İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan gəncliyi milli idealları əsas götürməlidir”

“Fələstin-İsrail məsələsində və digər məsələlərdə gənclərin münasibətini müəyyənləşdirən amil onların ideoloji mövqelərindən asılıdır. Yəni hansı ideoloji mövqedən baxırlar, cəmiyyət öz gənclərini hansı ideoloji aspektlərdən tərbiyə edir”.

Bu fikirləri Musavat.com-a AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov deyib.

Siyasi şərhçi hesab edir ki, Azərbaycan gənci istənilən məsələyə milli mövqedən baxırsa, o, yalnız öz qanından, canından, dinindən olan qardaşlarına qarşı minnətdarlıq hissi duymalıdır:

“Dövlətlərin və xalqların tərəfdaşları maraqların dəyişməsi ilə dəyişə bilər. Ancaq qan, can, din və mədəniyyət birliyi olanlara duyğusal münasibətlər ola bilər. Mən müşahidə edirəm və təəssüflə izləyirəm ki, son günlər məsələlərə birmənalı baxılır. Xüsusi ilə fələstinlilərin Osmanlıya xəyanət etməsi iddiaları dilə gətirilir. O zaman sual yarana bilər ki, Herselin başında dayandığı Aliya-Siona dönüş hərəkatı kimə qarşı idi və kimin torpaqlarında dövlət qurmaq istəyirdi? II Əbdülhəmid kimi öz hüzurundan uzaqlaşdırmışdı və nəyə yol verməmişdi?

ALBERT.jpg (51 KB)

Azərbaycan üçün Albert Aqarunov döyüşübsə, eyni zamanda İkinci Qarabağ savaşının da Muhamməd Eissavi adlı Fələstin əsilli bir şəhidi var. Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli sərəncamına əsasən, Muhamməd Eissavi ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib”.

MUHAMMED.jpg (151 KB)

Azər Hüseynovun fikrincə, gənclərin mövqeyi hisslərlə deyil, ideoloji məqamlarla tərbiyələndirilməlidir:

“Bunun da mərkəzində Azərbaycanın milli maraqları dayanmalıdır. Azərbaycanın milli maraqları dedikdə isə dininə, dilinə, Vətəninə, xalqına bağlılıq nəzərdə tutulur. Biz gənclərə məlumatlara çıxışı təmin edək, onları da milli maraqlar üzərində tərbiyə edək ki, onlar özləri seçim etsinlər. Unutmayaq, bəzi həssaslıqlar var ki, onlar bizim tariximizlə bağlıdır. Əgər İsrail İkinci Qarabağ müharibəsində Azərbaycanın silah aldığı tərəfdaşlarından biri idisə, ərəb dünyası da Birinci Qarabağ müharibəsi nəticəsində Qarabağdan yurdlarından qovulmuş insanlara çadır düşərgələri quran və humanitar yardımda ən öndə olan ölkələrdən idi. Qüds və Fələstin məsələsi isə bütün ərəb dünyasının və həm də müsəlmanların həssaslığıdır. Əgər bu gün Qəzzadan edilən hücumda dünyasını dəyişənlər insanları narahat edirsə, eyni zamanda Qəzzanın bombalanması zamanı dağıntılar arasında qalan körpələr də onları narahat etməlidir. Azərbaycan illərlə BMT qətnamələrinin icrasını gözlədi. Eyni zamanda, fələstinlilər də 50 ildir bunu gözləyir. Azərbaycanlıların qovulduğu evlərində Ermənistan məskunlaşma aparırdısa, fələstinlilər də evlərində başqalarının məskunlaşdığını illərlə görürdülər. Təbii ki, bu, heç bir halda dinc insanlara qarşı heç kimin zorakılığına əsas vermir. Amma biz obyektiv baxa bilməliyik.

Unutmayaq ki, Azərbaycan Respublikasının qurucu lideri Heydər Əliyev 1997-ci ildə Yasir Ərəfatla görüşdə bəyan edib ki, Azərbaycan xalqı Fələstin xalqının yanında olub və olacaq. Hər halda onun fikirləri Azərbaycan dövlətinin müvafiq qurumlarında siyasi kursu müəyyən edənlər üçün müəyyənedici olmalıdır. Eyni zamanda, Prezident İlham Əliyevin Qüds konfransındakı çıxışını da unutmayaq, o bildirib ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıması doğru deyil.

Eyni zamanda, unutmamalıyıq ki, bizim bir nömrəli qardaşımız Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan heç kimə demədiyini yalnız Prezident İlham Əliyevə deyib - “qardaşım, Fələstin həssaslığı var”.

İsrailə gəldikdə, bütün dövlətlər kimi, bu dövlətlə də öz milli maraqlarımız naminə qarşılıqlı əməkdaşlığımız olub. Azərbaycan dünyada yəhudilərin güvənlikdə yaşadığı və heç vaxt diskriminasiya görmədiyi yeganə ölkədir. İki dövlət arasında güclü əməkdaşlıq var. Bu da normaldır, çünki dövlətlər milli maraqlarının və ərazi bütövlüklərinin təminatını reallaşdırmaq üçün bir-biri ilə əməkdaşlıq edirlər və edəcəklər də. Azərbaycan gənci ona görə meyar olaraq milli idealları əsas götürməlidir.

Nədir bu ideallar? Biz Türk dünyasının, Turanın bir hissəsiyik. Biz İslam dünyasının bir hissəsiyik. Məhz İslam Əməkdaşı Təşkilatı Heydər Əliyevin zamanından artıq Ermənistanı işğalçı olaraq açıq tanıyan yeganə beynəlxalq təşkilat olub. Bunlar bizim milli tariximizdir. Biz həm də Qafqazın lideriyik.

Ümid edirəm ki, Azərbaycan gənci də bu meyarlardan çıxış edəcək. Azərbaycan gəncinin milli ideyaya ehtiyacı var ki, onu hedonizm, ifrat liberalizm və digər “izmlər” yeməsin”.

Nigar HƏSƏNLİ
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR