İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan öz sözünün imzası qədər möhkəm olduğunu təsdiq edib” - Deputat

“Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi siyasət son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Azərbaycanın son 20 ildə keçdiyi inkişaf yolunu dünyada çox az ölkə keçə bilib. Belə ki, 20 il əvvəl təməli qoyulan iqtisadiyyatda güclü inkişaf baş verib”.

Musavat.com xəbər verir ki, bu fikirləri millət vəkili Azər Badamov deyib.

O qeyd edib ki, neft strategiyasının uğurla davam etdirilməsi, 29 il əvvəl imzalanmış “Əsrin müqaviləsi”nin davam etdirilməsi sayəsində bu gün istehsal olunan mənfəət neftinin 75%-i Azərbaycana gəlir:

“Bu illər ərzində neft sektoru ilə yanaşı, ölkəmizin qeyri-neft sektoru da inkişaf etdirilərək, ümumilikdə çox yüksək göstəricilərə nail olmağımıza yol açıb. Belə ki, son 20 ildə ölkəmizin iqtisadiyyatı 3 dəfə artıb. Azərbaycanın valyuta ehtiyatları 65 milyard dollara çatıb, xarici dövlət borcumuz 6 milyard dollara enməklə valyuta ehtiyatlarımızdan 10 dəfə azalıb. Bu da istənilən zaman xarici dövlət borcumuzu sıfırlamağa imkan verir. 20 il əvvəl Azərbaycan müəyyən layihələrin icra edilməsində xarici borclamaya gedirdisə, bu gün ölkəmizin özü başqa ölkələrə investisiyalar yatırır və öz gücü hesabına meqa layihələr icra edir. Bu gün dünyanın inkişaf etmiş və özünü böyük güc kimi təqdim edən ölkələri özləri borclamaya gedir və bu ölkələrin xarici dövlət borcu günü-gündən artmaqdadır. Bu gün çox az ölkə var ki, valyuta ehtiyatları xarici dövlət borcunu üstələsin. Azərbaycanın iqtisadiyyatı uğurlu göstəricilərinə görə bir sıra ölkədən ön sırada dayanır. İqtisadi cəhətdən heç kimdən asılı olmamağımız siyasi cəhətdən də sözümüzün gücünü artırır və müstəqil siyasətimizi davam etdirərək inamla irəli getməyimizə imkan verir. Əgər iqtisadi cəhətdən gücümüz olmasa idi, ordumuzu müasirləşdirə və torpaqlarımızı işğaldan azad edə bilməzdik. Hər hansı mənbədən iqtisadi cəhətdən asılı olsaydıq, o dairələrin təsiri altında olardıq və müstəqil şəkildə öz işimizi icra edə bilməzdik”.

Millət vəkili bildirib ki, son 20 ildə iqtisadiyyatımızın güclü olması sosial siyasətə də öz müsbət təsirini göstərib:

“Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımların əhatə dairəsi günü-gündən genişlənir. Son 20 ildə əmək haqları, pensiyalar və müavinətlər dəfələrlə artırılıb. Pandemiya dövründə əhalinin sosial vəziyyətinin pisləşməsinin qarşısını almaq məqsədilə sosial paketlər icra olundu. Son 20 ildə keçmiş məcburi köçkünlər və qaçqınlar üçün 300 midən çox mənzil tikilib, sosial vəziyyətləri yaxşılaşdırılıb. Müharibənin başa çatdığı 2,5 il ərzində heç bir xarici dəstək olmadan Azərbaycan ermənilərin 30 ildə minaladığı əraziləri təmizləyir və 10 min kvadrat km ərazidə geniş yenidənqurma və bərpa işləri aparır. Ermənilərin dağıdaraq viran qoyduğu yaşayış məntəqələrimiz yenidən tikilərək müasirləşir və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılma prosesinə başlanıb.

Son 20 ildə Azərbaycan iqtisadiyyatı müasir texnologiyalar üzərinə transformasiya olunmaqdadır. Belə ki, ölkəmizdə elektron hökumət yaradılıb, dövlət xidmətləri ASAN xidmət və DOST mərkəzləri vasitəsilə bir mərkəzdən vətəndaşlara təqdim etməklə maksimum şəffaflıq təmin olunub. Azərbaycan son 20 ildə iqtisadi sahədə əldə etdiyi nailiyyətlər sayəsində dünya kosmos klubunun üzvünə çevrilib. Belə ki, orbitdə fəaliyyətini davam etdirən kosmik peyklərimiz həm özümüzə, həm də dünya ölkələrinə peyk xidmətləri göstərir. Keçmiş sovetlər ittifaqı məkanında yaşamış ölkələrin arasında Azərbaycan kosmosa öz peykini çıxaran yeganə ölkədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti gələcək illərdə də ölkəmizi inkişaf etdirəcək və gücləndirəcək. Təbii ki, iqtisadi cəhətdən güclü və müstəqil ölkələrin dünya siyasətində sözü daha güclü olur. Bu gün Azərbaycan dünyada öz sözünün imzası qədər möhkəm olduğunu təsdiq edib”.

Qeyd edək ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib ki, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. Ölkə başçısı bildirib ki, iqtisadiyyatımız 3 dəfədən çox artıb, valyuta ehtiyatlarımız 65 milyard dollara çatıb, valyuta ehtiyatlarımız xarici borcu təxminən 10 dəfə üstələyib. Azərbaycan heç kimdən asılı deyil.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR