İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan nümayəndə heyətinin indiki şəraitdə AŞPA ilə münasibətləri dayandırması tarixi qərardır - Hulusi Kılıçın yazısı

Məlumdur ki, Azərbaycan Respublikası Avropa Şurası Parlament Assambleyasının 28 iyun 2000-ci ildə dəvəti əsasında və qurumun Nazirlər Komitəsinin təsdiqindən sonra 2001-ci il yanvar ayının 25-də təşkilata rəsmən üzv qəbul olunub.

Çox yaxşı xatırlayıram, o zaman bu hadisə ilə əlaqədar Strasburqda Avropa Şurasının iqamətgahında rəsmi mərasim keçirilmiş, Ulu Öndər Heydər Əliyev də o mərasimdə çıxış etmişdi. Əlbəttə, o dövrdə demokratik inkişaf yolunu tutmuş Azərbaycan Respublikası bu təşkilatla əməkdaşlığa, müasir, demokratik, pluralist dövlət və cəmiyyət quruculuğu nöqteyi-nəzərindən bir imkan və nümunə götürüləsi qurum kimi yanaşırdı. Düşünürdü ki, insan hüquq və azadlıqlarını özünün bir nömrəli prinsipi elan etmiş Avropa Şurası dini, milli, etnik ayrıseçkilik qoymadan Azərbaycanın problemlərinə, xüsusi ilə də 1 milyondan artıq olan qaçqınlarının hüquq və azadlıqlarının müdafiəsinə töhfə verə bilər. Ermənistana işğalçılığına son qoyması üçün təsir göstərər. Həqiqətən də Avropa Şurasından gözləntilərimiz böyük idi.

Yaxşı yadımdadır, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə o vaxt Milli Məclisin deputatı olan hazırkı prezidenti cənab İlham Əliyev rəhbərlik edirdi. O illərdə onun liderliyi altında Azərbaycan nümayəndə heyəti təşkilatda böyük işlər görürdü.

3.2---Sammit_sayt.jpg (1.75 MB)

Xüsusi ilə Ermənistanın işğalçılıq siyasətinin ifşasında, Assambleyada bu faktın təsdiq olunmasına dair qətnamələr qəbul edilməsində ciddi uğurlar qazanılmışdı. İlk illərdə Avropa Şurası ilə münasibətlərdə müəyyən müsbət elementlər müşahidə olunurdu. Lakin, illər ötdükcə bu təşkilat sözün əsl mənasında intriqa, ksenofob, islamafob və türkofob təzahürlərin tüğyan etdiyi, çirkin oyunlar oynayan lobbiçilərin açıq təsirlərinin mövcud olduğu quruma çevrildi. Təəssüf ki, Avropa İnsan Hüquqları Məhkəməsi də bu cür təsirlərə məruz qaldı. Onun qərarları necə deyərlər mübahisə olunan qərarlar halına gəldi. Bu necə oldu? Bax, bu suala Avropa Şurası rəhbərliyi özü cavab tapmalıdır.

Bilirsiniz ki, Türkiyə bu təşkilatın qurulmasında və inkişafında böyük əmək sərf edib. Hətta, buna rəğmən Avropa Şurası Türkiyəyə qarşı da zaman-zaman böyük ədalətsizliklərə yol verib. Türkiyəni bölmək istəyən terrorçuların nümayəndələri təşkiların ən ali təmsilçiləri ilə rahat görüşüb, müzakirələr aparıb və Avropa Şurası yanında Türkiyəni davamlı və əsassız şəkildə ittiham edən de-fakto özəl status qazanıblar.

Təbii ki, burada Fransa, Almaniya kimi türkofobiyanın ciddi fəsadlarının olduğu ölkələrin açıq təsirləri var. Azərbaycana da məhz bu kriteriyalar üzərindən təsir etməyə çalışılır. Baxın, bu adamlar insan haqlarından ağız dolusu danışa-danışa 1 milyon Azərbaycanlının pozulmuş hüquqlarının bərpası üçün Ermənistana indiyə kimi heç bir ciddi təsir etməyiblər. Avropa Şurasının İnsan Hüquqları üzrə məruzəçisi Dunya Myatoviçin hazırladığı hesabatda Qərbi Azərbaycanlıların hüquqlarından danışmamasının özü bir rəzalətdir.

1663173326_Dunya-Myatovic-Elcin.jpg (48 KB)

Mən AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin təşkilatla əməkdaşlığı dayandırmaq barədə verdiyi qərarı alqışlayıram və tarixi cəsarət nümunəsi sayıram. Hesab edirəm ki, Türkiyə nümayəndə heyəti də qardaş Azərbaycanı müdafiə edən daha radikal və bənzər addımlar atmalıdır. Mən AŞPA-dakı nümayəndə heyətimizə bu çağırışı edirəm ki, bu günlərdə azərbaycanlı qardaşlarımıza dəstəklərini daha da artırsınlar. Zatən, nümayəndə heyətlərimiz birlikdə çalışırlar.

Bu məsələdə də daha sərt mövqe qoymağımız, bununla da AŞ rəhbərliyinə və üzvlərinə Türkiyənin Azərbaycana açıq dəstəyini göstərməyimiz çox vacibdir, deyə düşünürəm. Avropa Şurası unutmasın ki, bizim Türk dünyası inteqrasiya istiqamətində ciddi addımlar atır. Həm də əsla yaddan çıxarmasınlar ki, Azərbaycan nümayəndə heyətinin səs hüququna belə kobud və haqsız müdaxilə cəhdi separatçılıqla mübarizə aparan ölkələrin əzminə çox mənfi təsir göstərəcək. Mən bunu bir təcrübəli diplomat olaraq deyirəm. Siz, Rusiya ilə münasibətlərinizi elə vəziyyətdə kəsdiniz ki, Rusiyadan daha çox bu addımlarınız sizin ziyanınıza oldu. Mən bu məsələnin dərinliklərini də bilirəm və nə üçün belə səviyyədə mübarizə yolunu tutduğunuzu yaxşı başa düşürəm!

Mənim Avropa Şurasına tövsiyəm odur ki, Azərbaycanı bu yolla heç vaxt təzyiq altında saxlaya bilməzsiniz. Həm də nə haqla bunu edirsiniz?

bd63bd441efcce3dc6bf3dd584c00546.jpg (177 KB)

Azərbaycan separatçılığın kökünü kəsmiş bir ölkə olaraq tam haqlıdır. Beynəlxalq hüquq və qanunlar tamamilə Azərbaycanın tərəfindədir. Nə qədər dərinə getsəniz, bir o qədər də siz zərər görəcəksiniz. Yəni, siz heç vaxt izah edə bilməzsiniz ki, öz ərazisində separatçlığın kökünü kəsmiş bir ölkəni niyə belə biabırçı üsul və metodlarla sıxışdırmağa çalışırsınız. Həqiqətləri görün. Regionun ən qüdrətli ölkəsi, qitənin və dünyanın açar dövləti məhz Azərbaycan Respublikasıdır! Siz onunla ancaq konstruktiv əməkdaşlıq edərək nə isə qazana bilərsiniz, haqsız və ədalətsiz hücumlarla qazandığınız ancaq bir heç ola bilər. Necə ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyəti bu günkü sərt mövqeyi ilə sizə öz yerinizi göstərdi. İndi Azərbaycan xalqı haqlı olaraq düşünür ki, madam ki, orada bizi azərbaycanlı, türk və müsəlman olmağımız səbəbindən sevmirlər, bizim bu təşkilatda bundan sonra qalmağımızın da heç bir mənası və faydası yoxdur.

633075d2f93d4ab68d7b5b52a0722533.jpg (49 KB)

Hulusi Kılıç,
Türkiyənin Azərbaycandakı sabiq səfiri,
“İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR