İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Avropa İttifaqı ilə yeni enerji sazişi imzaladı

Prezident İlham Əliyev: “Bu memorandum gələcək üçün bir növ yol xəritəsidir”

Rusiyanın qaz təzyiqi ilə üzləşən Avropa İttifaqının alternativ mənbələr axtarışı son dərəcə sürətlənib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simsonun iyulun 18-də Azərbaycana səfəri bu prosesin mühüm tərkib hissəsini təşkil edir.

Səfər çərçivəsində Lyayen Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, SOCAR prezidenti vəzifəsini icra edən Rövşən Nəcəflə görüşüb.

Azərbaycana səfər etdiyi gün Avropa Komissiyasının sədri “Twitter”də maraqlı paylaşım edib. O,  Avropa İttifaqının daha etibarlı enerji təchizatçılarına müraciət etdiyini yazıb və Azərbaycana yeni müqavilə imzalamaq üçün gəldiyini qeyd edib. Ursula Von der Lyayen vurğulayıb ki, məqsəd bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır: “Azərbaycan təchizat təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaşımız olacaq”.

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının sədri ilə görüşdən sonra bildirib ki, enerji təhlükəsizliyi məsələləri bu gün hər zamankından daha önəmlidir:  “Biz artıq bu əməkdaşlığın müsbət faydalarını görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün hər zamankından daha önəmlidir. Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırıla bilən və çox etibarlı əməkdaşlıq təbii ki, böyük bir aktivdir. Bu il biz Avropa İttifaqı və Azərbaycan arasında neft və qaz, alternativ enerji, su enerjisi səmərəliliyi və digər məsələlər də daxil olmaqla, bir çox sahələri əhatə edən enerji dialoquna başladıq”.

İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata birgə açıqlama verirlər -  CANLI YAYIM

Prezident qeyd edib ki, Azərbaycanda alternativ enerji istehsalının böyük potensialı artıq Avropa İttifaqı tərəfindən də təqdir edilir. Onun sözlərinə görə, artıq külək və günəş enerjisinə dair investisiya layihələrinə başlanılıb: “Biz artıq öz potensialımıza dair ilkin qiymətləndirmə aparmışıq və mən deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş ərazilərində günəş və külək enerjisi stansiyalarının potensialı 9200 meqavatdır. Xəzər dənizinin külək enerjisi potensialı 157 geqavatdır. Beləliklə, bizim həqiqətən də nəhəng resurs bazamız var”.

Prezident deyib ki, qarşıdakı illərdə yeni qaz yataqlarının istismarı təbii qaz istehsalını artıracaq və alternativ enerjinin istifadəsi daha çox təbii qaz ixracına imkan verəcək: “Bugünkü memorandum gələcək üçün bir növ yol xəritəsidir. Bizim daha əvvəl planlaşdırdıqlarımızın hamısını həyata keçirdiyimizi nəzərə alsaq, əminəm ki, biz böyük uğur görəcəyik. Bizim bu gün müzakirə etdiyimiz digər məsələlər arasında kommunikasiya, əlaqə də var idi. Azərbaycanın coğrafi mövqeyini və modern nəqliyyat infrastrukturunu nəzərə alsaq, bizim potensialımızın əlaqələndirilməsi istiqamətində daha fəal işləməyimizə ehtiyac var. Çünki burada, Xəzərin qərb sahilində Azərbaycan Xəzərdə ən böyük ticarət donanmasına, modern infrastruktura, gəmiqayırma zavoduna, yeni dəniz limanına və bizi bütün qonşularımızla əlaqələndirən dəmir yoluna malikdir”.

Ursula von der Leyen: We will double supply of gas from Azerbaijan to  European Union - AZERTAC

Avropa Komissiyasının sədri Fon der Lyayen isə imzalanan sazişin bəzi detallarını açıqlayıb: “Siz yalnız bizim enerji təhlükəsizliyimiz üçün deyil, həmçinin ”yaşıl enerji" sahəsində də etibarlı tərəfdaşsınız. İmzaladığımız bu sənəd enerji sahəsində əməkdaşlığımızı daha da gücləndirəcək. İlkin olaraq biz Azərbaycandan qaz ixracını iki dəfə artıracağıq, bu sənəd vasitəsilə Cənub qaz Dəhlizinin genişləndirilməsinə sadiqliyimizi ifadə edirik. Bu layihə artıq Avropa İttifaqı üçün çox önəmlidir, indi hər il 8 milyard kubmetr qaz Avropaya ötürülür, Gələn il həcmi 12 milyard kub metrə, yaxın illərdə isə 20 milyard kubmetrə çatdıracağıq. Bu, Rusiyadan kəsilən qazı kompensasiya etməyə qatqıda bulunacaq və Avropanın enerji təminatına əhəmiyyətli töhfə verəcək".

Anlaşma memorandumunda ikinci əsas məqamın bərpa olunan enerji ilə bağlı olduğunu vurğulayan Ursula von der Lyayen bərpa olunan enerji sahəsində Azərbaycanın çox böyük potensialının olduğunu diqqətə çatdırıb: “Cənab Prezident də bunu qeyd etdi. Bu, xüsusilə külək və yaşıl hidrogen sahəsində böyükdür və biz bunları görüşümüzdə ətraflı müzakirə etdik. İmzaladığımız bu sənədlə bu sahədə dayanıqlı əməkdaşlığımızın əsasını qoymuş olduq. Tədricən Azərbaycan Avropa İttifaqı  üçün qalıq yanacaqlar sahəsində partnyordan bərpa olunan enerji sahəsində aparıcı partnyora çevriləcək. Və bizim qaz sahəsində əməkdaşlığımız iqlim dəyişikliyi ilə bağlı məsuliyyətimizlə ardıcıl olmalıdır. Məsələn, metan qazının azaldılması kimi. Bu sənəddə metan qazının azaldılması ilə bağlı öhdəliklərimiz qeyd olunur. Və mən Azərbaycanı təşviq edirəm ki, metan qazından imtina ilə bağlı 119 ölkənin qoşulduğu razılaşmaya da qoşulsun”.

Avropa İttifaqı ilə imzalanan sazişi dəyərləndirən iqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, sənəd hər iki tərəf üçün mühüm əhəmiyyətə malikdir: “Bu saziş Azərbaycanın daha çox enerji məhsulları satmasını şərtləndirəcək. Avropa isə kəskin ehtiyac duyduğu enerji təchizatını diversifikasiya etmək imkanı əldə edir. Bu, tərəflər arasında qarşılıqlı etimadın olmasından xəbər verir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan da Avropa İttifaqının Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır”.

Millət vəkili hesab edir ki, Avropa İttifaqı ilə imzalanan saziş Azərbaycanın bölgədəki nüfuzunu daha da artıracaq.

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycanın Aİ ilə yeni enerji (qaz) sazişinin imzalanması, Avropa Komissiyanın sədri Ursula von der Lyayenin ölkəmizə səfəri çox önəmli hadisədir: “Birincisi, bu saziş tək ölkənin deyil də, bölgəmizin də qurunmasını, önəmini artıracaq, yarana biləcək münaqişələrin önlənməsinə xidmət edəcək. Cənubi Qafqazda sülhün bərqərar olması və qorunması üçün bu saziş vacib qoruyucu qalxan olacaq. İkincisi, yeni saziş Azərbaycanın iqtisadi vəziyyətinə də müsbət təsir göstərəcək, qaz gəlirləri artacaq, bundan başqa, iqtisadi olaraq məmləkətin Qərbə bağlantısını möhkəmləndirəcək. Üçüncüsü, uzun müddətdir ki, Azərbaycanla Avropa Birliyi arasında yeni strateji tərəfdaşlıq müqaviləsi üzərində iş gedir. Hələ 2019-cu ildən bu haqda ictimaiyyətə məlumat vermişdik, danışıqlar prosesindən məlumatlı şəxslər olaraq (2019-da Brüsselə səfərimiz, ciddi görüşlərimiz olmuşdu, bundan başqa da müxtəlif səfərlər və görüşlərdə müqavilənin məğzi ilə bağlı kifayət qədər məlumatımız var) məsələnin uzanmasının səbəbinin insan haqları ilə bağlı olmadığını demişdik. O zaman da demişdik ki, müqavilənin uzanmasının əsas səbəbləri iqtisadi məsələlərdir. Qazla bağlı anlaşma razılaşdırılmamış əsas məsələlərdən biri idi - indi imzalanacaq qaz anlaşması Avropa Birliyi ilə geniş müqavilənin də önünü açır. Düşünürəm ki, yaxın zamanlarda Avropa Birliyi ilə yeni strateji müqavilə də imzalanacaq.  Bir sözlə, Azərbaycan-AB arasında əlaqələrin genişlənməsi məmləkətimizin strateji dövlət maraqlarına tam uyğundur, ölkəmizin Qərblə daha sıx bağlanmasına səbəb olacaq”.

Fon der Lyayen Bakıda İ.Əliyevlə görüşdüyü saatlarda Avropa İttifaqının rəhbəri Jozep Borrel bildirib ki, Rusiyanın qazdan silah kimi istifadə etdiyinə əmindirlər: “Biz bilirik ki, Rusiya qazdan bizə qarşı silah kimi istifadə edə bilər. Artıq onlar qaz nəqlini azaltmaqla de-fakto bunu ediblər”.

Bu arada iyulun 11-dən Rusiyanın “Şimal axını 1" kəmərilə qaz nəqlini tamam dayandırmasından sonra Avropada müşahidə olunan güclü istilər enerjiyə tələbatı artırıb. Küləkli havaların minimuma düşməsi qitənin bu təbii mənbədən enerji almaq imkanlarını xeyli məhdudlaşdırıb.  Hazırda Avropada anbarların qazla dolum səviyyəsi 64 faiz civarındadır. ”Gas Infrastructure Europe"nin məlumatına əsasən, anbarlarda gündəlik ehtiyat artımı 0,4 faiz bəndi təşkil edir. Avropadakı maye qaz terminalları76 faiz gücü ilə işləyir. Qitədə qaz qiymətlərinin yüksək olması nəticəsində Asiya bazarından daha cəlbedicidir. Buna görə də maye qaz tankerlərinün mühüm hissəsi Avropaya doğru  istiqamətlənib. Lakin bu, qitənin enerji tələbatını təhlükəsiz səviyyədə təmin etmək üçün yetərli deyil. Belə ki, iyulun əvvəlindən bəri Almaniya və Belçika bir neçə dəfə anbarlardan ora vurulandan daha çox qaz götürməli olublar. Bu isə qışa qədər anbarların Avropanın enerji təhlükəsizliyini təmin edəcək həddə qədər doldurulması planının icrasına ciddi əngəl yaradır.

Onu da qeyd edək ki, Azərbaycan qaz hasilatı və ixracını artırmaq planına tam əməl edir. “Şahdəniz” yatağının işlənməsi layihəsinin operatoru olan bp şirkətinin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin verdiyi məlumata əsasən, cari ilin sonunadək “Şahdəniz” Qaz-kondensat yatağında hasilat pik həddə çatacaq. Onun sözlərinə görə, söhbət ildə 26 milyard kubmetr qaz hasilatından gedir.  Vitse-prezident qeyd edib ki, bu hasilat həcmlərini bir neçə müddət saxlamaq planlaşdırılır. Bəxtiyar Aslanbəyli onu da əlavə edib ki, bu ilin üçüncü rübündə “Şahdəniz” yatağında yerləşən “Alfa” platforması planlaşdırılmış profilaktika işlərinin aparılması üçün dayandırılacaq.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR