İnsanlara hürriyət, millətlərə istiqlal!

Azad olunan ərazilərdə çadır qurub yaşayanlar var

Böyük qayıdış prosesi necə gedir?

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin sakinləri öz yurd-yuvalarına qayıtmaqlarını səbirsizliklə gözləyirlər. Laçın və Kəlbəcər rayonlarının sakinlərindən imkan olan hər kəs yay aylarında heyvanlarını, arılarını götürərək doğma yurdlarına gedirlər. Bugünlərdə Kəlbəcər rayonunun Başlıbel kənd sakinlərinin sosial şəbəkə paylaşımlarından aydın olub ki, yay aylarında doğma yurduna gedərək çadır qurub orada qalanların sayı ildən-ilə artır. İnsanlar yaşayış evlərinin tikintisini gözləmədən bütün çətinliklərə dözərək öz kəndlərində yaşamağa çalışırlar.

Aydın məsələdir ki, 30 il vətən həsrəti çəkən insanlar üçün azad olunmuş yurduna kənardan baxmaqla kifayətlənmək çətin məsələdir: hamı bir an öncə öz obasına dönməyi arzulayır, bir çoxları isə səbirsizlənərək prosesin gec getməsindən gileylənir. Lakin Vətən müharibəsindən keçən müddət göstərir ki, yay aylarında bir neçə həftəlik doğma yurdda qalmaqla, orada daimi yaşamaq çox fərqli şərtlər tələb edir: ərazilər minalardan təmizlənmədən, qaz, su, elektrik enerjisi, yol təminatı həyata keçirilmədən, ən əsası insanlar üçün iş yerləri yaradılmadan ərazilərə kütləvi köçürülməni həyata keçirmək mümkün deyil. Məlumdur ki, bu ilin mayında Laçın şəhərinə əhalinin köçürülməsinə başlanıb. İndiyədək 217 nəfərdən ibarət 57 ailə Laçına köçürülüb, ilin sonunadək 700-dən yuxarı ailənin köçürülməsi nəzərdə tutulur. May ayında köçən sakinlərin mətbuata verdikləri açıqlamalardan aydın olur ki, onlar Laçında ərzaq təminatı, iş baxımından çətinliklər yaşayırlar. Bu isə o deməkdir ki, hətta evlər, xidmətlər olan ərazilərdə də məskunlaşmaq bir sıra çətinliklərlə müşayiət olunur.

Azərbaycan hökuməti Böyük Qayıdış üzrə dövlət proqramının icrasına ayrılan vəsaitlərin həcmini sürətlə artırır. Maliyyə Nazirliyinin  məlumatına əsasən, 2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin xərcləri 6 milyard 566,9 milyon manat və ya rüblük proqnoza qarşı 11,6 faiz çox icra edilib. Bu il üçün dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 3 milyard manatın birinci rübdə 35,5 faizi və ya 1 milyard 67 milyon manatı istifadə olunub. Bunun 1 milyard 42,5 milyon manatını Avtomobil yolları Dövlət Agentliyi, 13,0 milyon manatı “Meliorasiya və Su Təsərüffatı” ASC, 6,0 milyon manatı Minatəmizləmə Agentliyi, 5,5 milyon manatı digər icraçılar tərəfindən xərclənib.

2023-cü il dövlət büdcəsinə edilən dəyişiklikdən aydın olur ki, azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsinə əlavə olaraq 2 milyard 260 milyon manat ayrılmaqla onun ümumi həcmi 5 milyard 260,0 milyon manata çatdırılacaq. 

Hökumət ilk öncə rayon mərkəzləri, böyük şəhərləri məskunlaşdırmaq niyyətindədir. Açıqlanan rəsmi məlumatlardan aydın olur ki, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində keçmiş sakinlərin Şuşaya qayıtması və onların layiqli həyat şəraitinin yaradılmasını təmin etmək üçün artıq ötən ilin avqust-sentyabr aylarından başlayaraq 23 bina, 450 mənzildən ibarət yaşayış kompleksinin tikintisinə start verilib. Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəliyinin baş məsləhətçi Kənan Quliyevin verdiyi məlumata əsasən, Prezident İlham Əliyevin Şuşa şəhərinə son səfəri zamanı da 17 binanın təməli qoyulub.

Onun sözlərinə görə, 23 bina layihəsinə uyğun olaraq 2023-cü ilin sonundan etibarən 450 mənzilə təxminən 1 500 nəfərin köçürülməsi nəzərdə tutulur. Əlavə olaraq, ümumtəhsil məktəbinin və rayon mərkəzi xəstəxanasının inşası davam etdirilir. Keçmiş poçt binasının əsaslı təmirinə başlanılıb. Bina özündə ASAN, DOST, KOB-u birləşdirəcək. Bu layihənin də yekunlaşdırılması 2023-cü ilin sonlarına planlaşdırılır.ə

 

Yaxın 3 ildə Füzulidə 6 minə yaxın ev tikiləcək | marja.az

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətovun verdiyi məlumatda isə qeyd olunur ki, 2025-ci ildə Ağdam şəhərinə ilk sakinlər qayıdacaqlar. 2027-ci ilədək şəhərdə təxminən 10 min mənzil inşa olunacaq: “2022-2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzurda 34,5 min mənzilin tikilməsi planlaşdırılır. Ağdam rayonunda 9,7 min mənzilin tikilməsi planlaşdırılıb. 2025-ci ildə Ağdam şəhərinə və ilk bərpa olunan kəndlərə əhalinin köçürülməsi nəzərdə tutulub”.

Öz növbəsində, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidov qeyd edib ki, Ağdamda 24 min nəfərdən çox sakinin yaşayacağı 5 min mənzillik beş yaşayış məhəlləsi inşa ediləcək. O bildirib ki, 2026-cı ilin sonunadək Ağdam şəhəri və ətraf kəndlərə 42 min insan köçürüləcək.

Hökumət eyni zamanda Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli şəhərlərində yaşayış, dövlət və ictimai binaların tikintisinə başlayıb. Bir sıra kəndlərdə də tikinti işləri həyata keçirilməkdədir.

Aydın məsələdir ki, əhalinin azad olunan ərazilərdə sərbəst yaşaması üçün onların təhlükəsizliyinin təmin olunması ən ümdə vəzifədir. Ermənistan tərəfinin yekun sülh sazişi və sərhədlərin demarkasiyasına yaratdığı problemlər bu sahədə çətinliklər yaradır. Buna görə də Azərbaycan dövləti müdafiə qabiliyyətini, ordunun potensialını artırmağı azad olunan  ərazilərin bərpası qədər vacib hesab edir. Təsadüfi deyil ki, bu ilin dövlət büdcəsinə edilən dəyişikliklə ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün əlavə olaraq 1 milyard 105,0 milyon manat yönəldiləcək. Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 2 milyard 70,0 milyon manat təşkil edəcək.

Yazını hazırladı: Dünya SAKİT

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR