İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Ərbakanın yaratdığı “İslam səkkizliyi”ndə

D-8 uğurlu olarsa, gələcəkdə bütün müsəlman dünyasını arxasınca çəkə bilər

“D-8 (”İslam səkkizliyi" - red.) təşkilatının daha da möhkəmləndirilməsi üçün nələr edəcəyimizi müzakirə edirik. Hazırda təşkilata Banqladeş sədrlik edir. Qarşımıza hədəflər qoymuşuq, 2030-cu il hədəflərimiz var. Bu hədəflərə yenidən nəzər salmağımız lazımdır".

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV 100"ə müsahibəsində deyib. ”Bu təşkilatı genişləndirmək lazımdır. Azərbaycan quruma üzv olmaq üçün müraciət edib. Məsələn, təşkilatı D-20 edə bilərikmi? D-8-ə rəhbərliyimiz dövründə bunun üzərində işləmişdik. Üzvlük üçün meyarların konkretləşməsi lazımdır", - Türkiyə XİN başçısı bildirib.

Qeyd edək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və ya qısaca D-8 səkkiz müsəlman ölkəsini birləşdirir. D-8-in təməli Türkiyənin o dövrdəki baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub.

Təşkilatın əsaslandığı əsas qarşılıqlı əlaqə prinsipləri bunlardır:

Münaqişələr əvəzinə sülh;

Mübahisələr əvəzinə dialoq;

İstismar əvəzinə kooperasiyalar;

İkili standartlar əvəzinə hüquq;

Zülm əvəzinə demokratiya;

Diskriminasiya əvəzinə hüquqi bərabərlik.

Ancaq bu təşkilatın əsas məqsədi potensiallı müsəlman ölkələrini iqtisadi, elmi-texniki və digər sahələrdə inkişafına nail olmaqla alternativ iqtisadi güc mərkəzinə çevirmək idi. 8 ölkənin iqtisadi imkanları buna əsas verir. Çünki bu dövlətlər qrupunda güclü sənayesi olan ölkələr, böyük enerji ehtiyatlarına və əhali potensialına malik ölkələr var. Müsəlman aləminin müstəqil iqtisadi-siyasi güc mərkəzinə çevrilməsinə çalışan Nəcməddin Ərbakan bu məqsədlə D-8 yaradılmasına çalışırdı.

Azərbaycan “İslam səkkizliyi”nə üzv ola bilər - Sirat.az

Hal-hazırda da D-8 dünya ölkələri içərisində ciddi iqtisadi potensiala malik bir təşkilatdır. 2021-ci ilin məlumatlarına əsasən, D-8 üzvü olan ölkələrdə 1,1 milyard insan yaşayır. 8 ölkənin iqtisadiyyatının həcmi 3,8 trilyon dollardır. Həmçinin üzv ölkələrin ticarət həcmi 1,6 trilyon dollar, yəni dünya ticarət həcminin 4,5 faizini təşkil edir.

Ötən il apreldə təşkilatın 10-cu dövlət və hökumət başçıları sammiti keçirilib. Bu sammitdə “2020-2030 D-8 10 illik Yol Xəritəsi” adlı sənəd qəbul edilib. Bu sənəd təşkilatın güclənməsi və inkişafını hədəfləyir. Sənəd üç mərhələli inkişaf strategiyasını nəzərdə tutur. Birincisi, 2020-2022-ci illər ərzində ticarət, kənd təsərrüfatı, qida təhlükəsizliyi, sənaye əməkdaşlığı və kiçik biznesin inkişafı, nəqliyyat, turizm, səhiyyə sahəsində əməkdaşlığı əhatə edən yol xəritələrinin hazırlanması, həmçinin dəyişən dünyanın şərtlərində mövcud beynəlxalq mexanizmlərin yenidən gözdən keçirilməsini nəzərdə tutur. 2023-2027-ci illəri əhatə edən ikinci dövrdə isə üzv ölkələr arasında ticarət əlaqələrinin dərinləşməsi və daha əvvəlki dövrdə müəyyən olunmuş 6 istiqamətdə əlaqələrin inkişafı həyata keçiriləcək. 2028-2030-cu illər ərzindəki üçüncü mərhələdə isə həyata keçirilən işlər dəyərləndiriləcək və üzv ölkələrin daxili ticarət dövriyyəsinin ümumi ticarət dövriyyəsinin 10 faizinə çatdırması təmin olunacaq.

Göründüyü kimi, təşkilatı önümüzdəki illər üçün qarşısına ciddi məqsədlər qoyub. Bunun nə qədər reallaşacağını indidən demək çətindir. Ancaq ötən müddət göstərdi ki, indi bu təşkilata üzv ölkələrin bu birliyə daha çox ehtiyacı var. Məsələ ondadır ki, müsəlman ölkələri, xüsusən də inkişaf potensialı olan müsəlman ölkələri inkişaf üçün birliyə daha çox ehtiyac hiss edirlər. D-8 üzvü olan ölkələrin demək olar ki, hamısının inkişaf etmiş Qərb ölkələri ilə münasibətlərində bur və ya digər formada soyuqluq var, özləri üçün kənardan təhlükə gözləyirlər.

Xüsusən də Türkiyə, İndoneziya, İran, Pakistanın Qərb ölkələri ilə ciddi problemləri var. Bu ölkələrin böyük işçi, sənaye və ticarət potensialı olmalarına baxmayaraq , hazırda çox ciddi iqtisadi böhranla üz-üzədirlər.

Həmçinin bu ölkələrin dünyada alternativ siyasi güc olmaq kimi hədəfləri var. Əgər D-8 uğurlu olarsa, gələcəkdə bütün müsəlman dünyasını arxasınca çəkə bilər.

Bu mənada indi Türkiyə xarici işlər naziri D-8-in bir qədər də genişləndirib D-20-yə çevrilməsi məsələsini gündəmə gətirib. Yeri gəlmişkən, mərhum Nəcməddin Ərbakanın irəli sürdüyü bu birlik bir formada Qərbin qurduğu G-7 formatına qarşı müsəlman ölkələri birliyi layihəsi idi. Bilindiyi kimi, daha sonra inkişaf etmiş 20 ölkə formatı, yəni G-20 formatı meydana çıxdı. Çavuşoğlunun D-8 üzvlərinin sayının 20-yə çatdırılması fikri də bir mənada buna işarədir.

232667_4uolco2cde.jpg

Əlbəttə, hazırda dünyada irili-xırdalı bir çox iqtisadi ittifaqlar, təşkilatlar mövcuddur. Bunların heç də hamısı, yaxud da böyük hissəsi effektiv bir quruma çevrilmir. Bu həm də üzv ölkələrin maraqları, lider ölkənin gücü və qlobal şərtlərlə bağlı olan məsələdir. D-8-in 25 il əvvəl ciddi bir ittifaqa çevrilə bilməməsinin əsas səbəbi o günün beynəlxalq şərtləri idi. Çünki həmin vaxt üzv ölkələrin hamısı Qərb ölkələrindən siyasi-iqtisadi asılılığı olan dövlətlər idi. Digər tərəfdən, üzərlərində o qədər də ciddi xarici təzyiq hiss etmirdilər. Lakin indi dünyada şərtlər dəyişib. Türkiyə 25 il əvvəlkindən fərqli olaraq Qərblə münasibətlərdə milli maraqları müttəfiqlik maraqlarından önə çıxara bilir. Qərbin regionda ən ciddi forpostu hesab olunan Pakistanda siyasi qüvvələr xarici təsirlərə qarşı ayaqlanır, və sair. Başqa sözlə, yeni birlik formatı indi çoxları üçün əlverişlidir.

Hazırda D-8-ə yeni 12 üzv ölkənin üzvlüyü müzakirə olunur. Bunlar, Azərbaycan, Özbəkistan, Mərakeş, Əlcəzair, Tunis, Qətər, Küveyt, İraq, Seneqal, Livan, İordaniya və Liviyadır. Bu arada İran Azərbaycanın D-8 üzvü olması barədə müraciətini dəstəkləyib. D-8-in Nazirlər Şurasının Banqladeşdə keçirilən 20-ci iclasında videoformatda çıxış edən İranın xarici işlər naziri Hüseyn Əmir Əmirabdullahian bu müraciətə dəstəyini ifadə edib.

Azərbaycanın bu təşkilata üzvlüyü Bakıya hansı üstünlüklər verə bilər?

D-8-in genişlənərək 20 ölkənin birləşdiyi yeni iqtisadi ittifaqa çevrilməsi Azərbaycan üçün əlverişlidir. Azərbaycan ittifaq daxilində yeni bazarlara çıxış qazana, sərmayə və yeni texnologiyaların ölkəyə cəlb olunmasına nail ola bilər. Digər tərəfdən, D-8 və perspektiv D-20 ölkələr arasında siyasi əlaqələrin dərinləşməsi üçün vasitə rolunu oynaya bilər. Azərbaycan artıq bu qurumun aparıcı üzvləri olan Türkiyə və Pakistanla müttəfiqlik münasibətlərinə malikdir. Eyni zamanda İndoneziya, Malayziya və Misir kimi ölkələr də yaxşı əlaqələrə malikdir. Başqa sözlə, Azərbaycan bu qurumun aparıcı ölkələri ilə yaxın münasibətlərə malik ölkədir. Quruma rəsmi üzvlük bu əlaqələrin daha da dərinləşməsinə və genişlənməsinə gətirəcək.

Kənan RÖVŞƏNOĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR