Onlayn ictimai-siyasi qəzet
Avqustun 30-da 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçki kampaniyasına yekun vurdu.
Bakı Tennis Akademiyasında baş tutan görüş dövlət himnimizin səsləndirilməsi ilə başladı.
Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri açıq elan edən Azay Quliyevin vəkili Bahar Əliyeva seçiciləri salamladı və onlara görüşə qatıldıqlarına görə təşəkkürlərini bildirdi: “Bildiyiniz kimi, biz artıq 23-cü gündür sizlərlə görüşlərə gəlirik, birlikdə müzakirələr aparırıq. Bu müddətdə necə uğurlu seçki kampaniyası həyata keçirdiyimizin şahidi oldunuz. Həm bu məkanda, həm də məhəllələrinizə gələrək çoxsaylı görüşlər keçirdik. Hər keçən görüşdə sizlərin böyük dəstəyini və rəğbətini görmək bizim hamımız üçün çox xoş idi. Buna görə hər birinizə, 8 saylı dairənin bütün seçicilərinə dərindən minnətdarlığımızı bildiririk.
Bu gün isə sizinlə seçki kampaniyasının yekun tədbirində birlikdəyik.
Əlbəttə, bu gün biz daha çox seçki kampaniyası dövründə gördüyümüz işlərdən danışacaq və sentyabrın 1-də üzərimizə düşən vəzifələri bir daha müzakirə edəcəyik.
Bilirsiniz ki, Azay Quliyevin 8-ci dairədən namizədliyinin irəli sürülməsi onun təşəbbüsü deyildi, biz seçicilər, təxminən 100 nəfər toplaşaraq iyulun 17-də seçicilərin təşəbbüsü qrupunu yaratdıq və Azay müəllimin namizədliyini bu dairədən təkrar irəli sürdük. Təşəbbüs qrupunun adını “Birlikdə Güclüyük” qoyduq. Bütün təşviqat boyu bir daha əmin olduq ki, bu adı təsadüfən seçməmişik, əziz seçicilər, siz sübut etdiniz ki, həqiqətən biz birlikdə güclüyük!
Təbliğat-təşviqat kampaniyası da çox maraqlı və canlı keçdi. İlk görüşümüz avqustun 9-da şəhid ailələri, qazilərlə oldu və ilk növbədə onların xeyir-duasının alaraq yola çıxdıq. Sonra intensiv görüşlərə başladıq. 23 günlük kampaniya dövründə 9 görüş Tennis Akademiyasında, 10 görüş məhəllələrdə, 7 görüş qərargahda oldu. Toplam 26 görüş keçirdik. Bundan başqa, qərargahın üzvləri demək olar ki, hər gün dairənin bütün ərazilərində seçicilərlə fərdi görüş keçirdi, deputatımızın fəaliyyəti haqqında hazırladığımız hesabatı və növbəti görüşlərin dəvətini onlara çatdırdıq. Bir sözlə, üzərimizə düşən hər şeyi etdik seçki kampaniyamız nəinki dairədə, o cümlədən ölkə üzrə tam hiss olunsun. Çox şükürlər olsun ki, buna nail olduq. Sevinirik ki, Azay Quliyevin seçki kampaniyası 125 dairə üzrə ən uğurlu və coşqulu kampaniyalardan biri oldu”.
Daha sonra söz Azay Quliyevə verildi. Seçicilərin alqışları ilə tribunaya gələn A.Quliyev onlara dərin minnətdarlığını bildirdi: “Biz 3 həftədir ki, sizinlə birlikdə seçki kampaniyası aparırıq. Bu müddətdə sizdən böyük dəstək, səmimiyyət gördüm. Bu gün bizim seçki kampaniyası çərçivəsində sizinlə yekun görüşümüzdür. 2 gün sonra çox mühüm bir vəzifəni yerinə yetirməliyik. Hamınız bir nəfər kimi 1 sentyabrda səsverməyə gedin, ən layiqli hesab etdiyiniz namizədə səs verin. Necə ki, seçki kampaniyası dövründə böyük dəstəyinizi gördüm, səsvermə günü də eyni dəstəyi nümayiş etdirəcəyinizə əminəm. Bir məsələni də unutmayaq ki, bu seçki tarixi seçkidir. İlk dəfədir ki, ölkəmizin hər yerində, bütöv, qalib Azərbaycanda parlament seçkiləri keçiririk. Qarabağda və Şərqi Zəngəzurda yaradılmış seçki məntəqələrində minlərlə vətəndaşımız səs verəcək.
Bizə bu qüruru və xoşxbəxtliyi yaşadan Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, şanlı Ordumuza sonsuz təşəkkürlərimizi bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyirik, seçkilərin xalqımıza və dövlətimizə xeyirli olmasını arzu edirik”.
“Birlikdə Güclüyük”
Azay Quliyevin Seçki Qərargahı
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ