İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan, Qazaxıstan və Özbəkistan birgə müəssisə yaradır - DETALLAR

“Azərbaycan, Qazaxıstan və Özbəkistan Mərkəzi Asiya ölkələrindən Avropaya yaşıl enerji ixracı layihəsini həyata keçirmək üçün Bakıda birgə müəssisə yaratmaq barədə razılığa gəliblər”.

Musavat.com xəbər verir ki, bunu Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin Astanada keçirilən ilk görüşündə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov deyib.

O bildirib ki, Mərkəzi Asiyadan Azərbaycana və daha sonra Avropaya yaşıl enerji ixracı məqsədi ilə Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi layihəsinin icrası çərçivəsində yaxşı dinamika və irəliləyiş var:

“Tərəflər arasında layihənin həyata keçirilməsi üçün ilkin texniki-iqtisadi əsaslandırma razılaşdırılıb”.

Nazir müavininin sözlərinə görə, tərəflər yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş layihəsinin mətnini də razılaşdırıblar.

O, sənədin yüksək səviyyədə tezliklə imzalanmasının layihənin uğurla həyata keçirilməsinə töhfə verəcəyinə inanır:

“Azərbaycandan keçən bu və digər ixrac dəhlizləri yaşıl enerjinin Mərkəzi Asiya ölkələrindən Avropaya ötürülməsi üçün geniş perspektivlər açır”.

Zeynalov bildirib ki, BMT-nin noyabr ayında Bakıda keçiriləcək COP29 iqlim konfransı çərçivəsində yaşıl enerjiyə keçidin inkişafı üçün yüksək səviyyəli silsilə tədbirlər nəzərdə tutulub. O cümlədən, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə birgə dövlət başçıları səviyyəsində Mərkəzi Asiya-Azərbaycan Enerji İnvestisiya Forumunun keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, mayın 1-də Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika nazirləri üç ölkənin enerji sistemlərinin inteqrasiyasına dair əməkdaşlıq memorandumu imzalayıblar.

Memorandumda nəzərdə tutulur ki, iştirakçılar Xəzər dənizinin dibi boyunca və digər ölkələrin ərazisində yüksək gərginlikli kabel çəkərək, texniki-iqtisadi baxımdan ən optimalını həyata keçirməklə enerji sistemlərinin birləşdirilməsi imkanlarını araşdırmaq niyyətindədirlər. Sənəd həmçinin Avropa İttifaqı ölkələrinə yaşıl enerji satmağı hədəfləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR