Onlayn ictimai-siyasi qəzet
“Cənab Prezidentimiz İlham Əliyev andiçmə mərasimindəki nitqində yeni dövrdəki hədəfləri müəyyənləşdirərkən demişdi ki, türk dünyası bizim ailəmizdir. Dərhal da bu işlərin həyata keçirilməsindən ötrü fəaliyyət genişləndirilmişdi. Bunun bir nümunəsi qardaş Özbəkistanla münasibətlərdir”.
Musavat.com xəbər verir ki, 6-cı çağırış Milli Məclisin deputatı Musa Qasımlı Azərbaycanla Özbəkistan arasında müttəfiqliyin rəsmiləşdirilməsi və əlaqələrin daha da genişləndirilməsi barədə hər iki dövlət arasında mühüm sənədlərin imzalanmasını şərh edərkən belə deyib.
O qeyd edib ki, Özbəkistanla münasibətlərimizi bir sıra amillər şərtləndirir. İlk növbədə, biz qardaş ölkə və millətik, heç bir zaman sarsılması mümkün olmayacaq kökümüz birdir, gövdəsi bir olan ağacın budaqlarıyıq. Dövlət müstəqilliyi bərpa edildikdən sonra iki ölkə arasında keçilən yol münasibətlərin daha da sıxlaşdırılmasını zəruri edir. İndiyədək xeyli işlər görülüb. 90-cı illərin əvvəllərində buraxılan kobud səhvlər aradan qaldırılıb. Bizi təkcə qardaşlıq deyil, ortaq maraqlar da birləşdirir.
Özbəkistanın Mərkəzi Asiyanın ən vacib ölkələrindən biri olduğunu deyən M.Qasımlının sözlərinə görə, XX əsrin 80-ci illərinin sonlarında Sov.İKP MK Siyasi Bürosunun Orta Asiya respublikalarında şəraitin müzakirəsinə həsr edilmiş iclaslarının birinin stenoqramında yazılırdı ki, Orta Asiyanın ən vacib ölkəsi Özbəkistandır, Özbəkistan partlayarsa bütün Orta Asiya partlayar. Belə bir fikir əbəs deyildi. Özbəkistandakı şərait əvvəlki dövrlərdə olduğu kimi indi də bütün regiona təsir edir: “Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Əfqanıstanla həmsərhəd, əhalisinin sayına, təbii sərvətlərinə, sənaye potensialına görə açar ölkə olan Özbəkistanla əməkdaşlıq bütün baxımlardan əhəmiyyətlidir. Azərbaycan da Özbəkistan üçün Qərbə çıxmaqda vazkeçilməz ölkədir. Bu gün qardaş ölkənin məhsulları Azərbaycandan keçərək dünya bazarlarına çıxır. Rusiya-Ukrayna savaşının davam etdiyi şəraitdə, hətta bu müharibə olmasa belə, Azərbaycanın əhəmiyyətinin nə demək olduğu aydındır. Birmənalı olaraq demək lazımdır ki, münasibətlərin indiki səviyyəsi prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin xidmətləridir. Prezident İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri bu baxımdan münasibətlərimizdə yeni səhifədir. Səfər zamanı keçirilən danışıqlar, imzalanan sənədlər və mətbuata verilən bəyanatlar böyük tarixi əhəmiyyət daşıyır”.
M.Qasımlı hesab edir ki, birincisi, ölkələrimizin və bütün türk dünyasının bu günü və gələcəyi baxımından ən mühüm sənəd prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin imzaladıqları “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” dir:
“İndiki gərgin geosiyasi şəraitdə iki qardaş ölkənin bu sənədi imzalaması bütün digər sahələrdə olduğu kimi, müdafiə və təhlükəsizlik sahələrində bərabər hərəkət etməyə beynəlxalq hüquqi əsas verir. Prezidentimiz Cənubi Qafqazı və Mərkəzi Asiyanı vahid geosiyasi məkan kimi qiymətləndirir. İkinci məsələ Özbəkistan tərəfindən Xankəndidə yüngül sənaye müəssisəsinin inşa edilməsi layihəsinin müzakirəsidir. Bu addım təkcə iqtisadi məsələ deyildir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə gördüyü digər dirçəliş işləri kimi bunu da özü görə bilər. Amma Özbəkistanın belə bir qərarı qardaşlıq nümunəsi, digərlərinə örnək, bədxahlara isə bir işarədir. Əsrlər ötəcək tarixə keçəcək belə işlər qardaşlığımızı daha da möhkəmləndirəcək.
Üçüncü məsələ mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlığa dair imzalanan sənədlərdir. Xüsusən məktəbəqədər və ibtidai təhsil sahəsində əməkdaşlığın böyük təsiri və əhəmiyyəti yaxın illərdə özünü daha da göstərəcək. Bu günkü uşaqların dostluğu gələcəyin təminatı olacaqdır.
Bütün bunlar göstərir ki, dövlət rəhbərlərimiz ölkələrimizin və türk dünyasının bundan sonrakı yüzilliklər inkişafının möhkəm təməllərini yaradırlar. Tarixi hadisələrin şahidləriyik”.
Etibar Seyidağa,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ