İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Aİ danışıqları başlayır- Brüsselin şərtləri

Ekspert: “Azərbaycan hakimiyyətinin üzərinə daha yüksək öhdəliklər götürmək istəməməsi iddiası yanlışdır”

İyulun 19-da Brüsseldə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə Avropa İttifaqı və Azərbaycan arasında Əməkdaşlıq Şurasının on səkkizinci iclası keçiriləcək. Bu barədə Avropa İttifaqı Şurasının rəsmi saytında məlumat yayılıb. Aİ-nin nümayəndə heyətinə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrel rəhbərlik edəcək. Əməkdaşlıq Şurası Aİ-Azərbaycan ikitərəfli münasibətlərində mövcud vəziyyəti və növbəti addımları müzakirə edəcək, diqqəti Aİ-Azərbaycan tərəfdaşlıq prioritetləri və sektoral əməkdaşlığa, eləcə də Şərq Tərəfdaşlığına, İqtisadi və İnvestisiya Planının icrasına yönəldəcək. Daha sonra Əməkdaşlıq Şurası siyasi məsələlər, o cümlədən regional problemlər, demokratiya, qanunun aliliyi və insan hüquqları ilə bağlı fikir mübadiləsi aparacaq.

Danışıqlar uzun müddətdir davam etsə də, Azərbaycan-Avropa İttifaqı arasında gözlənilən sənədin imzalanması yubanır. Bəzi tənqidçi ekspertlərin fikrincə, Avropa İttifaqı ilə gözlənən ikitərəfli əməkdaşlıq sazişinin hələ də imzalanmamasına səbəb “Azərbaycan hakimiyyətinin üzərinə daha yüksək öhdəliklər götürmək istəməməsidir”. Bura həm vətəndaş cəmiyyəti şərtləri daxildir, eləcə də Dünya Ticarət Təşkilatına üzvlük də daxildir. Əlbəttə ki, rəsmi Bakının da öz arqumentləri olmamış deyil. O halda, Bakı nə, Brüssel nə istəyir? Rusiya amilinin rolu varmı?

Dəyişən dünyada Azərbaycanın yeri - Yeganə Hacıyeva ilə söhbət

Yeganə Hacıyeva 

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, bəzi tənqidçi ekspertlərin fikrincə, Avropa İttifaqı ilə gözlənən ikitərəfli əməkdaşlıq sazişinin hələ də imzalanmamasına səbəb “Azərbaycan hakimiyyətinin üzərinə daha yüksək öhdəliklər götürmək istəməməsidir” fikri yanlışdır: “Son illər, ümumiyyətlə, vətəndaş cəmiyyəti və media, fikir ifadəsi şərtlərinin inkişafı göz önündədir və hətta kənar nüfuz agentlərinin möhkəmlənməsi ilə uzun müddətli hesabda milli maraqlara müəyyən risklər də formalaşdırır. Dünya Ticarət Təşkilatına üzvlük məsələsinə gəlincə, onu qeyd etmək lazımdır ki, bu məsələdə  rəsmi Bakının da öz arqumentləri var və bu arqumentlər hətta daha güclüdür.

Aİ dövlətdən subsidiyaların məhdudlaşdırılmasını istəyir ki, bu anlaşılan deyil, çünki Avropa uzun müddət öz iqtisadi inkişafını və ayrı-ayrı sahələrin rəqabət qabiliyyətliyini təmin etmək üçün məhz subsidiya mexanizmindən istifadə edib.

Azərbaycanda fermerlər bütün vergilərdən azaddır. Subsidiyalar paketi özəl sektorun, xüsusilə də artıq formalaşmış sahibkarlar sinfinin daha da güclənməsini təmin edən mühüm alətlərdəndir.

Nəzərə alsaq ki, əhalinin təxminən 40%-i məhz kənd təsərrüfatı ilə məşğuldur, vergi güzəştlərinin və subsidiyaların ləğvi iqtisadi çətinliklərə və sosial problemlərə səbəb ola bilər. Bütün bunlar isə ən azı ölkə vətəndaşlarının maraqları, sosial rifahı üçün nəzərə alınmalıdır".

Ekspert qeyd etdi ki, vətəndaşların maraqlarının əleyhinə səbəb ola biləcək digər bir məqam Avropa İttifaqının Azərbaycandan bir çox sosial-ictimai əhəmiyyət kəsb edən məqamlarda öz maraqlarına uyğun tələblər irəli sürməsidir: “Xüsusilə müəyyən ixrac məhsullarının daxili bazara nisbətdə oxşar və bəzilərində isə ümumiyyətlə, eyni standartların tətbiqini irəli sürür. Buna misal olaraq Aİ-nin Azərbaycandan enerji və neft məhsullarının  ixrac və daxili tələbat qiymətlərində eyni və ya oxşar standartları tətbiq etməsi gözləntisidir ki, bu da Azərbaycan üçün qəbuledilməz bir məqamdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR