Onlayn ictimai-siyasi qəzet
"Azərbaycanın xarici investisiyalar üçün nə qədər cəlbedici bir ölkəyə çevrildiyini xarakterizə edə biləcək ən yaxşı göstəricilərdən biri və mən deyərdim ki, birincisi, son 20 ildə Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyaların həcminə dair göstəricilərdir".
Bunu Musavat.com-a açıqlamasında Beynəlxalq Valyuta Fondunun (İMF) Azərbaycanı dünyanın yeddi ən cəlbedici investisiya ölkəsi sırasında göstərməsinə münasibət bildirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov bildirib.
O deyib ki, 2024-cü ilin hesabatına görə, Azərbaycanın “Top-7”yə daxil olması gözlənilən idi:
"Belə ki, son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox xarici sərmayə yatırdılıb. Müqayisə üçün deyək ki, bu qədər xarici sərmayə Ermənistanın 62 illik dövlət büdcəsinə bərabər bir məbləğdir. Neftlə bağlı iqtisadiyyatı şaxələndirmək yolunu tutmuş Azərbaycan hökumətinin ən böyük uğurlarından biri də son 20 ildə ölkə iqtisadiyyatına cəlb edilmiş xarici investisiyaların 2/3 hissəsinın və ya 200 milyard dollar yaxın məbləğinin məhz iqtisadiyyatın real sektoruna yönəldilməsi oldu.
Azərbaycan hökuməti yerli və xarici investisiyaların qorunmasını təmin edən hüquqi bazanın yaradılması ilə yanaşı, investisiyaların təşviqi istiqamətində də mühüm addımlar atır. Belə ki, bu gün müvafiq qaydada investisiya təşviqi sənədini əldə edən investorların aldıqları texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı 7 il müddətinə gömrük rüsumundan azaddırlar və eyni zamnda onların gəlirinin habelə əldə etdikləri mənfəətin 50 faizi də 7 il müddətinə vergidən azad olunur. İnvestisiya təşviqi sənədi almış investor eyni zamanda aldığı texnikanın, texnoloji avadanlıqların və qurğuların idxal əlavə dəyər vergisindən, əmlak vergisindən və torpaq vergisindən də 7 il müddətinə azad edilirlər. Təbii ki, bütün bunlar xarici investorlar üçün çox önəmlidir".
Professor əlavə edib ki, bu gün Azərbaycan bölgədə yaşıl enerji istehsalının lokomotivinə çevrilməkdədir:
"Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri tərəfindən reallaşdırılmış və yaxın zamanlarda reallaşdırılması nəzərdə tutulan yaşıl enerji layihələri, Avropa Ölkələri ilə yaşıl enerji istehsalı və ixracı sahəsində əməkdaşlığa dair imzalanmış sənədlər, yaxın gələcəkdə Azərbaycanda alternativ enerji istehsalı layihələrinə milyardlarla dollar xarici sərmayənin cəlb edilməsinə imkan yaradacaqdır. İndi xarici investorlar ölkəmizin ərazisində məhz bu sahəyə investisiyalar yatırtmaq üçün çoxsaylı müraciətlər edirlər.
Azərbaycan bu gün bütün dünyada sözü də imzası qədər etibarlı olan bir dövlət imicini formalaşdırıb. Biz bu gün nəinki xarici investisiyaların cəlb edilməsi üçün münbit ölkə imicini formalaşdırmışıq, bu gün həm də ehtiyacı olan ölkələrə yardım edən dövlət statusunu qazanmışıq. Prezident İlham Əliyevin sözləri ilə desək – biz heç kimdən xahiş etmirik ki, iqtisadiyyatımıza investisiya yatırsınlar. Biz sadəcə ölkəmizdə bütün səviyyədən olan investorlar üçün bərabər investisiya mühiti yaradırıq. Bunu görüb dəyərləndirən investorlar isə Azərbaycana özləri gəlirlər. Azərbaycan dünya miqyasında investisiya üçün cəlbedici ölkə statusunu gündən-günə gücləndirir. Ölkədə yaradılmış siyasi və iqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti xarici investorlara istənilən layihəni uğurla həyata keçirilməyə təminat verir. Bu isə istənilən investor üçün əsas şərtlərdir…"
Afaq Mirayiq,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ