Onlayn ictimai-siyasi qəzet
Mərkəzi Bankın rəhbərliyi media nümayəndələri ilə keçirdiyi görüşdə açıqlayıb ki, hazırda Azərbaycanda depozit hesabı olan fiziki şəxslərin sayı 150 min ətrafındadır. Lakin bu məlumat ümumi depozit hesablarının sayı barədə dəqiq təsəvvür yaratmır.
Musavat.com xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayevin bu fikirdədir.
Onun sözlərinə görə, bəzən bir şəxsin xarici valyutada və manatda ayrıca hesabları olur: “Yaxud 100 min manatlıq sığortalanma limitinə görə fərqli banklarda bir neçə fərqli manat hesabı ola bilir.
Bu rəqəmi də deyiblər ki, bütün əmanətlərin 78 faizi 30 min manata qədər olan əmanətlərə aiddir. 18 və yuxarı yaşda əhalinin sayının 7,6 milyon nəfərə yaxın olduğu nəzərə alınsa, bu o deməkdir ki, əhlainin ən yaxşı halda 2 faizinin banklarda depozit hesabı var.
Depozitlərin 78 faizinin məbləği 30 min manata qədər olan hesablarda yerləşdirilməsi ilə bağlı statistikaya gəldikdə, bu, ölkədə sərvət təbəqələşməsinin real miqyasını görmək baxımından çox önəmlidir.
Təbii ki, 30 min manata qədər əmanəti olanlar arasında hətta 1000-2000 manatlıq məbləğlər də var.
Mərkəzi Bank bu kateqoriya üzrə orta depozit məbləğini açıqlamış olsa idi, mənzərə çox aydın görünərdi. Belə bir statistika olmadığı üçün yeni maksimum bir rəqəm üzərindən ehtimal əsasında təxmini hesablama aparsaq nəticə belədir: hətta bir əmanətçi üzrə orta depozit məbləği 20 min manat olsa, bütün şəxslərin (150 min) 78 faizində ən yaxşı halda 3 milyard manat depozit olduğunu söyləmək olar.
Vətəndaşlara məxsus bütün depozitlərin 14,2 milyard manat olduğu nəzərə alınsa, bu o deməkdir ki, ən zəngin 20 faiz depozit sahibi bank sektorundakı bütün depozitlərin təxminən 75 faizinə də sahibdirlər.
Amma hətta nəzəri olaraq həmin əmanətçilərin hamısında istisnasız olaraq 30 min depozit olsa, 78 faiz əmanət sahibinin malik olduğu vəsaitlərin həcmi bütün əhali depozitlərinin 30 faiz ətrafında olduğu görünür.
Belə bir iddia səsələnə bilər ki, əhali sandıq və yastıq altında yığıma daha çox üstünlük verir. Amma sığortalanmanın olduğu şəraitdə insanların böyük əksərriyyətinin sərbəst pul vəsaitlər sayəsində faiz gəlirləri əldə etməmək istəməməsi heç real görünmür.
İkincisi, dövlət qurumları zəhmət çəkib müxtəlif etibarlı müayinə və tədqiqatlar əsasında yastıqaltı yığım dövriyyəsinin real miqyasını ortaya çıxarsın və əhalinin bank sektoruna niy güvənmədiyinin səbəblərini də dilə gətirsin”.
Ekspertin fikrincə, problem yoxsulluğun miqyasının geniş olmasıdır: “Ailə təsərrüfatlarının böyük əksəriyyəti yığım edə bilmədən ən yaxşı halda gündəlik dolanışıqları üçün pul qazana biləcəkləri vəziyyətdədirlər. Təqdim olunan statistika Azərbaycanda sərvət və gəlir bərabərsizliyinin fotosu hesaba oluna biləcək nadir və açıq rəsmi məlumatlardan biridir”.
Musavat.com
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ