Onlayn ictimai-siyasi qəzet
Bakının bir sıra küçə və prospektində mobillik imkanlarının yaxşılaşdırılması, avtomobillərin, o cümlədən ictimai nəqliyyatın hərəkət sxemlərinin optimallaşdırılması və yenidən təşkili istiqamətində genişmiqyaslı işlər davam etdirilir.
Musavat.com xəbər verir ki, Qərb ölkələrinin təcrübəsində istifadə olunan innovativ metodların tətbiqi ilə bu proses sürətlə və səmərəli şəkildə həyata keçirilir. Yollarda asfalt örtüyünün boyanması, həmçinin nişanlanma xətlərinin silinməsi üçün xüsusi texnikalardan istifadə olunur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, hərəkətin sıx olduğu Xocalı prospektində (metronun “Xətai” stansiyasından Yusif Səfərov küçəsi ilə kəsişməyədək) sözügedən texnika vasitəsilə yeni nişanlanma işləri aparılıb. Prospektdə mövcud 2 zolaq və parklanma yerləri saxlanılmaqla velosiped zolağı təşkil edilib.
Xaqani küçəsinin yeni təmirdən çıxmış hissəsində isə üfüqi yol nişanlanması işləri həyata keçirilib. Həmçinin parklanma yerləri saxlanılmaqla, hərəkət zolaqlarının eninin standartlara uyğunlaşdırılması nəticəsində mikromobillik vasitələri üçün zolaq və nəqliyyat vasitələri üçün 2 hərəkət zolağı təşkil edilib. Ərazidə zolaqlar kanallaşdırılıb. Bu da yol səthinin daha səmərəli istifadəsinə şərait yaradır.
Xaqani küçəsində ötürmə imkanlarına xələl gətirmədən həm avtomobillərin maneəsiz hərəkəti və parklanması, həm də mikromobillik vasitələrindən istifadə edən vətəndaşların rahat hərəkəti üçün optimal şərait yaradılmasına nail olunub. Belə ki, bu küçədə innovativ yanaşma tətbiq edilərək velosiped zolaqları parklanma yerlərindən əvvəl təşkil edilib. Bu isə velosipedçilərin təhlükəsizliyini təmin etməklə yanaşı, avtomobillərin də parklanma zamanı rahat hərəkətinə imkan yaradır. Bu təcrübə dünyanın bir çox ölkələrində uğurla sınaqdan keçirilib.
Xaqani küçəsində parklanma yerlərinin saxlanılmasında əsas məqsəd mobilliyin idarə olunması və əlçatanlığın maksimum dərəcədə təmin edilməsidir. Bundan əlavə, bütün küçə boyu velosiped yollarının təşkili nəzərdə tutulur. Bu da Bakı şəhərində mikromobillik vasitələrinin hərəkət zonalarının genişləndirilməsi konsepsiyasına uyğundur.
Qeyd edək ki, 28 May küçəsində də genişmiqyaslı işlər aparılıb. Burada yolun hərəkət hissəsinin sol tərəfində mikromobillik vasitələri, sağ tərəfində ictimai nəqliyyat, onların arasında isə ümumi istifadə üçün zolaqlar təşkil olunub. Yolun hərəkət hissəsinin eni nəzərə alınmaqla parklanma yerləri də yaradılıb. Bununla da paytaxtın nəqliyyatın intensiv olduğu mərkəzi küçələrindən birində mobilliyin təmin edilməsi üçün bütün tələblər nəzərə alınaraq hərəkət iştirakçıları üçün müvafiq şərait yaradılıb.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ