İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada da dərmanlar yoxa çıxıb – İsveçrədə uşaq dərmanları tapılmır

 

Hazırda Avropanın əksər ölkələri kimi, İsveçrədə də bir sıra dərman preparatları təminatında problemlər yaşayır. Bura ilk növbədə uşaq dərmanları, ağrıkəsicilər, ürək, təzyiq və Parkinson xəstəliklərinin müalicəsində istifadə olunan preparatlar aiddir.

Musavat.com “Blick” nəşrinə istinadən  xəbər verir ki, bu məlumatı İsveçrənin əczaçı şirkətlərinin 90 faizindən çoxunun birləşdiyi “PharmaSuisse” Əczaçılar Birliyinin rəhbəri Martin Ryuqli açıqlayıb: “Çatışmazlıq bütün assortimenti əhatə edir. Hazırda ölkədə xərcini tibbi sığortanın qarşıladığı dərmanların 7 faizi əlçatan deyil”.

Ryuqlinin sözlərinə görə, çatışmazlıq havalar soyuqlaşandan sonra hiss olunmağa başlayıb. Çatışmayan preparatlar arasında anitbiotiklər ən çox tələb olunanlardır: “Bu gün apteklərdə ağrıkəsicilər, ürək, təzyiq dərmanları, Parkinson xəstəliyinə, epilepsiya, depressiyaya qarşı dərmanlar, həmçinin uşaqların müalicəsində istifadə olunan dərmanlar tapılmır. Hər gün daha çox dərman yoxa çıxır”.

Birlik rəhbəri analoji problemin bütün Avropa ölkələrində yaşandığını deyərək, səbəblərini də açıqlayıb:

“Problem buradadır ki, dərmanların istehsalı üçün lazım olan aktiv maddələrin 90 faizi Hindistan və Çindən gətirilir. Çünki bu ölkələrdə onlar daha ucuzdur. Lakin belə istehsal çox risklidir. Məsələn, Çində COVID-19-la bağlı bütün məhdudiyyətlər götürüldükdən sonra xəstəlik sürətlə yayıldı, nəticədə ölkənin özündə dərmanlara tələbat qat-qat artdı. Buna görə də aktiv maddələr istehsal edən şirkətlər yerli tələbatı ilk növbədə qarşılayaraq, ixracı azaldıblar. Bundan əlavə, Avropadakı dərman çatışmazlığında şüşə və karton kimi qablaşdırma materiallarının çatdırılmasındakı çətinliklər də rol oynayır”.

M.Ryuqli deyir ki, yaranmış problemi bir günə həll etmək, dərman çatışmazlığını aradan qaldırmaq mümkün deyil. Bunun üçün ən azı 3-4 il vaxt lazımdır: “İlk növbədə bütün Avropa ölkələri üçün aktiv maddələrin idxal mənbələri diversifikasiya olunmalıdır. Bu gün Avropada yalnız bir antibiotik istehsalçısı var – Avstriyada “Sandoz” şirkəti. Yeni istehsal xətlərini yaratmaq mümkündür, bu, bir neçə il vaxt tələb edir, lakin zəruridir”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR