İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın ardınca ruslara Bakıya gəlmək qadağan edilə bilərmi?

Ekspert: “Bütün ruslara viza verilməsinin dayandırılmasının tərəfdarı deyiləm”

Avropa Birliyi Rusiya vətəndaşlarına viza verilməsini tamamilə qadağan etməyə hazırlaşır. Bu barədə Avropa Birliyi rəsmilərinin açıqlamaları mediada yer alıb. Musavat.com xəbər verir ki, onsuz da qeyri-rəsmi anlaşmalar əsasında Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsi 10 dəfə azaldılıb. AB dövlətlərinin rəhbərləri ictimaiyyətə açıqlamalarında qeyd edirlər ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin hələ də davam etməsində sadə ruslar da günahkardırlar. Onlar Putinə və Kremlin təcavüzkar siyasətinə qarşı ayağa qalxmırlar, etiraz etmirlər və bununla da işğalı dəstəkləmiş olurlar.

Hazırda Avropa İttifaqı ölkələri Rusiyaya qarşı misli görünməmiş sanksiyalara əl atıblar. Bu sanksiyalar nəticəsində hazırda Rusiyadan Avropaya birbaşa olaraq, heç bir təyyarə reysi yoxdur. Ruslar Avropaya, Amerikaya və başqa ölkələrə 3-cü dövlətlər üzərindən getmək məcburiyyətindədirlər.  İndi isə qadağalara biri də əlavə olunmaqdadır -  rus xalqının Avropaya girişi yasaqlanacaq.

Aİ-nin rusofob siyasəti və anti-Rusiya sanksiyaları səbəbindən  hazırda sadə ruslar qadağalar olmayan digər ölkələrə -  Türkiyəyə, ərəb ölkələrinə və o cümlədən də Azərbaycana üz tutmaqdadırlar. Həm rəsmi statistikalara, həm də elə gözümüzün gördüyü mənzərələrə görə, hazırda Bakıda rus turistlərin sayı ötən ilkilərlə müqayisədə daha çoxdur. Bunun Azərbaycan iqtisadiyyatına faydası əlbəttə ki, vardır. Bəs o zaman məsələnin siyasi və mənəvi tərəfləri necə olur? Ukrayna xalqına qarşı təcavüzkar bir müharibə aparan Rusiyaya qarşı heç bir sanksiyaya, o cümlədən də ruslara ölkəmizə gəlmək qadağasına qoşulmamaqla, Azərbaycan düzmü edir? Bizim dövlətimiz Aİ-nin, Kollektiv Qərbin anti-Rusiya sanksiyalarına qoşulmalıdırmı, ən azından, sonuncu qərara -  rus turistlərin və qonaqların ölkəmizə gəlişinə mane olan analoji qərarı biz də  verməliyikmi? Rus xalqı Ermənistanın Azərbaycana qarşı illərlə apardığı təcavüzkar siyasətə qarşı da heç zaman səsini qaldırmadı. Zamanında heç Ukrayna xalqı da bu istiqamətdə xüsusi fərqlənmədi. Biz də bu nəticədən çıxış edərək, xüsusi fərqlənməyək, yoxsa Avropaya qoşularaq, onun sanksiyalarına və siyasətinə dəstək verməyə başlayaq?

Azərbaycanda devalvasiya baş verə bilərmi? - Ekspert AÇIQLADI

 Eldəniz Əmirov

İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan iqtisadiyyatı pandemiya səbəbindən çox zərər gördü: “Ən böyük zərər turizm sektoruna dəyib. 2019-cu ildə ölkəyə gələn turistlərin sayı 3,2 milyonu keçmişdi. 2020-ci ildə isə bu rəqəm 800 min oldu. Mövcud situasiyada rus turistlərin gəlməsi, eyni zamanda Rusiyaya, Ukraynaya gedəcək turistlərin ölkəmizə üz tutması turizm sektorunda canlanma yaradıb. Azərbaycanın Avropa Birliyinin sanksiyalarına qoşulması, fikrimcə, doğru olmazdı. Azərbaycan hökuməti də bundan birmənalı imtina edir.  Hesab edirəm ki, bu, doğru addımdır. Təkcə rus turistlərin deyil, rusiyalı investorların, yaşamağa qərar vermiş, yaxud mülk alan rusların da sayı günü-gündən artacaq. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır. Bu, o deməkdir ki, münaqişədə Rusiyanı dəstəkləmirik. Hazırkı situasiyada rus sülhməramlılarının müvəqqəti olsa da, Qarabağda olması, belə bir həssas məqamda ədalət naminə sanksiyalara qoşulmaq  yanlış olardı. Azərbaycan öz maraqlarını nəzərə alaraq, mövcud vəziyyəti doğru dəyərləndirərək öz ərazi bütövlüyünü təsdiqlədəcək sülh müqaviləsinin bağlanmasına nail olmalıdır. Sülhməramlı qüvvələr Azərbaycan ərazisindən çıxarılmalıdır”.

Qeyd edək ki, viza rejiminin ləğv olunması Rusiya ilə Aİ arasında 2007-ci ildə bağlanmış sazişin qüvvədən düşməsi deməkdir. Əgər razılaşma pozularsa, viza almağa çalışan ruslar daha çox sənəd təqdim etməli olacaqlar. Bundan əlavə, viza almaq daha bahalı olacaq və vizanın cavabını gözləmə müddəti daha uzun sürəcək. Avropa İttifaqının (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasətləri üzrə Ali Nümayəndəsi Josef Borrel hesab edir ki, Rusiya vətəndaşlarına viza qadağası yekdilliklə dəstəklənməyəcək: “Düşünürəm ki, oliqarxların yox, bəzi rusların viza almasına yenidən baxılmalıdır. Seçici olmalıyıq. Ümumiyyətlə, bütün ruslara viza verilməsinin dayandırılmasının tərəfdarı deyiləm”.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Aİ ölkələrinə çağırış edərək, Rusiya vətəndaşlarına viza qadağası tətbiq etməyi xahiş etmişdi. Bir neçə ölkə bu qadağaya müsbət baxsa da, Almaniya kansleri Olaf Şolz bildirib ki, ruslar rejimlə razılaşmadıqları təqdirdə vətənlərini tərk edə bilməlidirlər.

Yekun qərarın avqustun 30-da, Praqada nazirlərin iki günlük görüşü zamanı açıqlanacağı gözlənilir.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR