Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyakın Azərbaycan və Orta Asiya qazının Avropaya nəqlində mühüm rol oynayacağına dair bəyanatı erməni mediasında ciddi əks-səda doğurub. Erməni analitikləri Azərbaycanın eyni anda həm Rusiya, həm Avropa, həm də Ukrayna ilə strateji əhəmiyyətli danışıqlar apara bildiyini deyir, Ermənistan baş naziri Nikol Paşinyanı isə həmin ərəfədə velosiped yarışı keçirməkdə günahlandırırlar. Erməni müəllifləri əmindirlər ki, Azərbaycanın Ukrayna üzərindən Avropaya nəql edəcəyi qaz, əslində, rus qazı olacaq və rəsmi Kiyev də bunu bilməmiş deyil.
“Kiyevdə guya başa düşmürlər ki, ölkəyə veriləcək qaz eynilə Rusiyanındır. Sadəcə fərqli bir ad olacaq və buna görə də təkcə Rusiya pul qazanmayacaq. Azərbaycan qazananlar sırasında ən bariz namizədlərdəndir. Üstəlik, ildə bir neçə milyard dollarlıq qazancdan söhbət gedir. Və birdən-birə Ukraynada hər şey sakitləşdi. Sanki Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən narazılıq olmayıb. Sanki (Ukraynada) “Qazprom”la müqavilə bağlayan SOCAR-ın yanacaqdoldurma məntəqələrini boykot etməyə çağırışlar olmayıb,. Sanki Ukraynanın qəzəbləndiyi BRİKS-ə qoşulmaq üçün Azərbaycandan heç bir müraciət ünvanlanmayıb”, - sitat erməni mətbuatındandır.
Maraqlıdır Ukraynanın Azərbaycandan Avropaya nəql etməyi planlaşdırdığı qaz həqiqətən də Rusiyanın olacaq?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında erməni analitiklərin məntiqini və arqumentlərini anladığını, amma onların bəzi incə xüsusları unutduğunu deyib: “Ermənilərin arqumentində həqiqət payı Azərbaycan və Orta Asiya qazının Ukrayna üzərindən Avropaya nəqlindəki texniki problemlərlə bağlıdır. Çünki Azərbaycandan Ukrayna vasitəsilə Avropaya qaz nəqli yalnız bir halda mümkündür – kəmər Rusiyadan və ya Qara dənizdən keçməlidir. Rusiyanın maraqları yerinə yetirilməsə, təbii ki, bu layihəni reallaşdırmaq mümkün deyil. Görünür, bu məntiqə söykənən ermənilər Ukrayna üzərindən nəqli planlaşdırılan Azərbaycan qazının əslində Rusiya mənşəli olacağına inanırlar”.
Bu ehtimalı istisna etməyən Heydər Oğuzun fikrincə, burda qeyri-adi və ya Avropa İttifaqı qanunvericiliyinə, həmçinin Ukraynanın enerji siyasətinə zidd heç bir məqam yoxdur:
“Rusiya qazının üçüncü dövlət tərəfindən Avropaya nəqli yeni fikir deyil və başda ABŞ və Aİ olmaqla Qərbin güclü dövlətlərinin də enerji strategiyasına uyğundur. Məsələ burasındadır ki, Ukrayna savaşına qədər Avropa İttifaqının qaz təchizatının 40%-dən çoxunu Rusiya ödəyirdi. 2019-cu ilə qədər Avropaya hardasa 500 milyard kub metr həcmində qaz nəql edən Rusiyanın tamamilə dövriyyədən çıxarmaq olmazdı. Zatən Avropalılar və ABŞ da bunu tələb etmirdi. Qərb ölkələrinin Rusiyadan sadəcə iki tələbi vardı:
1) Rus qazı birbaşa Rusiya şirkətləri tərəfindən Avropanın qaz istehlakçılarına ötürülməsin;
2) Avropanın qaz təchizatında Ukrayna tamamilə kənarda buraxılmasın – yəni rus qazı ancaq Ukrayna üzərindən keçərək Avropaya nəql olunsun. Rusiya isə “Şimal axını-1” və “Şimal axını-2” kəmərləri ilə Qərbin bu tələblərini yerinə yetirmirdi. Əksinə, Avropaya nəql olunacaq bütün qazını başqa kəmərlər vasitəsilə ötürmək projelərini həyata keçirmək istəyirdi. Onlardan biri “Şimal axını” kəmərləri, digərləri isə “Türk axını” və Belarusdan keçən Yamal-Avropa təbii qaz boru xətti idi”.
Avropanı öz enerji asılılığına salan Rusiyanın bu sahədə yaratdığı inhisarçılıqdan siyasi məqsədlər üçün faydalandığını xatırladan həmsöhbətimiz xatırlatdı ki, hələ 2015-ci ildə Avropa Komissiyası “Qazprom”u qitənin qaz bazarında rəqabəti pozan addımlarda ittiham edirdi: “Həmin vaxt Aİ-nin Rəqabət siyasəti üzrə komissarı Margrethe Vestager "dominant vəziyyətindən" istifadə edən “Qazprom”u Şərqi Avropadakı istehlakçılar üçün təchizat qiymətlərini artırmaqda və daha 3 ölkədə rəqabətə əngəl törətməkdə suçlamışdı. “Qazprom”un məqsədi, təbii ki, II Dünya müharibəsində Rusiyanın payına düşən Şərqi Avropanı yenidən öz cizgisinə qaytarmaq idi və Qərb dövlətləri bununla razılaşa bilməzdilər. Ona görə də Aİ anti-inhisarçılıqla bağlı bəzi hüquqi islahatlar aparmağa qərar verdi. Bu hüquqi islahatlarda qaz və neft kimi strateji məhsulların istehsalçısı ilə istehlatçıya ötürücüləri bir-birindən ayırmaq, istehsalçı tərəfə ötürücülük haqqı veməmək idi. Hələ 2007-ci ildə qəbul olunan bu paketdən daha sonra Azərbaycanın TAP layihəsi çıxarıldı. Səbəb isə onunla əlaqələndirildi ki, kiçik qaz tədarükçüsü olan Azərbaycan istəsə belə, Avropada inhisar yarada bilməz.
Açıq şəkildə görünürdü ki, Avropa Komissiyasının “Üçüncü Enerji Paketi” Rusiyaya qarşı hazırlanıb. Bunun başlıca səbəbi “Qazprom”un “Şimal axını-2” layihəsi ilə nəql olunan qazı istehlakçılara ötürmək üçün "Nord Stream 2 AG” törəmə şirkəti yaratması idi. Polşanın Dövlət Enerji şirkəti olan PGNiG-nin İdarə Heyətinin sədri Pavel Maevski Rusiyanın törəmə şirkət vasitəsilə Avropada qaz inhisarı yaratmaq təşəbbüsünü belə qiymətləndirirdi:
“Nord Stream 2 AG” bütün bazar iştirakçıları üçün rəqabət və bərabər şərtlərin təmin edilməsini nəzərdə tutan Üçüncü Enerji Paketinin ümumi prinsiplərinə riayət etmək istəmir. Xüsusilə, “Nord Stream 2”nin sahibi, mülklərin ayrılması, üçüncü tərəfin infrastruktura girişi və şəffaf tariflər haqqında qaydaların tətbiqindən qaçmağa çalışır. Qaz kəmərinin Avropa İttifaqının və ayrı-ayrı Aİ üzv dövlətlərinin enerji təhlükəsizliyinə mənfi təsiri də əhəmiyyətli bir faktordur”.
Rusiyanın qaz inhisarını qırmaq üçün Avropa İttifaqı ilə bu ölkə arasında rəqabət xüsusilə 2020-ci ildən sonra daha da qızışdı. Çünki Rusiyanın “Şimal axını-2” layihəsini tamamlamağa az qalmışdı. Bu isə müxtəlif əngəlləmələrlə Avropaya qaz nəqli 200 milyard kub metrə düşən Rusiyanın qaz ixracının hardasa 25%-ni sözügedən kəmərlə daşımasına imkan verə bilərdi. Moskvanın bu niyyəti aydın idi: Ukraynanı Avropa qaz nəqlindən tamamilə kənarda qoymaq və onu enerji çatışmazlığı ilə sınağa çəkərək özündən asılı vəziyyətə salmaq idi. Başqa sözlə, açıq görünürdü ki, “Şimal axını-2” layihəsi əslində Ukraynadan keçən “Trans-Sibir” qaz kəmərinə alternativ olaraq çəkilir. Məlum olduğu kimi, “Trans-Sibir” qaz kəməri ildə 32 milyard kub metr qaz nəql etmək imkanına malik idi. “Şimal axını-2” layihəsi isə ildə 55 milyard kub metr qaz nəqlini nəzərdə tuturdu. Aydın görünürdü ki, Rusiya Avropaya alternativ qaz kəmərini Baltik dənizindən keçirməklə təkcə Ukraynanı yox, həm də Belarusu və Polşanı dövrədən çıxarmaq istəyir. Bu isə hər iki ölkənin enerji təhlükəsizliyi üçün potensial təhdid demək idi. Təsadüfi deyil ki, 2020-ci ildə Belarus belə, Rusiyadan qaz asılılığından xilas olmaq üçün alternativlər axtarır və Lukaşenko bu məqsədlə hətta Qazaxıstanın qapısını döyürdü. Məhz bu təhdidləri nəzərə alan Polşa və Ukrayna isə daha kəskin addımlar atır, beynəlxalq nüfuzlarından istifadə edərək “Şimal axını-2” layihəsini dayandırmağa çalışırdı. Və onlar 2021-ci ilin sonlarında öz məqsədlərinə çatdılar. Baxmayaraq ki, həmin ilin sentyabrın 10-da "Şimal Axını-2"nin tikintisinin böyük hissəsi başa çatdırılmış və kəmərin 1 oktyabrda fəaliyyətə başlayacağı gözlənilirdi. Fəqət ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Kristofer Robinson həmin ərəfədə mediaya açıqlama verib, nəyin bahasına olursa-olsun “Şimal axını-2” layihəsinin dayandırılacağını vurğulamışdı. Həqiqətən də ABŞ-ın bu təlqinlərdən sonra 2022-ci ilin ilk günlərindən etibarilə Avropa İttifaqının bir sıra qurumları da “Şimal axını-2” layihəsinin fəaliyyətə başlamayacağına dair qəti siqnallar verməyə başlamışdı. 2022-ci ilin 22 fevralında isə Aİ qəti qərarını verdi: “Şimal axını-2” layihəsi işləməyəcək. Bu qərardan cəmi 2 gün sonra Rusiya Ukraynanı cəzalandırmaq üçün “xüsusi hərbi əməliyyat” dediyi müharibəyə start verdi. Üzərindən bir neçə ay keçdikdən sonra isə “Şimal axını-1 və 2” kəmərləri partladıldı. Rusiya və Almaniya kimi dövlətlər bu partlayışın arxasında Ukrayna xüsusi xidmət orqanlarının rolundan şübhələnirlər”.
Heydər Oğuzun fikrincə, Rusiyanın indiyədək irəli sürdüyü “denasifikasiya” və “NATO sərhədlərimə yaxınlaşır” kimi arqumentləri bəhanədir, Ukrayna müharibəsinin əsl səbəbi onun Avropada qaz insihaçılığı yaratmaq siyasətinin qarşısının alınması ilə bağlıdır: “Qərbin bu siyasətində Ukrayna və Polşanın xüsusi rolu vardı. Polşaya gücü çatmayan və NATO birbaşa ilə döyüşü gözə almayan Rusiyanın Ukraynada müharibəyə başlaması başadüşüləndir”.
Məsələyə bu kontekstdən baxan siyasi şərhçi rus qazının Azərbaycan üzərindən nəqlində Avropa İttifaqı və Ukrayna üçün heç bir problem görmür: “Zatən Avropanın və Ukraynanın Rusiyadan tələbləri də bunu şərtləndirirdi. Rusiya qarşısına qoyulan 2 şərtin ikisi də bu projedə öz əksini tapır: əvvəla, Ukrayna Avropanın rus qazı ilə təchizatında kənarda qalmır, ikincisi isə, qaz birbaşa deyil, Azərbaycan vasitəsilə alınaraq nəql olunur. Bu isə “Üçüncü Enerji Paketi”nin də tələblərinə tamamilə uyğundur”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ