İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ayakve” hoqqabazlığı: qondarma “Artsaxı” xilas etmək, yoxsa Paşinyanı aradan qaldırmaq...

 

Bu yaxınlarda Ermənistanda Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasını cinayət hesab etmək məqsədi ilə referendum keçirilməsinə  çalışan “Ayakve” (Ermənistan referendumu) adlı təşəbbüs irəli sürülüb. Təşəbbüsün Nikol Paşinyanın mayın 22-də Ermənistan parlamentində Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olması barədə bəyanatına cavab olaraq yarandığı qeyd olunur..

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, imzaların toplanmasına ötən həftə başlanılıb və bu müddət ərzində İrəvandan 10 min, regionlardan isə 4500 imza toplanıb. “Facebook”dakı “Ayakve” səhifəsi də təxminən eyni sayda abunəçi qazanıb. Təşəbbüs bir həftə ərzində İrəvanda 12, Ermənistanın bölgələrində 14 imza toplama məntəqəsini işə salıb.

Təşəbbüsün koordinatoru Avetik Çalabyanın iyulun 8-də keçirdiyi mətbuat konfransında imzaların toplanmasının 60 təqvim günü davam edəcəyini söyləyib.

Ermənistan mediasının məlumatına görə, daha çox Paşinyan hökumətini hədəf alan bu yeni layihə iqtidar tərəfindən süngü ilə qarşılanıb.

 “Niyə parlament müxalifəti “Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına görə cinayət məsuliyyəti haqqında” qanun layihəsini birbaşa təqdim etmir? Cavab çox sadədir. Belə bir layihənin qəbulundan sonrakı saniyədə Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq və bunun müəyyən nəticələri olacaq. Ona görə də parlament müxalifəti yeni müharibənin məsuliyyətini özündən xalqın üzərinə atmağa çalışır. Müxalifətə isə çox sadə səbəbdən yeni müharibə lazımdır, yalnız o zaman Ermənistanda böyük insan və ərazi itkiləri bahasına onlar hakimiyyətə gələ biləcəklər, zatən başqa çıxış yolları da yoxdur”,-deyə “Vətəndaş sazişi” partiyasından Gevorq Papoyan bununla bağlı münasibətini açıqlayıb.

Erməni analitik Armen Bagdasaryan imzaların toplanması ilə “Qarabağı xilas etmək” istəyi arasında birbaşa əlaqə görmədiyini söyləyib. Onun sözlərinə görə, Qarabağın yenidən ələ keçirilməsi yalnız gücün dəyişməsi və Azərbaycanla qüvvələr balansının dəyişməsi ilə həyata keçirilə bilər. “Hesab edirəm ki, bu təşəbbüs daxili siyasi problemlərin həlli üçün bir vasitə kimi qiymətləndirilməlidir. Bu təşəbbüsün məqsədi cəmiyyətin konsolidasiyasıdır”, – deyə Bağdasaryan qeyd edib.

 “Əgər bu təşəbbüs nəticəsində cəmiyyəti birləşdirmək və hakimiyyət dəyişikliyi həyata keçirmək mümkün olarsa, o zaman ölkənin yeni rəhbərliyi Qarabağ məsələsində fərqli mövqe tuta bilər. Hətta əminəm ki, imzatoplama təşəbbüsünün təşkilatçıları özləri bunu ilk növbədə daxili siyasi alət hesab edirlər”, - deyə Armen Bağdasaryan bildirib.

“Həmin şəxslərin öz imzalarını müdafiə etmək üçün küçələrə çıxma ehtimalı yüksəkdir. Hakimiyyət bundan qorxur və buna görə də aktiv antitəbliğat vasitəsilə onu dayandırmağa çalışırlar”, – Armen Bağdasaryan vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR