Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin çağırışına hökumət qoşularsa, Paris dərsini almış olacaq; analitik: “Fransa sülhün əleyhinədir, çünki İrəvan Bakı və Ankara ilə barışacaq”
Makron Fransası Azərbaycana qarşı daha bir pisliyə imza atdı. Erməni lobbisinin əlində oyuncağa çevrilən ölkə Senatı növbəti dəfə başdan-ayağa qərəzli, beynəlxalq hüququ ayaqaltı edən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsd xarakterli, həqarət dolu qətnamə qəbul etdi.
Əslində buna kağız parçası da demək olar. Ona görə ki, sənədin hüquqi qüvvəsi yoxdur və Fransa hökuməti üçün yalnız tövsiyə xarakteri daşıyır, o ki ola başqa Avropa ölkələri üçün. Şübhə yox ki, bu qəbil qərarlarla Paris hər şeydən öncə ölkəmiz haqda dünyada, xüsusən də Qərb dünyasında neqativ rəy yaratmaq niyyəti güdür. İkinci yandan, bu, sözsüz ki, Bakının son illər Fransanın vəhşi müstəmləkəçi keçmişini, soyqırımlarla dolu tarixini və indisini uğurla faş eləməsinə bir cavabdır. Nə barədə ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin cavab bəyanatında ətraflı danışılır.
Bəyanatda həmçinin Azərbaycan hökumətinə Kanak, Maohi Nui və Korsikanın müstəqilliyini tanımaq təklifi yer alıb. Belə ki, Komitə Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə, Xarici İşlər Nazirliyinə Kanak, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atmağı tapşırması ilə bağlı çağırış edib. Hökumət, XİN bu addımları atacaqmı? Məsələ ondadır ki, mifik “artsax”ın “müstəqilliyini” 2 il qabaq məhz Fransa parlamenti tanıyıb, lakin hökumət, konkret olaraq, prezident Makron ona imza atmayıb. O səbəbdən heç bir hüquqi qüvvəsi yoxdur. O zaman tutaq ki, Korsikanın tanınması niyə də əvvəlcə Milli Məclis səviyyəsində gündəliyə gətirilməsin?! Fransa Senatı oxşar qətnaməni 15 noyabr 2022-ci il tarixində də qəbul etmişdi. İl yarım bundan əvvəlki qətnamə belə adlanırdı: “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi”.
Elxan Şahinoğlu
Analitik Elxan Şahinoğluya görə, Fransa Senatı Azərbaycan əleyhinə 15 noyabr qətnaməsi ilə kifayətlənməyərək 17 yanvarda yeni qətnamə qəbul edibsə, bu Parisin ölkəmiz əleyhinə siyasətinin davamı deməkdir: “Fransa Ermənistanla Azərbaycan arasında sülh əldə olunmasını istəmir. Çünki bu halda Ermənistanın Azərbaycanla yanaşı Türkiyə ilə də münasibətləri normallaşacaq. Bu isə Fransadakı siyasi mərkəzlərin maraqlarına cavab vermir. Belə olan halda Azərbaycan da Fransaya adekvat cavab vermək məcburiyyətindədir. Azərbaycan Parlamentinin Fransa ilə bağlı sənəd qəbul etməsi ilə yanaşı bu ölkə ilə siyasi və iqtisadi əlaqələrə yenidən baxılması üzərində düşünməliyik. Misal üçün Fransanın ”Total" neft şirkətinin Azərbaycanın “Abşeron” qaz yatağındakı payından gəlir əldə etməsi və bu gəllirin bir hissəsinin bizə qarşı siyasət yürüdən Fransa büdcəsinə daxil olması nə dərəcədə indiki vəziyyətə uyğundur? Bu sualın müzakirəsi Bakının Parisə ciddi mesajlarından biri olar".
Yeganə Hacıyeva
Siyasi ekspert Yeganə Hacıyeva hesab edir ki, Fransanın ermənipərəst ölkə olmasının bir neçə vacib əsası var: “Burada çoxsaylı etnik erməni vətəndaşı, onların geniş lobbi qrupları, diaspora təsisatları mövcuddur. Bu təsisatlar Fransanın bəzi bölgələrində seçki nəticələrinə həlledici təsir göstərən, ölkə mediasında fikrin formalaşdırılmasında iştirak edən qanunverici orqanlardakı etnik ermənilərdən ibarət siyasi qruplardır. Onlar, həmçinin hüquq-mühafizə orqanlarında etnik ermənilərdən ibarət şəbəkə kimi fəaliyyət göstərən siyasi fiqurlardır. Bir sözlə, Fransanın daxili siyasətinə təsir gücünə malik bələdiyyə strukturlarında kifayət qədər geniş erməni şəbəkələri mövcuddur. Senatın qətnaməsi ilə bağlı diqqəti çəkən məqam isə ”demokratik" Fransa parlamentinin SSRİ-də kommunistlərin syezdlər kimi yekdilliklə (336 lehinə, 1 əleyhinə səslə) qərar qəbul etməsidir. Heç totalitar rejimli ölkələrdə belə qərarlar bu cür yekdilliklə qəbul olunmur. Fransa iddia olunduğu qədər demokratik dövlətdirsə, Senatda niyə 2-3 nəfər də olsun fərqli fikirli şəxs yoxdur?"
Ramiyə Məmmədova
Təhlilçi Ramiyə Məmmədova Milli Məclisin çağırışını adekvat sayır. Onun fikrincə, rəsmi Bakı belə bir qərar qəbul etməyəcək, lakin Makron Fransasına mesajlar verilir: “Onların da bu problemləri olduğu göstərilir. Korsika məsələsini gərək unutmasınlar. Fransanın digər bölgələrindən fərqlənən, coğrafi baxımdan İtaliyaya daha yaxın olan Korsika adası bu günə qədər qaynar ictimai-siyasi proseslərə ev sahibliyi edib, mərkəzi hakimiyyətin siyasi hədəfinə çevrilib. Bu gün Fransanın 18 bölgəsindən biri sayılan, 350 min əhalisi olan ada məhdud muxtariyyəti təmin edən xüsusi regional status ilə idarə olunur. Fransa hamıdan yaxşı bilməlidir ki, separatizm problemi nə deməkdir. Amma onlar son dövrlərdə bütün əndazəni aşdılar. Bakıya qarşı qətnamələr düşmənçilikdir və Ermənistan parlamenti heç bu cür bəyanatlarla çıxış etməyib. Bizim üçün əski parçası olan həmin qətnamələrin əhəmiyyəti yoxdur. Azərbaycan beynəlxalq hüquqa söykənərək antiterror əməliyyatı keçirib. İndi Senatın ”Qarabağa hücum" adlandırdığı həmin addımlar dinc erməni sakinlərə zərər vurmadan həyata keçirilib və əhalinin təhlükəsizliyi təmin olunub. Fransa bunu gözəl bilir, sadəcə, beynəlxalq ictimai rəyi əleyhimizə çevirmək üçün kampaniya aparır".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ