İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan bu ilkə də imza atdı - Eksperdən UNİKAL açıqlamalar

Sabir nazir: “Şərqlə Qərbi birləşdirən ən qısa quru yolun Azərbaycan üzərindən keçməsi coğrafi mövqeyimizin bizə neft və qazdan daha önəmli bir hədiyyəsidir”

Noyabrın 24-də Azərbaycan-Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmir yolu nəqliyyatı ilə Çinə yola salınıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. 

Qeyd olunub ki, bu hadisə iki ölkə arasındakı iqtisadi və nəqliyyat əlaqələrinin yeni mərhələyə qədəm qoyması ilə yanaşı, həm də Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsindəki strateji rolunu daha da möhkəmləndirdiyini nümayiş etdirir. Belə ki, Orta dəhliz beynəlxalq nəqliyyat marşrutu ilə Çindən Azərbaycana tranzit və idxal yüklərinin göndərilməsi ilə yanaşı, Azərbaycandan Çinə ixrac yüklərinin çatdırılması bu dəhlizin səmərəliliyini daha da artırır. Orta dəhlizin sürətlə inkişafı istər Şərq-Qərb, istərsə də Qərb-Şərq istiqamətində yükdaşımaların həcminin artırılmasına təkan vermiş olur.

fikret_yusifov.jpg (160 KB)

İlk ixrac qatarının yola salınma mərasimində Azərbaycan və Qazaxıstan dəmir yollarının yüksək vəzifəli nümayəndə heyəti, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu katibliyinin rəhbərliyi ilə yanaşı Çinin Sian Çanba Beynəlxalq Limanının idarəetmə Komitəsinin rəhbər şəxsləri də iştirak edib. 

Yola salınmış “Bakı-Sian” ilk ixrac blok qatarı 62 ədəd 40 futluq konteynerdən ibarətdir. Bu yük multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrutla Çinə göndərilməsi planlaşdırılır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayev mərasimdə çıxış edərək sözügedən əlamətdar hadisənin əhəmiyyətini vurğulayıb: “Bu təşəbbüs Azərbaycanın ixrac potensialını yeni səviyyəyə çıxarmaqla yanaşı, ölkəmizin dünya ticarət sistemində strateji mövqeyini daha da gücləndirəcək. Qərb-Şərq marşrutu üzrə hər iki istiqamətə yüklərin daşınması baxımından bugünkü tədbirin böyük əhəmiyyəti var. Artıq yerli sahibkarlar öz yüklərini Orta dəhliz vasitəsilə birbaşa Çinə göndərə biləcəklər. ADY olaraq ölkəmizin beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində bir sıra önəmli layihələr üzərində çalışırıq”.

Qərb-Şərq marşrutu üzrə hər iki istiqamətə yüklərin daşınması baxımından bu hadisənin böyük əhəmiyyəti varmı? Bu o deməkdirmi artıq yerli sahibkarlar öz yüklərini Orta dəhliz vasitəsilə birbaşa Çinə göndərə biləcəklər?

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Şərqlə Qərbi birləşdirən ən qısa quru yolun Azərbaycan üzərindən keçməsi coğrafi mövqeyimizin bizə neft və qazdan daha önəmli bir hədiyyəsidir: "Müasir dünyada biznesin ən mühüm problemlərindən biri, yüklərin daşınmasının münasib yollarını əldə edə bilməkdir. İstənilən biznes üçün yol qısa, təhlükəsiz və qiymətlər baxımından sərfəli olmalıdır. 

Dünyanın iqtisadi hegomonu olan Çinin son illərdə bu sahədəki səyləri yüksək dəyərləndirilməlidir. Quru yol ondan istifadə edərək öz fəaliyyətini quran investora yüklərin su yolu ilə daşınmasından ən azından üç dəfəyə qədər çox fayda gətirə bilir. Dünyanın iqtisadi müstəvisində rəqabətin yetərincə gücləndiyi indiki şəraitdə investorlar üçün biznesə yatırılan kapitalın dövriyyəsini sürətləndirmək olduqca önəmlidir. İnvestor yaratdığı kapital hesabına qurduğu istehsal müəssisəsindən məhsulları satış bazarına nə qədər tez çatdıra bilirsə, bir o qədər də çox mənfəət əldə edə bilir. İstənilən investor Çindən məhsulların su yolu ilə 35-38 və bəzən daha çox gün ərzində Avropa bazarlarına çatdırılması ilə həmin yüklərin Orta dəhlizlə Avropa bazarlarına 14-15 gün ərzində çatdırılmasının nə demək olduğunun fərqindədir. Bu səbəbdən Azərbaycandan yüklərin Çinə və geriyə daşınması zamanı Orta yolun imkanlarından yararlanan hər bir sahibkar şanslıdır”. 

Ekspert qeyd etdi ki, Çinin Kəmər və Yol Təşəbbüsünə ilk qoşulan ökələrdən biri və birincisi Azərbaycan olub. Dünyanın 60-dan çox ölkəsini müxtəlif yollarla birləşdirəcək bu layihənin ümumi dəyəri 8 trilyon ABŞ dolları həcmindədir: “Bu günə qədər həmin layihənin reallaşdırılması istiqamətində bir çox işlər görülüb və ümumilikdə layihə üzrə bir trilyon dollardan çox vəsait xərclənib. Bu layihənin qarşısına alternativ olaraq çıxarılan digər layihələr ABŞ-ın Çinə qarşı iqtisadi basqılarından qaynaqlanan addımlardır. Lakin həmin layihələrin heç biri Kəmər və Yol Təşbbüsləri layihəsi ilə müqayisə edilə bilməz və bu layihə ilə müqayisədə o qədər də real görünmür. 

Azərbaycandan ilk yüklərin Orta yolla Çinə göndərilməsi Azərbaycan sahibkarları üçün yeni uğurlu bir şəraitin yaranması deməkdir. Düşünürəm ki, iş adamlarımız bu imkandan yetərincə faydalana biləcəklər".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”




ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR