İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Sülh Fondu Cənubi Qafqazda MÜHARİBƏ üçün 10 milyon ayırıb - SENSASİON ŞƏRH

Fransanın keçmiş xarici işlər naziri Ketrin Kolonna özünün sosial şəbəkələrdəki səhifələrində Ermənistanın Avropa Sülh Fondu tərəfindən maliyyələşdirilməsini mədh edərək yazıb: “Xoş xəbəri eşitdiyimə şadam: Ermənistan Avropa Sülh Fonduna çıxış əldə edə biləcək”.

KETRİN.jpg (70 KB)

O, həmçinin qeyd edib ki, “bu, Fransanın çoxdankı təşəbbüsünün kulminasiya nöqtəsidir” və xələfi Stefan Sejurneni təbrik edib.

“Fransa Ermənistanın yanındadır”, - yazan Kolonna bununla da rəsmi Parisin mövqeyini ortaya qoyub.

Fransanı başa düşdük, bəs Avropa İttifaqı niyə Parisin bu təxribatına boyun əyib? Axı, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən sıx ticari əlaqələrə malik olduğu ölkədir.

Ötən illərdə İttifaqla bağlanan müqavilələrə əsasən, ölkəmiz Avropanın bir çox dövlətlərini qaz və enerji resursları ilə təmin edəcək, bununla da Rusiyanın enerji asılılığından xilas olmasında önəmli rol oynayacaq.

Belə bir şəraitdə Avropa dövlətlərinin Ermənistanı silahlandırması və ona Avropa Sülh Fondundan 10 milyon avro ayırması nə anlama gəlir?

OGUZ.jpeg (277 KB)

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, Avropa İttifaqının Sülh Fondu çərçivəsində Ermənistana ayırdığı 10 milyon avroluq yardım məqsədlidir:

“Yardımın ayrılması Cənubi Qafqazın müxtəlif ölkələrinə fərqli yanaşmanın ifadəsidir və Azərbaycan bununla bağlı öz kəskin mövqeyini ortaya qoymalıdır”.

Ermənistanın Qərb müttəfiqlərinə güvənib Azərbaycanla sülh müqaviləsi bağlamaq istəmədiyini xatırladan siyasi şərhçi məhz belə bir məqamda İrəvana maliyyə yardımı ayrılmasının sülhə xidmət etmədiyini düşünür:

“Görünür, Avropa İttifaqı Cənubi Qafqazda özü üçün həm Azərbaycana, həm də Türkiyəyə təzyiq alətə yaratmağa çalışır. Yəqin bu yolla regionumuzda özünü möhkəmlətmək istəyir”.

İREVA .png (1.37 MB)

Heydər Oğuzun fikrincə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmadan belə bir addımın atılması gələcəkdə ciddi mənfi nəticələr doğura bilər:

“Bəziləri düşünə bilər ki, Aİ-nin bu təşəbbüsü Ermənistanı Rusiyanın təzyiqlərindən qorumağa xidmət edir. Fəqət 10 milyon qollarlıq yardımla Ermənistanı Rusiyanın təzyiqindən qorumağın mümkün olmadığı ortadadır. Hər il Qərb ölkələrinin 10 milyardlarla dollar ayırdığı Ukrayna belə, Rusiyanın hücumları qarşısında həssas vəziyyətə düşüb. Üstəlik, Ukraynanın az qala Ermənistanın əhalisi qədər əsgəri var. Özü də Avropa ilə birbaşa həmsərhəddir. İstənilən an ona silah göndərmək üçün güclü logistika imkanları da var. Ərazisinə və əhali sayına görə Ukraynadan 20 dəfə balaca olan Ermənistan 10 milyon avro ilə özünü necə qoruyacaq? Ermənistanın həm də Ukraynadan fərqli olaraq Avropa ilə torpaq bağlantısı da yoxdur. Rusiya ilə Ermənistan arasında hansısa konflikt ortaya çıxarsa, təbii əngəllər nəticəsində Avropanın istəsə belə, ona əli yetməz. Deməli, İrəvana verilən hərbi yardım Rusiyanı hədəfə almayıb. Əsas hədəf biziksə, bu cuzi yardım bizim üçün də ciddi təhdid sayılmır. O halda belə anlaşılır ki, Avropa İttifaqının bu “sülh təşəbbüsü”nün altında tamamilə başqa mətləblər dayanır. Mənim fikrimcə, əsas məqsəd Rusiyanın dövlət maraqlarını iynələyərək, onu Ermənistana hərbi müdaxiləyə qızışdırmaqdır. Bu isə təkcə Ermənistanı deyil, Cənubi Qafqazın digər ölkələrini də Rusiyanın qabağına yem kimi atmağa xidmət edir”.

Ermənistanın Rusiya ilə də birbaşa sərhədi olmadığını xatırladan həmsöhbətimiz vurğulayıb ki, Moskva İrəvandan qisas almaq üçün ya bizim, ya Gürcüstanın, ya da hər ikimizin “üstündən keçməlidir”:

“Deməli, məqsəd həm də bizi və Gürcüstanı Rusiya ilə üz-üzə gətirməkdir. Məlum olduğu kimi, Rusiyanı daha geniş ərazilərdə savaşa cəlb etmək istəyən Qərb dövlətləri ikinci cəbhəni məhz Cənubi Qafqazda açmaq istəyir. Bunu dəfələrlə özləri də etiraf edirlər. Faktiki olaraq Cənubi Qafqazı riskə atmaq anlamına gələn bu siyasət region dövlətlərinin heç birinin marağına uyğun deyil. Hətta Ermənistanın da. Amma Paşinyan hökuməti nədənsə Azərbaycanla sülh müqaviləsi bağlamaq, bunun üçün isə Konstitusiyasında müəyyən dəyişikliklər aparmaq əvəzinə həm özünü, həm də bütövlükdə Cənubi Qafqazı risk altında qoyur. Və Fransa yetkililərinin də mövqeyindən gördüyümüz kimi, Paris tərəfindən bu təxribatçı mövqe bəh-bəhlə alqışlanır. Xüsusilə ABŞ-da Trampın hakimiyyətə gətirilmə planının ortaya atıldığı bir zamanda Fransa və Aİ-nin bu cəsarəti təsadüfə bənzəmir. Məqsəd bəlkə də Rusiyanı daha geniş coğrafiyalarda müharibəyə cəlb etməklə vaxt qazanmaq, ya da Cənubi Qafqazı, Molvoda və Ukraynanı yenidən ona hədiyyə etməkdir”.

KİVİ.jpg (135 KB)

Heydər Oğuzun fikrincə, Avropa Sülh Fondundan Ermənistana ayrılan bu vəsait əslində Ukraynanın hərbi büdcəsindən kəsilib:

“Çünki Avropa Sülh Fondu əslində post sovet məkanında hərbi münaqişələrin qarşısını almaq məqsədi ilə 2021-ci ildə yaradılıb. Ukraynada hərbi əməliyyatlar başlamazdan əvvəl fondun vəsaiti silahların alınmasına sərf edilmirdi, tərəfdaş ölkələrə verilir və sülhməramlı missiyaları dəstəkləmək üçün istifadə olunurdu. Rusiya Ukraynanı işğal etdikdən sonra fondun təyinatı dəyişdi. 2023-cü ildə Avropa diplomatiyasının rəhbəri Josep Borrell fond vəsaitlərinin birbaşa Ukraynaya hərbi dəstək üçün istifadə edilməsinə imkan verən ayrıca mexanizm yaradılması təklifini irəli sürdü. Və bu təklif qəbul olundu. Həmin qərardan sonra fonddan Ukraynaya ilk hərbi yardım kimi 500 milyon avro ayrıldı. Yardımın 490 milyon avrosu öldürücü silahların alınmasına, 10 milyonu isə fərdi mühafizə vasitələri, ilk yardım dəstləri, yanacaq kimi avadanlıq və ləvazimatlara sərf olunması üçün nəzərdə tutulurdu. İndi eyni məntiqlə cəmi 5 milyard avro olan o məbləğin 10 milyonu da Ermənistana ayrılıb. Belə çıxır ki, Avropa İttifaqı bu məbləği də Paşinyanın şəxsi mühafizəsinə yönəltməyi planlaşdırır. Deməli Aİ də fərqindədir ki, Rusiyanın hücumları başlayarsa, Ermənistanı xilas edə bilməyəcək. Sadəcə, ona Paşinyanı qorumaq lazımdır. Elədirsə, o zaman Ermənistanı və Cənubi Qafqazın digər ölkələrini risk altına atmağa dəyərmi? Ukraynanın indiki zamanda bir avroya ehtiyacı olduğu bir zamanda 10 milyon avro kimi gülünc məbləği Ermənistana göndərməyin nə mənası var? Bu fakt bir daha sübut edir ki, Qərbə Cənubi Qafqazda sülh yox, Rusiyaya qarşı ikinci cəbhəni açmaq gərəklidir”.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR