İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın "sülh göyərçini" maskası - Ermənistanın gerçək üzü  

Son günlər regionda sülhün əldə edilməsi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Cənab Prezidentin XII Qlobal Bakı Forumunda Ermənistan və sülh müqaviləsinə dair səsləndirdiyi fikirlər təkcə Azərbaycanın mövqeyini ortaya qoymur, eyni zamanda, bölgədə davamlı sülhün əldə edilməsi üçün konkret şərtləri də ön plana çıxarır.

Ermənistan isə hər zaman olduğu kimi bu gün də özünü beynəlxalq ictimaiyyətə sülh tərəfdarı kimi təqdim etməyə çalışır. Ermənistan rəsmilərinin Avropa Parlamentində, Belçika və İsveçrə parlamentlərində anti-Azərbaycan sənədlərinin qəbuluna nail olmaq cəhdləri isə reallığın tam əksini göstərir. Belə olan halda, sual yaranır: əgər Ermənistan sülhə hazırdırsa, niyə diplomatik müstəvidə Azərbaycana qarşı təxribatlarını davam etdirir?

Azərbaycanın mövqeyi isə tam aydındır və Prezidentin çıxışında bu tələblər açıq şəkildə vurğulanıb. Sülh müqaviləsinin imzalanması üçün Ermənistanın atmalı olduğu addımlar aşağıdakılardır:

Demilitarizasiya: Ermənistan öz ərazilərində, xüsusilə sərhəd boyunca hərbi mövcudluğunu azaltmalı və demilitarizasiya zonası yaratmalıdır. Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan istənilən hərbi təlim və silahlanma prosesi dərhal dayandırılmalıdır. Sülhə gedən yol təkcə diplomatik bəyanatlarla deyil, praktiki addımlarla mümkündür.

Konstitusiya dəyişikliyi: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən hər hansı bir maddə dəyişdirilməlidir. Bu, sülh müqaviləsinin hüquqi zəmininin formalaşması və gələcəkdə hər hansı revanşist çağırışların qarşısının alınması üçün vacibdir. Əks halda, rəsmi İrəvanın sülhə hazır olması ilə bağlı bəyanatları yalnız söz yığını olaraq qalacaq.

Zəngəzur dəhlizinin açılması: Azərbaycanın əsas tələblərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhliz təkcə Azərbaycanın Naxçıvanla əlaqəsini təmin etmir, eyni zamanda, regionda iqtisadi inkişafı və nəqliyyat kommunikasiyalarını bərpa etməklə, bölgədə sabitliyə töhfə verir. Ermənistanın bu məsələdə göstərdiyi müqavimət onun sülh prosesinə qeyri-səmimi yanaşmasının daha bir sübutudur.

Erməni cəmiyyətinin sülhə hazırlanması: Sülh yalnız dövlət başçılarının imzaladığı sənədlərlə məhdudlaşmır. Cəmiyyətin düşüncə tərzi, ictimai fikrin formalaşması da bu prosesdə mühüm rol oynayır. Ermənistan cəmiyyəti sülhə hazırlanmalı, revanşist ritorikadan uzaqlaşmalı və Azərbaycanla normal qonşuluq münasibətlərinə uyğun şəkildə formalaşdırılmalıdır.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:

"Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq istəyirsə, erməni lobbisi ilə birgə müxtəlif ölkələrdə anti-Azərbaycan siyasətindən imtina etməlidir. Hələ ki, bunun tərsini görürük. Ermənistan rəsmiləri Azərbaycanla sülh sazişinin mətnini razılaşdırdıqlarını açıqladıqları gün Avropa Parlamenti Azərbaycan əleyhinə sənəd qəbul etdi. Uzun illər torpaqlarımız işğal altında qalıb, separatçılar Ermənistan tərəfindən silahlandırılıb. Bu gün Azərbaycanla sülh sazişi imzalamaq istəyən Nikol Paşinyan vaxtilə qanunsuz olaraq Qarabağa, Şuşaya gəlib, içkili halda yallı gedib, “Qarabağ Ermənistandır” deyirdi, Cəbrayıla yol çəkmək istəyirdi, amma İkinci Qarabağ müharibəsindən sonra reallıqları anlamağa başladı və başa düşdü ki, Azərbaycan ərazi bütövlüyünü bütün hallarda təmin edəcək. Biz keçmişdə baş verənləri unutmamışıq və unuda bilmərik. Erməni separatçılarının və Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşilikləri, Xocalı və digər soyqırımları unutmaq olmaz. Ona görə də Avropanın Ermənistanı “sülh göyərçini” kimi təqdim etməyə çalışan bəzi ölkələrinə Ermənistanın 30 il ərzində törətdiyi cinayətləri daim xatırladacağıq.

İndi Bakıda müxtəlif hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi gedir. Faktlar bir daha üzə çıxır. Separatçılar bu faktları öz dilləri ilə səsləndirirlər. Qətliamları necə törədiblər, necə silahlanıblar, Azərbaycan ərazilərini necə işğal ediblər?.. Bunların hamısı tarixdə qalacaq. Yaddan çıxmayacaq. Beynəlxalq aləm də bunları unutmamalıdır. Bütün bu əməlləri törətmiş Ermənistanın, onun keçmiş və indiki rəhbərlərinin "sülh göyərçini", "sülh quşu" adlandırılması absurddur".

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Mart 2025

BÜTÜN XƏBƏRLƏR