Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu rəsmən buraxıldı. Ermənistanla Azərbaycan arasında iki məsələ həll edilməlidir. Anklav kəndlərin qaytarılması və Ermənistan Konstitusiyasında olan ərazi iddiaları bəndlərinin referendumla çıxarılması”.
Musavat.com xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.
Onun sözlərinə görə, artıq Ermənistan Azərbaycanın bütün şərtlərini yerinə yetirməklə məşğuldur:
“Rəsmi İrəvan Minsk qrupunun buraxılmasına yekun sülh müqaviləsinin bağlanması ilə eyni vaxtda imza atacağını qeyd edirdi. Avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşdə Nikol Paşinyan Minsk qrupunun buraxılması ilə bağlı təklifi qəbul etdi. Hazırda Ermənistanda Avropa İttifaqının yarımhərbi mülki missiyası fəaliyyətini davam etdirir. Bu missiya Azərbaycanla sərhəddə monitorinq aparırdı. Artıq Ermənistanla de-fakto sülh əldə edilib. Avropa İttifaqının mülki missiyasının Azərbaycanla sərhəddə hər hansı bir monitorinqinə ehtiyac qalmayıb. Amma Avropa İttifaqı öz missiyasını Ermənistandan çıxarmır. Çünki Avropa İttifaqının yarımhərbi mülki missiyasının fəaliyyəti məhz Rusiyaya qarşı yönəlib. Ermənistanda parlament seçkilərində Paşinyan qələbə əldə edəndən sonra Avropa İttifaqının yarımhərbi mülki missiyası ölkəni tərk edəcək.
Çində Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri ikitərəfli görüş keçirdi. Bu görüş əvvəlki görüşlərdən fərqli olaraq müsbət atmosfer şəraitində keçdi. Bu görüşdə hər hansı ciddi bir məsələ olmadan paraflanmış sülh mətnindən irəli gələn məsələlərin həlli üçün yaradılacaq birgə komissiyanın işinin təşkili və anklavlarla bağlı məsələlər müzakirə edilib. Anklavlarla bağlı prinsipial razılıq əldə edilib. Ola bilsin ki, müəyyən anklavlarla bağlı mübadilə mümkün olsun. Çünki Ermənistan baş naziri Gədəbəydə Başkəndin ona aid anklav olduğunu qeyd edir. Amma Azərbaycan Başkəndi Ermənistana verə bilməz”.
Cavanşir ABBASLI
Musavat.com
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ