İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Şurası MONEYVAL-ın Azərbaycan üzrə hesabatı açıqlandı

Avropa Şurasının “Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi”nin (MONEYVAL) Azərbaycan üzrə uzun müddətdir gözlənilən qiymətləndirmə nəticələrinə görə hesabatı açıqlanıb.

Musavat.com xəbər verir ki, hesabatda son beş il ərzində Azərbaycanda bir neçə qiymətləndirmə kriteriyası üzrə görülmüş işlər, əldə edilmiş nailiyyətlər qiymətləndirilərək məqbul hesab edilməklə, gələcəkdə bu sahələr üzrə qarşıda duran işlərə dair tövsiyələr qeyd edilib.

Onlardan terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması kriteriyası üzrə nəticələr yüksək qiymətləndirilib.

Hesabatda göstərilir: “MONEYVAL qeyd edir ki, Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə yüksək səviyyədə effektivliyə nail olub və hakimiyyət orqanları terrorçuluğu maliyyələşdirmə cinayətlərinin istintaqını uğurla aparmaq bacarıqlarını nümayiş etdiriblər. (Müvafiq qiymətləndirmə dövründə yeddi belə iş üzrə məhkum etmə həyata keçirilib). Eynilə beynəlxalq əməkdaşlıqda Azərbaycan yüksək effektivliyə nail olub, konstruktiv yardım göstərmək və digər ölkələrə müraciət etmək üçün dövlət orqanlarının imkanları yüksək qiymətləndirilib".

MONEYVAL tərəfindən terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması üzrə Azərbaycanda görülən işlər ilk dəfədir ki, yüksək qiymətləndirilir.

Son illər terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərlə bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılmış cinayət işləri üzrə nəticələr üzv dövlətlərin analoji orta statistikasını əhəmiyyətli dərəcədə aşır.

Diqqətəlayiq haldır ki, MONEYVAL tərəfindən son bir il ərzində göstəricilərinə görə qiymətləndirmə hesabatları dərc edilmiş ölkələr sırasında terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılmasının effektivliyi üzrə yüksək göstərici olaraq qiymətləndirilən yeganə dövlət Azərbaycan Respublikası olmuşdur.

Mürəkkəb geosiyasi məkanda olmasına baxmayaraq, uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş sabitlik və əmin-amanlıq, o cümlədən terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə istiqamətində son illər aparılan qətiyyətli işlər Azərbaycana beynəlxalq arenada investisiya və turizm üçün cəlbedici ölkə, Dövlət Başçısının dediyi kimi, “təhlükəsizlik adası” imicini qazandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR