Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ilin sentyabrında qaz istehlakını illik 3,3 faiz artırıb.
Musavat.com Qaz İxrac edən Ölkələr Forumunun (GECF) hesabatına istinadən xəbər verir ki, buna aşağı qiymətlər, həmçinin sənaye və özəl sektordan artan tələb səbəb olub.
Hesabata əsasən keçən ay Aİ-yə boru kəməri qazı idxalı 17 faiz azalıb. Ümumilikdə, 2024-cü ilin yanvar-sentyabr aylarında Aİ-də ümumi qaz istehlakı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azalaraq 215 milyard kubmetr təşkil edib.
2024-cü ilin sentyabrında isə Aİ-də qaz istehlakı 7 ay ardıcıl azalmadan sonra ilk dəfə illik müqayisədə 3,3 faiz artaraq 19 milyard kubmetrə çatıb: “Buna aşağı qiymətlər fonunda sənayeləşmiş Avropa ölkələrində sənaye istehlakının bərpa olunması səbəb olub”.
O cümlədən sentyabrda Almaniyada qaza tələbat 12 faiz artaraq 4 milyard kubmetrə, İtaliyada 1,3 faiz artaraq 4,2 milyard kubmetrə, Fransada 4 faiz artaraq 1,5 milyard kubmetrə çatıb. İspaniyada isə 14 faiz azalaraq 2 milyard kubmetrə düşüb. Böyük Britaniya qaz istehlakını 7,3 faiz artıraraq 3,2 milyard kubmetrə çatdırıb.
Sentyabrda Aİ-yə boru kəməri qazının idxalı 10,8 milyard kubmetr təşkil edib ki, bu da 2024-cü ilin avqust ayı ilə müqayisədə 17 faiz az, ötən ilin sentyabr ayının səviyyəsindən isə 2 faiz çoxdur. Ümumilikdə, 2024-cü ilin yanvar-sentyabr aylarında Aİ-yə boru kəməri tədarükü 4 faiz artaraq 117 milyard kubmetrə çatıb. Bu artım Rusiyadan tədarükün 3 milyard kubmetr, Norveçdən 3,1 milyard kumbetr artması ilə əlaqədardır.
GECF-in hesabatına görə, avqustda Çinin ümumi qaz istehlakı illik müqayisədə 9,6 faiz artaraq 36,3 milyard kubmetrə çatıb. m. Ümumilikdə, səkkiz ay ərzində Çinin qaza olan tələbatı 8,8 faiz artaraq 283 milyard kubmetr təşkil edib.
Sentyabrda Avropaya mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü illik ifadədə 15 faiz azalaraq 6,42 milyon tona düşüb. LNG idxalının azalması anbarların tam dolması və Norveçdən boru kəmərləri ilə idxalın həcminin artması ilə əlaqədar olub. Asiya ölkələrinin LNG idxalı 14 faiz artaraq təxminən 24,3 milyon tona çatıb. Ümumilikdə, 2024-cü ilin yanvar-sentyabr aylarında Avropa 73,77 milyon ton (-20 faiz), Asiya 211,54 milyon ton (+9,8 faiz) LNG idxal edib.
Sentyabrda qlobal LNG ixracı illik müqayisədə 3,3 faiz artaraq 33,95 milyon tona çatıb. Ümumilikdə, ilin əvvəlindən qlobal LNG ixracı 1,6 faiz artaraq 307,42 milyon ton olub.
Sentyabrda maye qazın ən böyük tədarükçüləri ABŞ, Qətər və Avstraliya olub. Rusiya dördüncü yerdədir.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ