narahatlıq yaradırlar” cümləsini işlətdi. ŞKTC liderinin sözlərindən aydın oldu ki, söhbət yalnız Yunanıstan və Kipr Yunan Respublikasından getmir, Avropanın digər dövlətləri də rəsmi Bakını xəbərdar etməyə çalışırlar”.
Musavat.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.
Ekspert qeyd edib ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil, Brüssel və ya Paris bizim Şimali Kipr Türk Cümhuriyyətini rəsmən tanımaq qərarımıza qarışa bilməz:
“Digət tərəfdən, Azərbaycanın ŞKTC-ni tanımasına qədər başqa zəruri addımlar atılmalıdır. Ersin Tatar da jurnalistlərə verdiyi açıqlamada “tanınma məsələsi bir qədər sonra da ola bilər” deməklə rəsmi Bakını tələsdirmədiyinə işarə verib”.
Elxan Şahinoğlu daha sonra bunları bildirib:
“Birincisi, Azərbaycanla ŞKTC arasında iqtisadi və ticarət əlaqələrinin qurulmasına ehtiyac var. Ersin Tatar da ilk növbədə bu mövzuya diqqət ayırmağı lazım bilib. İkincisi, Bakı ilə Lefkoşa arasında birbaşa təyyarə reysinin açılması zəruridir. Azərbaycan vətəndaşları Şimali Kipr Türk Cümhuriyyətinə getmək istəyərkən bunu İstanbul üzərindən reallaşdırmaq məcburiyyətindədir. Birbaşa təyyarə reysləri əlaqələrin inkişafında müstəsna rol oynaya bilər. ŞKTC öz ali təhsil müəssisələri ilə məşhurdur. Birbaşa təyyarə reysləri Şimali Kipr Türk Cümhuriyyəti universitetlərində təhsil alan azərbaycanlı gənclərin işini də asanlaşdırar. ŞKTC həm də turistik məkandır. Birbaşa təyyarə reysləri iki dövlət arasında turizmə də təkan verər.
Üçüncüsü, ilkin mərhələdə Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətində nümayəndəliyinin açılmasına ehtiyac var. ŞKTC-nin Azərbaycandakı nümayəndəliyi illərdir fəaliyyət göstərir, eynisinin də paytaxt Lefkoşada fəaliyyəti mümkündür”.
Politoloq xatırladıb ki, Prezident İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşündə Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndəsinin iştirakını, öz bayrağı ilə təmsil olunmasını xüsusi vurğulayıb:
““Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaq” deyən dövlət başçısı bununla iki dövlət arasında əlaqələrin daha üst səviyyəyə qalxacağına işarə etmiş oldu. Bu açıqlamadan sonra ŞKTC prezidentinin Bakıya gəlişi bu siyasətin tərkib hissəsidir”.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ