İnsanlara hürriyət, millətlərə istiqlal!

Aydın Hüseynov: “Proses davam edir, Azərbaycan artıq buna start verib”

“Azərbaycan 24 saatlıq antiterror əməliyyatlarından sonra Qarabağda suveren hüquqlarını tam bərqərar edərək yeni siyasi və sosial-iqtisadi reallıqlar formalaşdırır. Bu prosesin yeni mərhələsində Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması, dinc həyat quruculuğunun, reinteqrasiyanın təşkili əsas çağırışlar kimi qarşıda durur”.

Bu fikirləri Musavat.com-a millət vəkili Aydın Hüseynov bildirib.

O, bölgədə sülh və əmin-amanlıq şəraitində, o cümlədən Qarabağ iqtisadi rayonuna aid bütün ərazilərdə Azərbaycan qanunları və siyasi hakimiyyətinin təmin olunacağını vurğulayıb:

“Bu isə yalnız Qarabağ üçün deyil, bütövlükdə Qafqaz üçün sülh və sabitlik gətirəcək münbit şərait, dərin təməllər deməkdir. Xankəndidə və Qarabağda Azərbaycan vətəndaşları olan ermənilər üçün də firəvan həyat dövrü başlayır. Azərbaycan artıq buna start verib və Yevlax görüşündən sonra humanitar missiya ilə proses irəliləməkdədir. Bundan sonra Xankəndi, Ağdərə, Əsgəran və s. ərazilərimizdə məskunlaşmış erməni sakinlərimiz də bizim digər vətəndaşlar kimi eyni iqtisadi, sosial, humanitar hüquqlarla təmin ediləcək, həmin ərazilərdə də zəruri infrastrukturların bərpası, kommunikasiyaların yenidən qurulması, müxtəlif sosial və iqtisadi obyektlərin inşası həyata keçiriləcək. Azərbaycan vətəndaşları olan ermənilərin yaşadığı ərazilərdəki problemlərin həlli, o cümlədən bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır. Bu da qarşılıqlı birgəyaşayışa doğru ilk addımlardır.

Bu proseslər azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işlərini, o cümlədən məskunlaşmanı sürətləndirməklə yanaşı, Qarabağın inkişafında da əsaslı dönüş yaradacaq. Öz növbəsində, Ermənistanın da normallaşma prosesi çərçivəsində məsuliyyətli davranacağına və regionumuzda uzunmüddətli sülhü və sabitliyi təmin edəcək sülh sazişini imzalayacağına dərin inam yaradır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR