Onlayn ictimai-siyasi qəzet
“Amulinin keçirdiyi tədbir bir daha sübut edir ki, Tehran hakimiyyətinin dini- ideoloji təbliğatı, İslam hümmətçiliyi, islami birlik çağırışları da saxtadır.
Rəsmi Tehran insanların islama olan sevgisindən sui-istifadə edir. İran hakimiyyəti bu dini öz siyasi məqsədlərinin qurbanına çevirir.
Türkiyə və Azərbaycan Yaxın və Orta Şərq üzrə siyasətini uzlaşdırır. Bu da Şuşa bəyannaməsində nəzərdə tutulan xarici siyasətin dövlətlərin maraqları nəzərə alınmaqla uzlaşdırılmasıdır. Türkiyə Yaxın Şərq, o cümlədən Suriya üzrə siyasətini bir-birinə uyğun şəkildə davam etdirir. Azərbaycanın Suriyadakı yeni hökuməti tanıması, onunla əməkdaşlıq etmək istəməsi, Suriyada səfirliyini bərpa etmək istəyi, bu ölkədəki insanlara humanitar yardım etməsi ölkəmizin Yaxın və Orta şərq üzrə siyasətinin göstəricisidir. Azərbaycan Yaxın Şərqdə despotizmi, diktaturanı qəbul etməyib, əksinə əməkdaşlığı, sülhü, qarşılıqlı hörməti, ərazi bütövlüyünü dəstəkləyib. İranda isə Azərbaycanın və Türkiyənin Suriyaya olan münasibətini, yürütdüyü siyasəti qısqanclıqla qarşılayırlar və bu məsələdə din daxili təriqətdən istifadə edirlər”.
Bu fikirləri Musavat.com-a Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.
Siyasi şərhçi Ərdəbilin baş mollası Həsən Amulinin Ərdəbildə təşkil etdiyi "Müqavimət şəhidəri və Çaldıran mərasimi" adlı tədbirində Azərbaycan və Türkiyənin dövlət başçılarının əleyhinə şər-böhtan, qərəz və nifrət dolu sözlər söyləməsinə, hər iki dövlətin ünvanına iftiralar səsləndirilməsinə münsibət bildirib. Onun sözlərinə görə, İranda 1514-cü ildə baş verən döyüşü qabardır və təriqət təəssübkeşi kimi çıxış edirlər. Bu da rəsmi Tehranın saxtakarlığını göstərir.
“Amulinin dekabrın 29-da təşkil etdiyi tədbirdə təriqət məsələsini qabartmaları, eyni zamanda İranı dünya müsəlmanlarının müdafiəçisi kimi göstərmələri çox gülünc və eybəcərdir. İran hakimiyyəti nə ərəbi, nə türkü, nə bəlucu, nə də pəştunu sevir. Bu hakimiyyət şovinistdir. Ona yalnız regionda fars şovinizminin hegomonluğu maraqlıdır. Buna görə də dindən, təriqətdən istifadə edir.
Bir il bundan öncə Suriyada Hizbullahla bağlı müsəlman birliyini İran haraya çağırırdı. Bu gün isə təriqətləri bir-birinə qarşı qoyur. Digər tərəfdən Azərbaycanla Tehran hakimiyyətinin münasibəti heç vaxt normal olmayıb. Çünki bu hakimiyyət hər addımbaşı Azərbaycana qarşı hiylə qurub.
44 günlük Vətən müharibəsində İran hakimiyyəti iç üzünü göstərdi. Rəsmi Bakı böyüklük göstərərək İranın etdiyi pislikləri görməzdən gəldi. Bağışlamadı, sadəcə nəzərə aldı ki, növbəti mərhələyə keçmək lazımdır. İrana izah edildi ki, regiondakı geosiyasətə uyğun davranmaq lazımdır. Təəssüf ki, Tehran Azərbaycan və Türkiyəyə qarşı beynəlxalq hüquq normasına uyğun olmayan addımlar atır. Azərbaycan səfirliyinə edilən terror hücumunu edən İran vətəndaşı cəzalandırılmayıb. Ermənistanın silahlanmasında İran hələ də iştirak edir. Üstəlik Zəngəzur dəhlizinin açılmasına qarşı fəaliyyət göstərir. Sərhədlər hələ müəyyənləşməyib, İran Qafanda konsulluq açır.
İran COP 29-da iştirak etməməklə Ermənistan və Fransanın hərəkətlərini təkrar etdi və Azərbycan türklərinə münsibətini göstərdi. Odur ki, Amulinin Ərdəbildə elə məclis təşkil etməsi Azərbaycan və İran münasibətlərinə çox ciddi zərbə vurur. Bu münasibətləri düzəltmək üçün İran çaba göstərməli olacaq. Ötən illərdə də Azərbaycana qarşı buraxdığı səhvləri düzəltmək üçün çox cəhdlər göstərmişdi. Amuli Əli Xameneinin icazəsi olmadan belə bir məclis təşkil edə bilməzdi. Bu isə qonşuluq prinsipinə zərbə vuracaq. Amuli türk deyil, o başqa bir etnosun nümayənəsidir. Sadəcə olaraq türklərin içinə sızıb. Türklərə nifrəti də bundan qaynaqlanır”.
Şahanə Rəhimli
Musavat.com
05 Yanvar 2025
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ