Onlayn ictimai-siyasi qəzet
Ukrayna ATACMS-dən daha güclü və uzaqmənzilli yeni silahlar alır və hazırlayır. Bu raketlər Sibirə qədər hədəfləri məhv etmək gücündə olacaq.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, prezident Volodimir Zelenski bildirib ki, Avropa ölkələri ABŞ silahlarının alınması üçün hər ay 1 milyard avro ayıracaq.
Bu, PURL (Prioritized Ukraine Requirements List) proqramı çərçivəsində həyata keçirilir – Kiyevin müttəfiqləri, xüsusən də Avropa İttifaqı ölkələri bu mexanizmlə silah tədarükünü maliyyələşdirirlər.
Yeni ERAM raketləri
ABŞ administrasiyası Ukraynaya 3000-dən çox ERAM raketinin satışına razılıq verib. Onların çatdırılması 6 həftə ərzində başlanmalıdır. Bu, 2024-cü ildə xüsusi olaraq Ukrayna üçün hazırlanmağa başlayan Extended Range Attack Munition sursatıdır.
ERAM – planerləşən aviabomba ilə qanadlı raketin hibrididir. Açıq məlumatlara görə, onun uçuş məsafəsi 450 km-dən çoxdur.
WSJ qeyd edir ki, bu sursatlardan istifadə Pentaqonla razılaşdırılacaq. Çünki ABŞ bu ilin yazından bəri Ukraynaya Amerikanın silahları ilə beynəlxalq səviyyədə tanınmış Rusiya ərazisinə zərbə endirməyi qadağan edib.
Ukraynanın əvvəlki imkanları
İndiyədək Ukrayna ordusunun ən uzaqmənzilli silahı ATACMS raketləri idi – onların uçuş məsafəsi 300 km-dir.
Rusiya isə bu sahədə məhdudiyyət tanımır: onun “Kinjal” və “Kalibr” tipli raketləri Ukraynanın bütün ərazisini hədəfə ala bilir.
Ukraynanın öz raketləri
Zelenski bildirib ki, Rusiyaya qarşı zərbələr Ukraynanın öz istehsalı olan silahlarla həyata keçirilir. Müstəqillik Günü münasibətilə yayımlanan videoda ilk dəfə “Uzun Neptun” raketi nümayiş etdirildi. Bu, əvvəlki gəmiəleyhinə raketin 1000 km-ə qədər artırılmış məsafəyə malik versiyasıdır və quru hədəflərinə də zərbə endirə bilir. Mart ayında Zelenski onun ilk döyüş tətbiqini elan etmişdi. Forbes yazır ki, 14 martda Tuapsedəki neft bazasına (təxminən 600 km məsafədə) məhz bu raketlə hücum edilib.
Avqustda isə “Flamingo” qanadlı raketi təqdim edildi. Onun uçuş məsafəsi 3000 km-ə qədər, döyüş başlığının çəkisi isə 1 tondan artıqdır. Müqayisə üçün: “Storm Shadow” raketində bu göstərici 300 kq, Rusiyanın “İskander” və “Kinjal” raketlərində isə 500 kq-dır. “Flamingo” adını sınaqlarda istifadə edilən başlıqların çəhrayı rəngindən alıb. Zelenskinin sözlərinə görə, gələn ilin əvvəlində bu raketlərin kütləvi istehsalı başlanacaq. Əgər elan olunmuş göstəricilərə çatılarsa, bu raketlər Moskvanı, Murmanskı və hətta Omsku da hədəf ala biləcək.
Ekspertlərin qiymətləndirməsi
Hərbi analitik Yan Matveyev deyib: “‘Flamingo’ raketləri Rusiyadakı hərbi zavodlarda çalışanlar üçün ciddi risk yaradır – ta Sibirdəki obyektlərə qədər. Ola bilsin ki, bu raketləri ilk hücumdan əvvəl nümayiş etdirmək qərara alınıb – sülh danışıqlarında arqument kimi. Putinin demək olar bütün iqamətgahlarına çata bilən bu sursatlar Kremlin açıq şəkildə xəbərdar edilməsidir.”
Musavat.com
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ