Onlayn ictimai-siyasi qəzet
“ABŞ-ın 46-cı prezidenti Cozef Baydenin Novruz bayramı münasibətilə Azərbaycana təbrik ünvanlaması göstərir ki, ikitərəfli münasibətlər yaxşı səviyyədədir və əlaqələri daha da inkişaf etdirmək üçün potensial mövcuddur”.
Bunu Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloq onu da vurğulayıb ki, təbrik məktubları ənənəvi olaraq göndərilir:
“Hər zaman təbrikdə təhlükəsizlik, enerji təhlükəsizliyi sahəsində Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın olması vurğulanır. Azərbaycan həm də Qərblə, xüsusilə ABŞ ilə münasibətləri qoruyub saxlamaq, eyni zamanda inkişaf perspektivlərini formalaşdırmaq üçün təşəbbüslər irəli sürür. Baxmayaraq ki, Azərbaycanın Avropa İttifaqı, ABŞ ilə münasibətlərini pozmaq üçün Ermənistana himayədarlıq edən qüvvələr, xüsusilə erməni lobbisi əlindən gələni edir, çox çalışır ki, Azərbaycanın bu gün Qərb ilə formalaşan dayanıqlı münasibətlərinə zərbə vursun. Digər tərəfdən, Fransa çox çalışır ki, xüsusilə Avropanın bir sıra dövlətləri ilə - Benilüks ölkələri ilə və Fransanın təsirində olan dövlətlərlə Azərbaycanın münasibətləri pozulsun. Bu, özünü müxtəlif qurumlar səviyyəsində də göstərir. Avropa Parlamenti, AŞPA və onların qəbul etdikləri qərəzli qətnamələr ikili standartlar siyasətinin bariz nümunəsidir. Biz anlayırıq ki, bunun arxasında Fransa dayanır. Beşinci respublika tərəfindən təzyiq alətləri, təhdid ritorikası və digər bu cür çirkin addımlar atılmaqdadır.
Lakin bütün bunlara baxmayaraq, ABŞ ilə Azərbaycan arasında münasibətlərin bugünkü göstəricisi təqdir olunmalıdır”.
Politoloq hesab edir ki, ABŞ Cənubi Qafqazda Azərbaycanın yerini və rolunu düzgün qiymətləndirir, praqmatik strateji baxış ortaya qoyur:
“Bu da ABŞ-ın region üzərində strateji prioritetlərinin düzgün hesablanmasının və analizinin bir göstəricisidir.
Azərbaycan bölgədə kilid nöqtədir. Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxmaq və geostrateji planları həyata keçirmək mümkündür. Bu isə yalnız əlverişli əməkdaşlıq, maraqların uzlaşdırılması, sülh, təhlükəsizlik və sabitlik əsasında qurula bilər. Əks təqdirdə əlbəttə ki, heç bir əməkdaşlıqdan söhbət gedə bilməz.
Azərbaycan dünyada təhlükəsizliyin və sağlamlığın qorunmasını, onun təşviq olunmasını təmin edən dövlətdir. Bu ilin payızında ölkəmizdə BMT mandatı altında COP29 tədbiri keçiriləcək.
Bu, iqlim dəyişiklikləri, qlobal istiləşmə, ekoloji problemlərin həll olunması istiqamətində ən mötəbər tədbirdir. Bu tədbirdə dünyanın tanınmış ekoloqları, beynəlxalq ekologiya üzrə QHT-lər, dövlət və hökumət başçıları, vətəndaş cəmiyyətinin fəalları iştirak edəcəklər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan qlobal təşəbbüslər irəli sürən bir dövlətdir. Bu tədbirin ölkəmizdə keçirilməsi heç də təsadüfi deyil.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və cənab Prezidentin himayəsi altında keçirilən XI Qlobal Bakı Forumunda da COP29-a və ekologiyaya həsr olunan panel iclasında biz məhz Azərbaycanın qlobal təşəbbüslər irəli sürməsinin dəstəklənməsinin şahidi olduq. BMT Baş Assambleyası sessiyasının rəhbəri belə Azərbaycana COP29 istiqamətində dəstəyini ifadə etdi”.
İlyas Hüseynov xatırladıb ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin ABŞ-ın dövlət katibi də daxil olmaqla yüksəkvəzifəli şəxsləri ilə görüşündə də Amerika tərəfindən Azərbaycana COP29 müstəvisində hərtərəfli və lazımi dəstəyin verilməsinə dair fikirlər bildirilib:
“Bütün bunlar həm də məhz COP29 və ondan sonrakı periodda ABŞ ilə Azərbaycan arasında münasibətlərin daha möhkəm və dayanıqlı olacağını proqnozlaşdırır”.
Aytən Novruz
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ