Onlayn ictimai-siyasi qəzet
Rusiyada "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi çərçivəsində aparılan istintaq təsdiqləyib ki, hava gəmisini Suriya ərazisindən Rusiyaya gətirilmiş "Pantsir-S1" hava hücumundan müdafiə sistemi vurub.
Musavat.com xəbər verir ki, bu barədə "Caliber"ə məlumat daxil olub.
Bundan əlavə, Rusiya istintaqı Azərbaycan təyyarəsinə qarşı radioelektron mübarizə vasitələrinin (REM) tətbiqini də təsdiqləyib ki, bu da təyyarənin idarəetmə sisteminin sıradan çıxmasına səbəb olub.
Rusiya istintaqı yalnız mülki təyyarəyə atəş açan şəxsi deyil, həm də bu əmri verən şəxsi müəyyən edib. Üstəlik, "Caliber"ə həmin şəxslərin adları və rütbələri artıq məlumdur, bu məlumatlar oxucularla lazım olan anda paylaşılacaq.
"Caliber"in materialında bildirilir:
"Hələlik biz Kremlin rəsmilərinə müraciət edirik: əmin olun ki, biz artıq faciədə birbaşa təqsirkar olan hərbçilərin adlarını və rütbələrini bilirik. Təbii ki, siz həqiqəti gizlətmək xəttini davam etdirə bilərsiniz və bununla faktiki olaraq cinayətin iştirakçısı olursunuz. Yaxud prosesi uzatmadan şərəfli şəkildə davranaraq faciəyə görə məsuliyyəti qəbul edə bilərsiniz.
Çünki indiki davranışınız şərəfsiz, mənasız və açıq-aşkar utancvericidir. Biz başqalarını günahlandırmaq istəklərinizi, Malayziya "Boeing"i və ya Cənubi Koreya təyyarəsi ilə bağlı çoxsaylı alternativ versiyalar yaratmaq cəhdlərinizi başa düşürük. Ancaq Azərbaycan Rusiya ilə münasibətlərdə heç vaxt belə hərəkət etməyib. Hətta Azərbaycan hərbçiləri tərəfindən 9 noyabr 2020-ci ildə vurulan hərbi helikopterinizlə bağlı vəziyyətdə belə. Xatırladaq ki, o, gecə vaxtı, alçaq hündürlükdə, transponderləri söndürülmüş halda Naxçıvan sərhədinə doğru irəliləyən erməni kolonunu müşayiət edirdi. Prezident İlham Əliyev o zaman tam haqlı olaraq bildirə bilərdi ki, bu, qanuni hərbi hədəf idi. Amma o, kişilik nümayiş etdirərək üzr istədi, helikopterin dəyəri ödənildi və həlak olanların ailələrinə kompensasiya verildi.
Eləcə də, Qarabağda öldürülən rusiyalı sülhməramlılar barədə yayılan mifləri dağıdaq.
Qeyd edək ki, həmin fotolar məhz sizin xüsusi xidmət orqanlarınız tərəfindən şəbəkəyə sızdırılmışdı. Rusiya sülhməramlı kontingentinin antiterror əməliyyatı günü - 23 sentyabr 2023-cü il tarixində yeganə tapşırığının bazada qalmaq və heç bir müdaxilə etməmək olduğu əvvəlcədən xəbərdar edilmişdi. Kontingentin böyük əksəriyyəti bu "çətin" tapşırığın öhdəsindən uğurla gəldi. İstisna təşkil edən bir neçə zabit isə xəbərdarlıqlara məhəl qoymayaraq və Azərbaycan tərəfi ilə razılaşdırmadan bazanı tərk etməyə qərar verdilər. Döyüş şəraitində hər hansı razılaşdırılmamış avtomobil avtomatik olaraq hədəf sayılır və təəssüf ki, həmin zabitlər atəşə məruz qaldılar. Məhz buna görə də açıq şəkildə deyilmişdi: heç yerə çıxmayın. Buna baxmayaraq, faciənin ciddiliyinə rəğmən, Azərbaycan tərəfi məsuliyyəti öz üzərinə götürdü, üzr istədi və təqsirkarları məsuliyyətə cəlb etdi.
İndi isə sual yaranır: Azərbaycan-Rusiya münasibətləri bundan sonra necə olacaq? İnformasiya mənbələrinin bizə bildirdiyinə görə, əgər Rusiya bu işi ört-basdır etməyə və istintaq nəticələrini açıqlamamağa çalışsa, Azərbaycan beynəlxalq hüquq instansiyalarına müraciət edəcək. Həmçinin, məsuliyyətin etiraf edilməməsi və bununla bağlı bütün nəticələr Azərbaycan-Rusiya münasibətlərində dönüş nöqtəsi olacaq. Onsuz da az sayda dost dövlətləri qalan Rusiya tezliklə Azərbaycan kimi bir dövləti də itirmək riski ilə üz-üzədir. Üstəlik, son hadisələr fonunda Azərbaycanın əhalisi arasında Rusiyanın onsuz da aşağı olan nüfuzu daha da pisləşib".
Musavat.com
25 Yanvar 2025
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ