Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Prezident İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib. Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən Xuan Laporta Azərbaycana ilk dəfə COP29 zamanı səfər etdiyini xatırlayaraq, Bakıdakı inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib, burada əməkdaşlıq üçün böyük potensial gördüyünü və məhz buna görə də qısa müddət ərzində ölkəmizə ikinci dəfə gəldiyini vurğulayıb.
Söhbət zamanı Azərbaycanda idman sahəsinə, o cümlədən futbolun inkişafına göstərilən dövlət qayğısına toxunulub, ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının, həmçinin dünyasəviyyəli futbol oyunlarının ən yüksək standartlara uyğun təşkil edildiyi qeyd olunub.
Görüşdə Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ölkəmizdə uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Xuan Laporta Azərbaycan Prezidentinə xatirə hədiyyəsi təqdim edib.
Bəs niyə məhz “Barselona” futbol akademiyası? Akademiyanın fəaliyyəti nədən ibarət olacaq? Milli və uşaq futbolumuzun inkişafı baxımından əhəmiyyəti nədir?
Onu da bildirək ki, “Barselona” prezidentinin Bakı səfəri bir faktın üstünü açmaqla yanaşı, Azərbaycanın bu istiqamətdə qazandığı uğur üzərinə diqqət çəkib.
“Düşünürəm ki, bəzi məsələlərin üstünü açmağın vaxtıdır. Hamınız bilirsiniz ki, "Barselona" qonşu ölkədə (Azərbaycanı nəzərdə tutur - red.) futbol akademiyası açacaq, amma bu, sikkənin o biri üzüdür".
Bunu erməni marketoloq Alfred Petrosyan Facebook hesabında yazıb (Globalinfo.az).
O bildirib ki, sözügedən akademiya Ermənistanda açılmalı idi, lakin plan baş tutmadı: “Sikkənin digər tərəfində belə bir hekayə var: "Barselona" akademiyası Ermənistanda açılacaqdı. Mən bütün bu prosesi idarə etdim, hətta ilkin müqavilə də imzaladıq. Müqaviləmizdə xüsusi bir bənd var idi: buna görə yaxın 40 ildə qonşu ölkələrimizdən heç birində “Barselona” akademiyası açılmamalı idi. Layihənin səfiri kimi Ronaldinyonu seçmişdik. Təkcə müqavilənin imzalanması üçün tarix təyin etmək qalırdı, amma gördüyünüz kimi, o gün heç vaxt gəlmədi".
Fazil Mustafa
Futbolla yaxından maraqlanan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa hər zaman olduğu kimi, bir daha ölkə futbolunda olan problemləri qabartdı: “Ölkə prezidentinin "Barselona" prezidenti ilə görüşü olduqca önəmlidir. Çünki adətən bizim futbolçuların, infrastrukturun yetişməsi, formalaşması baxımından “Barselona”nın müəyyən dəstəyi ola bilər. Orada futbolçuların hazırlıq keçməsi, azyaşlı futbolçuların yetişməsi istiqamətində mühüm töhfələri ola bilər. Gürcüstan da daxil, qonşu ölkələr bu istiqamətdə böyük işlər görür. Azərbaycanın da bu imkanlardan istifadə etməsi olduqca yerində olar. Sadəcə, Azərbaycan futbolunun idarəetməsində olan lənglik müəyyən dərəcədə öz təsirini göstərir. Alınan qərarlar olduqca gecikmiş qərarlar olur. Hətta limitsiz yabançıların oynaması məsələsinin özü də çox ciddi məsələdir.
Yerli futbolçuların əslində müəyyən dərəcədə sıradan çıxması kimi problemləri özü ilə bərabər yarada bilər. Ona görə də bizim əsas məqsədimiz yerli futbolçuların yetişəcəyi mühiti formalaşdırmaqdır. Çox təəssüflər olsun ki, burada da ciddi şəkildə meydança amili durur. Vaxtilə bu istiqamətdə fürsətlər boşa çıxarılıb. Həm də idarəetmənin çevik olmaması, məqsədyönlü qərarların qəbul olunmaması sonradan çoxsaylı problemlərin ortada qalmasına gətirib çıxarır. Biz hər halda bu istiqamətdə düşünməliyik.
Təbii ki, hansısa ölkənin prezidenti idmana bu qədər dəstək versəydi, tamamilə başqa bir reallıq ortada olardı. Həqiqətən də çox böyük dəstək verilir. Təsəvvür edin ki, heç bir ölkədə olimpiya çempionlarını, yarışda iştirak edənləri bu qədər yüksək səviyyədə mükafatlandırmır, dəyərləndirmirlər. Amma Azərbaycanda bu yüksək səviyyədə edilir. Hər cür stimul verilir. Amma çox təəssüf ki, bu sahədə etibar olunan insanların bu sahəni, sadəcə, hansısa bir şəkildə səhlənkarlıqla yola verməsi indiyə qədər də problemlərin gündən-günə artmasına gətirib çıxarır. Təbii meydançaların və futbol komandalarının məşq-baza infrastrukturunun hələ də lazımi səviyyədə olmaması, I və I dəstədə kifayət qədər futbol klublarının müəyyən dərəcədə öz heyətini formalaşdırmaqda çətinlik çəkməsi, maddi cəhətdən futbol komandalarının sahibkarlar tərəfindən dəstəklənməsi tendensiyasının o qədər də yüksək olmaması futbolumuzda xeyli problemləri oraya qoyub.
Əslində burada problemlər o qədər də mürəkkəb deyil, sadədir. Sadəcə, burada istək, həvəs və iradə lazımdır. Və bir də hesab edirəm ki, Azərbaycanı sevmək lazımdır. Məncə, o zaman qısa müddətdə daha böyük işlər görmək mümkündür və bu sahədə böyük dönüş yaratmaq olar. Kim nə deyirsə desin, Gürcüstan və Ermənistandan düzdür, futbol ənənələrimiz o qədər də güclü sayılmasa da, amma müstəqillik dövründə həm əhali potensialına, həm də maddi resurslarımıza görə bunu etməyə daha çox imkan qazanmışdıq. Bunu doğru istifadə etsək, məncə, bir çox şeyləri yaxşı mənada qısa müddətdə dəyişdirmək mümkün olacaqdı".
Kənan Məstəliyev
İdman yazarı Kənan Məstəliyev bildirdi ki, bu hadisə Azərbaycan futbol tarixində çox böyük əhəmiyyət daşıyacaq: “Hər hansı klubun rəhbərinin dövlət başçımız tərəfindən şəxsən qəbul edilməsi yadıma gəlmir. Prezidentin Xuan Laportayla görüşməsi miqyasına görə çox böyük görüşdür. Çünki "Barselona" dünya futbol tarixinə damğasını vurmuş, ən böyük ulduzlara öz formasını geyindirmiş, onları yetişdirən, dünyaya tanıdan klubdur. Klubun akademiyası olan əfsanəvi La Masia haqda saatlarla danışmaq olar. Məcazi mənada desək, onun küləyi belə ölkəmizin futboluna böyük təkan verər. Bu akademiyada Xavi, İniesta, Messi kimi ulduzlar yetişib və yetişməyə davam edir. Burada Yohan Kroyfun futbol fəlsəfəsi qorunur, uğurla tətbiq edilir. Belə bir klubun rəhbərinin Azərbaycana gəlişi və dövlət başçısı səviyyəsində qəbul edilməsi böyük hadisədir. “Barselona” futbol akademiyası Azərbaycanda qurularsa, futbolumuzda irəliyə doğru addım olar. La Masia sisteminin Azərbaycanda qurulması futbolçularımızın dünya səviyyəsində yetişməsində rol oynayacaq. İşlər doğru aparılarsa, bundan sonra Azərbaycan futbolunun böyük uğurlara imza atacağına inana bilərik. Akademiyanın ölkəmizdə qurulmasının idmanla yanaşı, siyasi tərəfi də qeyd olunmalıdı. Biz qalib ölkəyik, bunu döyüş meydanında sübut etmişik. İndi bu uğuru digər sahələrdə, digər meydanlarda da davam etdirməyin vaxtıdır. Futbol isə bunun üçün ideal vasitədir. Onu milyardlarla insan oynayır və izləyir. Burada uğur qazanılması həm də ölkəmizin təbliğatı istiqamətində xüsusi əhəmiyyət daşıyacaq. Akademiyanın Qafqazda məhz bizdə qurulacaq olması, Azərbaycanın regionun lideri, ən güclüsü adını bir daha təsdiqləmək şansı yaradacaq. Bununla biz qonşularımıza gücümüzü nümayiş etdirəcək, əzəmətimizi artırmaq imkanı əldə edəcəyik. Düşmənlərimizin bizim üçün uydurduqları “Azərbaycanlılar döyüşə bilmir” stereotipini necə qırmışdıqsa, “Azərbaycanılar futbol oynaya bilmir” stereotipini də qıracağıq. Bunun üçün əlimizə düşmüş bu şansdan maksimum yararlanmalıyıq".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ