İnsanlara hürriyət, millətlərə istiqlal!

Azad edilmiş ərazilərin zibillənməsinin qarşısını necə alaq?  

 

Böyük Qayıdışa dair I Dövlət Proqramı tədbirlər planında əks olunan fəaliyyətlər üzrə icra edilir. İşğaldan azad edilmiş rayonlarımıza əhalinin köçürülməsi və bu ərazilərdə müxtəlif təyinatlı fermer təsərrüfatları, sənaye müəssisələri fəaliyyətə başlaqdıqca, bölgəyə gediş-gəliş çoxaldıqca bu ərazilərin məişət və sənaye tullantıları ilə çirklənməsi problemi də istər-istəməz meydana gəlməyə başlayır.

 Son bir neçə həftə ərzində sosial şəbəkələrdə Laçından və digər azad edilmiş ərazilərdən yayılan ətraf mühitin zibillənməsini əks etdirən görüntülər bunu təsdiqləyir. Məişət tullantılarının kor-koranə haraya gəldi atılması hallarına rast gəlinir. Sellofan torbaların, şüşə və plastik su maye qablarının və digər tullantıların çay kənarlarına, meşə ətrafına atılması və nəticədə ərazinin zibillənməsi müşahidə edilir. Nəticədə bu füsunkar ərazilərdə həm xoşagəlməz mənzərələr yaranır, həm də canlı təbiətə ziyan dəyir, yanğın təhlükəsi kimi ətraf mühit və təbiət üçün ciddi təhdidlər meydana gəlir.     

Bu cür halların yaşanmaması üçün ilk növbədə bölgədə yaşayan əhali, hər bir sakin, eləcə də təsərrüfat və sənaye fəaliyyəti, mövsümi işlərlə məşğul olan insanlar məişət tullantılarını haraya gəldi atmamalıdırlar. Hər kəs düşünməlidir ki, bu gün özünün yaşadığı, sabah qohumunun, kəndçisinin gəlib yaşayacağı bu kəndlərin, bu rayonun təmiz saxlanması zəruridir, ətraf mühitin təmizliyini öncə bir vətəndaş kimi, sakin kimi o qorumalıdır. Ətraf mühitə, təbiətə ziyan vuran insanlara qarşı ictimai qınaq metodundan istifadə edilməlidir. Bütün bunlar nəticə vermədiyi halda dövlətin qanunları qarşısında cavabdehlik məsələsi gündəmə gələcək.

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimov Musavat.com-a bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə son üç ayda həyata keçirdikləri “Təbiətin qorunması üçün icmalarla iş” layihəsi çərçivəsində Kəlbəcər rayonunun ən böyük kəndlərindən olan Başlıbelin sakinləri ilə ətraf mühitin, təbiətin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısının alınması mövzusunda söhbətlərində maraqlı ideyalar və təkliflər səslənib: “Birincisi, tulantıları atmaq üçün xüsusi şəraitli ərazilərin-poliqonların yaradılması məsələsinin vacibliyi önə çəkilir. Eyni zamanda sakinlər məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin paytaxtda və bir sıra başqa şəhərlərimizdə “Təmiz ölkəm” devizi ilə hər həftə sonu həyata keçirdiyi maarifləndirici təmizlik aksiyaları kimi aksiyaların işğaldan azad edilmiş bölgələrdə də tətbiq edilməsinin ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması və ya azalması sarıdan əhəmiyyətli ola biləcəyini düşünürlər.

Ən müxtəlif sosial çarxlarla, canlı görüşlərlə hər kəsi öz məişət tullantılarını yalnız xüsusi müəyyən edilmiş yerlərə atmağa, ətrafa yayılmış tullantıları toplamağa təşviq etmək zəruridir. Evimiz kimi ölkəmizin də hər bucağının tərtəmiz olması hər birimizin məsuliyyətidir və təmizlik aksiyalarında iştirak etmək, örnək göstərmək vətəndaşlıq borcumuzdur. Çünki, cəmiyyəti narahat edən məsələlərdən biri də xüsusilə istirahət mövsümündə ərazilərin çirkləndirilməsidir.

Gəlin, tullantıları hara gəldi atmayaq və onlara nəzarət edək. Bu mühüm işdə hər kəs öndə getsə, “zibili hara gəldi atmaq” vərdişinin yox edilməsinə çalışsa, ərazilərimizi çirkləndirən kimsə qalmaz”.

Etibar Seyidağa,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR