Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı ölkələrində keçirilən seçkilərdən sonra Avropa Parlamenti Baş Assambleyası Strasburqda toplanıb. Belə ki, 720 millət vəkilinin qatıldığı iclasda növbəti 5 il üçün Avropa Parlamentinə sədr seçilib.
Hazırkı prezident, Avropa Xalq Partiyasının namizədi Roberta Metsola ilə Sol Qrupdan olan ispaniyalı deputat İrene Montero arasında seçim edən deputatların mütləq əksəriyyəti Metsolaya səs verib. Qapalı səsvermədə Metsola 562, Montero isə 61 səs toplayıb.
Onu da qeyd edək ki, R.Metsola bundan əvvəl də Avroparlamentin sədri olanda dəfələrlə Azərbaycana qarşı qətnamələrin qəbulunda fəal rol oynayıb. Avroparlamentin Azərbaycana qərəzli münasibəti illərdir davam edir. Yeni seçkilərə ərəfəsi də ölkəmizə qarşı qərəzli qətnamələr qəbul edildi. Bu ilin 7 fevralda növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün Avropa Parlamentinə dəvət göndərilmədiyi halda, qurum “Azərbaycandakı seçkiləri müşahidə etməyəcəyi ilə bağlı” absurd açıqlama yaymışdı. Nəzərə almaq lazımdır ki, Avropa Parlamentində Azərbaycana qarşı yekdil mənfi rəy də mövcud deyil. Anti-Azərbaycan isteriyasının arxasında yalnız bir qrup parlamentari dayanır. Əsasən Fransanı, qismən də Almaniya və bir-iki cırtdan dövlətləri təmsil edən həmin deputatlar erməni diasporu ilə əlaqəli, yaxud Avropada mövcud olan islamafob, irqçi, səlibçi və türkofob dairələrin nümayəndələridir. Yəni bu o deməkdir ki, Avropa strukturlarının Azərbaycana münasibəti dəyişməyəcək. Ən azından, Avroparlamentin münasibəti dəyişməyəcək. Çünki AP-yə yeni seçkilərdən sonra da R.Metsolanın vəzifəsi dəyişmədi. Doğrudur, Avropa Parlamentinin qərarlarının, nəinki Azərbaycana, heç Aİ üzvü olan ölkələrə belə ciddi təsiri yoxdur. Amma yalan və saxta iddialardan ibarət qərarlarıyla, bəzən “ürək bulandıra bilir”. O baxımdan, Avropa Parlamentinin Azərbaycana münasibətində dəyişiklik gözlənilirmi? Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi Azərbaycanla münasibətləri necə quracaq?
Fikrət Yusifov
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, bu regionda Azərbaycanla normal münasibətlər qurmadan uğur qazanmaq mümkün deyil: “Avropa Birliyi təsisatlarının Azərbaycana qarşı qərəzli mövqeyinin nə vaxtsa dəyişəcəyini gözlənilmir. Qərb artıq on illərdir ki, Azərbaycana qarşı belə bir mövqe formalaşdırıb. Qərbin bəlli oyun qaydaları var və hər bir ölkəni özünün oyun qaydalarına tabe etdirmək istəyir. Demokratik dəyərləri əlində silah edib, kiçik ölkələri özündən asılı vəziyyətə salmaq, Qərbin xarici siyasətinin fəlsəfəsidir. Azərbaycan isə müstəqil dövlət kimi Qərbin oyun qaydalarını qəbul etmir. Bu Azərbaycanın öz haqqıdır. Bu səbəbdən Avropa Birliyi və onun təsisatları ilə Azərbaycan arasında daimi bir gərginlik yaşanır. Lakin Avropa Birliyi çox yaxşı anlayır ki, Cənubi Qafqazda Azərbaycanın indiki durumu ilə barışmaqdan dolayı yol yoxdur. Bu gün Azərbaycan Cənubi Qafqazın söz sahibi olan ölkəsidir. Bu regionda Azərbaycanla normal münasibətlər qurmadan uğur qazanmaq mümkün deyil. Azərbaycan iqtisadi cəhətdən müstəqil və heç kimdən asılı olmayan bir ölkədir. Azərbaycan bu gün Avropanın enerji təchizatında yer almış və gələcəkdə ona yaşıl enerji ixrac edəcək bir ölkədir. Bütün bunların ortada olması səbəbindən, Qərb Azərbaycana müxtəlif yollarla təzyiqlər edərək onunla ”dil tapmağa" çalışır. Lakin Azərbaycan hökuməti onun daxili işlərinə kobud müdaxilənin qarşısını qətiyyətlə alır. Belə bir durumda Qərbin Azərbaycanla “Avropa standartlarının” tələblərində bəzi kompromislərə getməkdən başqa yolu qalmır. Bir sözlə, bu əməkdaşlığa heç vaxt son verilməyəcək və eyni zamanda münasibətlərdəki gərginlik də heç vaxt bitməyəcəkdir".
Bəhruz Məhərrəmov
Deputat Bəhruz Məhərrəmov Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi ilə Qərb təsisatlarının barışmadığını qeyd etdi: “Azərbaycan Respublikası Avropa strukturları ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır və bu istiqamətdə ötən dövr ərzində davamlı siyasi kurs yürüdülüb. Bu da çox təbiidir, çünki, məsələn Avropa İttifaqının timsalında yanaşsaq, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. İdxal tərəfdaşları sırasında isə Avropa İttifaqı ikinci yerdə dayanır. Eləcə də digər Avropa strukturları ilə Azərbaycan arasında effektiv və səmərəli əməkdaşlıq modelləri qurulub. Bu gün Azərbaycanın aralarında Avropa İttifaqının tam hüquqlu üzvləri də olmaqla qoca qitənin 10-dan artıq dövləti ilə strateji tərəfdaşlıq münasibətləri qurulub. Eləcə də Azərbaycan Prezidentinin zamanında reallaşdırdığı infrastruktur layihələri Azərbaycana imkan verir ki, Avropa dövlətlərinin enerji təhlükəsizliyində və dolayısı ilə milli təhlükəsizliyində əhəmiyyətli rol üstələnsin. Lakin, təəssüflər olsun ki, münasibətlərin effektiv axarı, habelə ikitərəfli və çoxtərəfli münasibətlərin genişlənə bilən perspektiv inkişaf imkanlarına baxmayaraq bir sıra Avropa təsisatları Azərbaycanla münasibətləri ayrı-ayrı şəxslərin, o cümlədən qrupların maraqlarına qurban verməkdədir. Xüsusən, Azərbaycanın Vətən müharibəsində və antiterror tədbirlərində böyük zəfərlərinin ardınca regionda münaqişəyə maraqlarının təmini üsulu kimi baxan Qərb imperializmi və bu qisimdə Avropa strukturları Azərbaycanın beynəlxalq hüququn aliliyini təmin edərək özünün ərazi bütövlüyü və suverenliyini bərqərar etməsi, habelə separatizmə son qoymasını fərqli məzmunda şərh edərək ölkəmizə qarşı total hücumlar həyata keçirməyə başlamışlar. Heç şübhəsiz ki, müşahidə olunan bu siyasi kurs bütövlükdə Avropa strukturlarının özlərinin maraqlarına uyğun deyil. Görünən odur ki, bu strukturlarda, ələlxüsus Avropa Parlamentində möhkəmlənən erməni diasporu fəalları, o cümlədən erməni əsilli milyarderlərin təsir imkanları əhəmiyyətli rıçaq kimi çıxış etməkdədir. Həmçinin bir sıra Avropa strukturları, o cümlədən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında Fransanın ciddi təsir imkanlarının mövcudluğu bu strukturların Azərbaycana münasibətdə davranışlarına əhəmiyyətli dərəcədə mənfi yön verməkdədir. Bu mənada, Avropa strukturlarına qeyd olunan subyektlərin təsirləri neytrallaşdırılmayana qədər bu strukturlarda kimin hansı vəzifə tutmasının və kimin vəzifəsi dəyişməsinin o qədər də önəmi yoxdur”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ