İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobuslarda kondisioner və yoluxma problemi

Həkimlər xəbərdar edir; ictimai nəqliyyatda havalandırma sistemi olmazsa...

İstilərin düşməsi ilə Bakının marşrut avtobuslarında kondisioner problemi təzədən gündəmə gəlib. Görəsən bu yay problem özünü nə dərəcədə göstərəcək? Paytaxtda standarta cavab verən avtobusların sayı ötən illə müqayisədə artıb, ya azalıb?  

Artıq sərnişinlərdən şikayətlər gəlməyə başlayıb. Hətta iddia olunur ki, keçən yay kondisioner problemi olmayan bəzi avtobuslar artıq bu il “4 təkərli hamam”a çevriliblər. Bəs səbəb nədir? Maliyyə imkanlarının yoxluğu, yoxsa sahibkarların az məsrəflə daha çox qazanmaq istəyi? Axı gedişhaqqına kondisionerdən istifadə də daxildir. Qeyd edək ki, Rusiyada bütün  şəhər nəqliyyatında kondisioner kabinələrdə temperaturun +25 dərəcədən çox olmaması ilə bağlı təlimat verilib. Söndürülmüş kondisionerlər təkcə ona görə təhlükəli deyil ki, havasızlıq və istilik ürək-damar xəstəlikləri, eləcə də istilik və günvurma riskini artırır. Ehtiyatsız daşıyıcıların və sürücülərin kondisioneri işə salmaması insanların rahatlığı üçün başqa nəqliyyat növlərini - məsələn, taksi seçməsinə və ya şəxsi avtomobil almasına səbəb olur. Bu, sərnişin axınını azaldır ki, nəticədə həm sərnişinlərə, həm də nəqliyyat şirkətlərinin özlərinə ziyan vurur.

AzTV-nin aparıcısına nazirlikdə vəzifə verildi

Tural Orucov

AYNA mətbuat katibi Tural Orucov mediaya açıqlamasında bildirilib ki, müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür: "Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib. Hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır. Hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilib. Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilir. Həmçinin onlara yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq sərnişinlərin rahatlığı üçün avtobuslarda temperatur göstəricilərinin tənzimlənməsi barədə də tapşırıqlar verilib".

Başqa yandan, kondisioner işlək vəziyyətdə, pəncərələr bağlı avtobusda yol getməyin ziyanlı tərəfinin olduğunu söyləyənlər də var. Hesab edilir ki, əgər salonda bircə yoluxucu xəstə varsa, kondisioner vasitəsilə 10-15 dəqiqə ərzində o hamını yoluxdura bilər. O zaman nə etməli, necə qorunmalı?   

Rusiyalı Doktor Bayutina bildirib ki, avtomobilin kondisionerinə məruz qalma pnevmoniyaya səbəb ola bilər. Bir avtomobildə kondisioner sistemindən düzgün istifadə edilmədikdə, xroniki xəstəliklərin, o cümlədən legionellyoz və tonzillitin yaranması və ya kəskinləşməsi mümkündür. Baxım aparılmazsa, kondisionerlər mikroorqanizmlərin çoxalma meydanına çevrilir. Həkimin sözlərinə görə, kondisionerlərdə təkcə bakteriyalar deyil, həm də allergen kimi bronxial astmanın kəskinləşməsinə səbəb olan göbələk sporları da çoxalır. Və cihazın havanı qurutması səbəbindən konjonktivit, rinit, tonzillit və iltihabla əlaqəli digər xəstəliklər yarana bilər. Həkim, əsas xəstələr üçün maşın kondisionerlərindən istifadə edərkən ehtiyatlı olmağı tövsiyə edib, çünki aşağı temperatur qan damarlarının daralmasına səbəb olur ki, bu da təzyiqin və spazmın artmasına səbəb ola bilər. Mütəxəssis deyib ki, kondisionerin işləməsi ilə kabinədəki temperatur arasındakı optimal fərqi və kabinədən kənarda 5-6 dərəcə güclü fərq olmamalıdır; Bu nisbət bir tərəfdən sürücü və sərnişinlərin soyuqdəyməməsinə, digər tərəfdən isə özlərini rahat hiss etməsinə şərait yaradacaq. 

Mərdan Əliyev ilə "Hepatit C" virusu haqqında müsahibə

 Mərdan Əliyev

İnfeksionist Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Kondisioner insanların həyatını rahatlaşdırır, komfort yaradır. Bu mənada yaxşıdır. Burada diqqət olunmalı məsələ odur ki, insan tərli şəkildə soyuq avtobusa minir və birdən-birə temperaturun dəyişməsi tərləyən adam üçün zərərli ola bilər. Soyuq yerdən, yəni avtobusdan enəndə yenə havanın dəyişməsi insana mənfi təsir göstərə bilir. Amma yay fəsli olduğu üçün yoluxucu xəstəliklərin yayılması ehtimalı azdır. Avtobuslarda fikrimcə ventilyasiya sistemi var, təmiz havanın daxil olmasına da şərait yaradılır. O baxımdan, əgər havalandırma sistemi varsa, virusun yayılması ehtimalı çox azdır. Amma birdən soyuq, isti dəyişilməsi insanların səhhətinə mənfi təsir edə bilər”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR