Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 21-də Bakıda keçirilmiş 3-cü Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Andranik Simonyan ikitərəfli münasibətlərin normallaşması çərçivəsində Ermənistan tərəfinin Bakıdan geri almaq istədiyi 10 nəfərin siyahısını Azərbaycan tərəfinə verib.
Bu barədə "Hraparak" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, A.Simonyanın təqdim etdiyi siyahıdakı şəxslər bunlardır: Erik Qazaryan, Levon Balayan, David Alaverdyan, Melikset Paşayan, Qarik Martirosyan, Vasili Beqlaryan, Lüdviq Mkrtçyan, Alyoşa Xosrovyan, Qurgen Stepanyan, Mədət Babayan.
Həmçinin qeyd olunub ki, Simonyan Bakıda mühakimə olunan erməniəsilli şəxslərdən - 8 nəfərdən heç birinin azadlığa buraxılması və geri qaytarılması barədə danışmayıb.
İddia olunur ki, adları çəkilən 10 nəfərin azadlığa buraxılması müqabilində Azərbaycan tərəfi də bəzi şərtlər irəli sürüb. Mənbə bildirir ki, Andranik Simonyan Azərbaycanın tələbini yerinə yetirməyə razılaşıb.
Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl məsələ ilə bağlı Musavat.com-a danışıb:
"Əvvəla, qeyd olunan 8 nəfərin adının siyahıda olmamasının səbəbi ondan ibarətdir ki, onların barəsində hələ məhkəmə hökmü yoxdur. Məhkəmə qərarı olmadan həmin şəxslərin əfv edilməsi, xüsusilə də onlara qarşı cinayət işi qaldırıldığı fonunda mümkün deyil. Qarşı tərəf – Ermənistan da bunu anlayışla qarşılayır. Amma həmin 10 nəfərin azad olunması məsələsi kifayət qədər real görünür. Təbii ki, müəyyən tələblər mövcuddur, lakin mən hesab edirəm ki, əgər hamısı birdən-birə buraxılmasa da, onların içərisində artıq məhkum olunmuş, yaşı və səhhəti nəzərə alınmalı bəzi şəxslər var. Bu, humanist bir addım kimi həm də iki dövlət arasında etimad mühitinin formalaşmasına xidmət edə bilər. Xüsusilə də sülh sazişinin imzalanması ərəfəsində bu cür jestlər hər iki tərəfin mənafeyinə uyğundur.
Hətta açıq deyim ki, biz gözləyirdik – Simonyan geri dönərkən belə bir addım atılacaq və özü ilə ən azı 2-3 nəfəri aparacaq. Bu, ehtimal edilən bir hal idi. Lakin rəqəmin daha böyük olması, ehtimal ki, müəyyən şərtlərin və tələblərin irəli sürülməsinə səbəb oldu. Ona görə də düşünürəm ki, bu məsələnin yaxın vaxtlarda reallaşması daha böyük məqsədə çatmaq baxımından mühüm rol oynaya bilər. O böyük məqsəd isə hamıya məlumdur – sülh müqaviləsinin imzalanması.
Artıq həm siyasi dairələrdə, həm də hər iki ölkənin ictimai-siyasi mühitində, eyni zamanda Qərb dairələrində bu barədə geniş müzakirələr gedir. Hətta ehtimal olunur ki, sülh müqaviləsi 2026-cı ilə qədər uzanmasın, 2025-ci ildə belə imzalana bilsin.
Baxmayaraq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu prosesin 2026-cı ilin ilk rübündə – yəni ilin birinci üç ayında baş verə biləcəyini açıqlamışdı, prosesin daha tez reallaşma ehtimalı da kifayət qədər yüksəkdir. Ona görə də bir daha qeyd etmək istərdim: qarşıda duran ən böyük məqsəd sülh müqaviləsinin imzalanmasıdır. Bunun üçün isə iki dövlət arasında etimadın möhkəmləndirilməsi vacibdir və məhz bu cür humanist addımlar bu yolda çox yerinə düşür və məqsədəuyğun hesab olunur".
Xalidə Gəray
Musavat.com
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ