İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı savaşı “qaşıyır” - Rusiya Ermənistanı necə cəzalandıracaq...

Rəsmi Tehran da müəmmalı şəkildə sükut edir, düşmən qulağının dibində, “bacı”sı xəyanət etdi; Azərbaycanın etirazına hansı ölkələr qoşulacaq?

Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhəd ərazilərində iki illik monitorinq missiyası yerləşdirmək barədə qərarı heç bir halda xoş niyyət və məqsəddən qaynaqlanmır. Buna hansı ehtiyacın, zərurətin olması da izahsızdır, çünki real bir əsası yoxdur.

2022-ci ilin sentyabrında erməni ordusunun şərti sərhəddə törətdiyi təxribatlarının ardınca Azərbaycanın guya Ermənistanın ərazisinə “təcavüz” etməsi haqda iddialarından, ağ yalanlarından Avropa İttifaqı faktiki olaraq öz maraqları naminə sui-istifadə edir, rəsmi İrəvanın çağırışı ilə bu ölkəyə missiya yollayır. Xatırladaq ki, ötən ilin sonlarında Aİ bölgəyə müvəqqəti - 2 aylıq patrul missiyası göndərmək niyyətini açıqlayanda Azərbaycan buna qəti şəkildə etiraz etdi. Rəsmi Bakı hər hansı bir missiyanın Azərbaycan ərazisinə buraxılmayacağını bəyan etdi,  Ermənistan isə çox həvəslə onlara qucaq açdı.

Avropa İttifaqının missiyasına Ermənistan İctimai Televiziyasının göndərdiyi yazılı sorğuya cavabda bildirilib ki, Aİ-nin mülki missiyası təxminən 100 nəfərdən ibarət olacaq. Missiyanın Ermənistanın bir neçə şəhərində yerləşdiriləcəyi, Naxçıvan da daxil olmaqla Azərbaycan-Ermənistan dövlət sərhədini tam əhatə edəcəyi qeyd olunub. Burada, əlbəttə ki, İrəvanın Rusiyanı şantaj etmək niyyəti də var. Məsələ ondadır ki, Azərbaycan haqlı və qalib tərəf olduğundan, habelə xarici siyasətini düzgün qurduğundan Ermənistan nə KTMT kontingentini öz ərazisində Azərbaycana qarşı yerləşdirə bildi, nə də Rusiyanı təxribatlarına cəlb etməyi bacardı. 2016-cı ilin Aprel döyüşlərindən sonra həm Serj Sərkisyan, həm də Nikol Paşinyan tərəfindən bir neçə dəfə “Rus NATO”sunu proseslərə qatmaq cəhdlərini göstərən Ermənistanın “burnundan vurub” təklifi geri çevirdilər. Bundan sonra Ermənistanda anladılar ki, onların hətta üzv olduqları KTMT-də belə, Azərbaycan qədər dəstəyi və hörməti yoxdur. Ötən ilin ikinci yarısında İrəvanda keçirilən KTMT toplantısının iflasa uğramasından, rəsmi İrəvanın təklif etdiyi anti-Azərbaycan sənədin qəbul olunmamasından sonra isə Ermənistan seçimini etdi, üzünü daha açıq şəkildə Avropaya çevirdi. Məhz bundan sonra ölkə boyunca Rusiya əleyhinə kampaniyaya başladılar və Aİ də bu fürsətdə Ermənistanı özünün Kremlə qarşı siyasətində istifadə etmək üçün alətə çevirdi.

Sonuc ondan ibarətdir ki, 2 aylıq missiyanın tam mənasızlığı faktı ortada olsa da, Azərbaycanın Ermənistan ərazisinə təcavüz iddialarının tam yalanlığı dünyaya bəlli olsa da, Aİ bu dəfə 2 illik missiya yollayır. Təbii, burada ermənipərəst dairələrin də rolu var. Ən əsası isə odur ki, belə absurd missiyanın Azərbaycanla sərhədə yerləşdirilməsi, Ermənistanın bundan siyasi məqsədləri üçün yararlanması hazırda ətrafında müzakirələr gedən sülh prosesinə ağır bir zərbədir. Düzdür, bəzi ekspertlər bildirir ki, Rusiyanın Ermənistanı sıxacağı, münasibətlərinin daha da pisləşəcəyi şübhəsizdir və bundan Azərbaycan yararlana bilər. Ancaq məsələyə geniş prizmadan, qarşıya qoyulan əsas hədəfə - sülhə nail olmaq nəzərindən yanaşdıqda, bu missiyanın gəlişi sırf pozuculuq kimi qiymətləndirilməlidir. Çünki Rusiyanın da razılığı, iştirakı olmadan sülhə nail olmağın mümkünsüzlüyü də etiraf edilməlidir... Azərbaycanın Xarici İşlər Nazirliyi məsələyə net mövqe sərgiləyib.

“Avropa İttifaqının Ermənistanda monitorinq missiyasının mövcudluğu Ermənistan tərəfindən hər üç istiqamətdə normallaşma prosesini pozmaq cəhdlərinin artması, o cümlədən Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin üçtərəfli görüşünə əsassız ittihamlarla zərbə vurulması ilə üst-üstə düşdü. Beləliklə, Aİ missiyasının normallaşma gündəliyinin irəli aparılmasına töhfə verəcəyi ilə bağlı ilkin gözləntilər sarsıldı”. Xarici İşlər Nazirliyinin Avropa İttifaqı Şurasının Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərarına dair şərhində belə deyilir. Azərbaycan Aİ-nin Ermənistanda iki aylıq mülki missiyasının başa çatmasından sonra burada fəaliyyətini davam etdirmək marağında olmasını nəzərə alaraq, Aİ ilə məsləhətləşmələr zamanı xoş niyyətlə çıxış edib, habelə öz mövqeyini, gözləntilərini, narahatlıqlarını aydın və şəffaf şəkildə qarşı tərəfə çatdırıb. 2023-cü ildə sülhə nail olmaqdan danışıldığı halda Aİ-nin Azərbaycanı, prosesin vasitəçi olaraq iştirakçılarını nəzərə almadan, təkcə Ermənistanla əl-ələ verərək, bölgəyə 2 illik missiya yerləşdirməsini anti-sülh marağı kimi qiymətləndirməkdən başqa variant qalmır. Ortaya suallar çıxır: Aİ niyə belə edir? Rusiya buna cavab olaraq hansı addımları ata bilər? Mümkündürmü Kreml Ermənistandakı silahlı kontingentini geri çəksin? Hüquqi baxımdan, BMT-nin mandat vermədiyi missiyanın Azərbaycanla sərhədə yerləşdirilməsi hansı anlama gəlir? Bütün bu suallara ekspertlərimizin cavabları maraqlı və arqumentlidir.

Təqaüdlərin artımı ehtiyatda olan zabitlərə niyə şamil olunmadı? – Üzeyir  Cəfərov “Çətin sual"da - YouTube

Polkovnik: “Yeyib yatacaqlar və Ermənistanda eyş-işrətlə məşğul olacaqlar”

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında dedi ki, biz Azərbaycan vətəndaşları olaraq bəzən beynəlxalq təşkilatların və qurumların varlığını həddən çox yüksək dəyərləndiririk və onlara önəm veririk: “Həmin qurumlarım faydalı iş əmsalına baxanda isə, onların öz şəxsi mənafeləri üçün çalışdıqları, ortaya isə hər hansı bir nəticə, problemin həll yolu qoya bilmədiklərinin açıq şahidi oluruq. Təkcə Qarabağ münaqişəsinin 30 ilə yaxın dondurulmuş halda qalmasını qısaca təhlil etsək, görərik ki, istər BMT, istərsə də ATƏT, o cümlədən Avropa institutları sadəcə, imitasiya ilə məşğul olur və problemin həlli deyil, onun uzanmasına, əldə etdikləri iş yerlərini, böyük məvaciblərlə dolu olan vəzifələrini qoruyub saxlamağa üstünlük verirlər. İndi də, Avropa İttifaqının Ermənistana ayırdığı missiya məhz həmin məqsəd və məramlardan dolayı atılan addım kimi dəyərləndirilməlidir. Bunlar üçün heç bir fərqi yoxdur. İstər bədbəxt Ermənistanın insanı əzab-əziyyət çəksin, yaxud da Azərbaycan dövlətinin insanları. Bunlar əgər münaqişələrin həlli və ya bölgəmin inkişafı haqqında düşünsəydilər, imkan verməzdilər ki, Ermənistan Beynəlxalq hüquqa və normalara sayğısızlıq göstərsin”.

Ü.Cəfərov Avropa İttifaqı müşahidəçilərinin qarşıdakı iki il müddətində nə iş görəcəkləri barədə suala cavabında bunları söylədi: “Yeyib yatacaqlar və Ermənistanda eyş-işrətlə məşğul olacaqlar. Avropa İttifaqı artıq ilkin mərhələdə bunların fəaliyyət göstərməsi üçün 8 milyon avro maliyyə vəsaiti də ayırdı. Faktiki bu pul çölə atılmış kimidir, heç bir xeyir gətirməyəcək vəsaitdir. Beynəlxalq qurumlar Ermənistana çoxdan sual verməli idilər ki, nədən bu, balaca dövlətfason uzun illərdir qonşusu və iqtisadi imkanları daha yüksək olan Azərbaycana qarşı bu cür yolverilməz davranışları sərgiləyir? Nədən Ermənistan qonşusunun torpaqlarını işğal edərək, sərvətlərini talayıb və bu gün də etdiyi cinayətlərə görə cavab verməli olduğu halda, hələ də öz çirkin niyyətlərindən əl çəkmir?! Bu cür vacib işləri görmək əvəzinə, beynəlxalq mafioz qurum və təşkilatlar Ermənistana havadarlıq edir və onu separatizm meyillərinə daha da şirnikləndirir”.

Polkovnik Cəfərov hesab edir ki, bunun qarşısı mütləq alınmalıdır və nə vaxtsa alınacaq: “Təcavüzkar Ermənistan və ona havadarlıq edən qüvvələr və dövlətlər nəhayət, başa düşməlidirlər ki, dünya sürətlə dəyişir və çox şeylər yaxın dönəmlərdə dəyişəcək və dəyişməlidir. Ona görə də Azərbaycana qarşı hansısa təhdid və ya şantaj üsulları da artıq keçərli deyil və olmayacaq. Azərbaycan olaraq biz artıq açıq-aydın görürük ki, beynəlxalq qurumlar və təşkilatlar Ermənistanı qayda-qanunlara dəvət etmək əvəzinə tamam başqa, çirnikləndirici yol tutublar. Biz isə öz işlərimizi möhkəm tutmalı, qərarlarımızı sərt və daha tələbkar formada qoymalıyıq. Yalnız bu formada biz həm təcavüzkarı, həm də ona havadarlıq edən dövlətləri, onların mafioz başçılarını yerlərində oturda bilərik”.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Partiya sədri: “Avropa İttifaqı missiyasının regiona gəlməsi Azərbaycan üçün yaxşı heç nə vəd etmir”

Azad Vətən Partiyasının sədri Akif Nağı isə mövzu ilə bağlı danışarkən bir müddət öncəki durumla bağlı zəruri xatırlatmasını bölüşdü: “Xatırlayırsınızsa, 2 aylıq missiyanın müddəti başa çatan dövrdə Avropa İttifaqından belə rəy gəldi ki, regionu tərk edəcək, vaxtı uzatmayacaqlar. İki il məsələsi sonradan ortaya gətirildi. Bunun Ermənistanın təşəbbüsü ilə olduğu inandırıcı deyil. Ermənistan Avropa İttifaqına qərar qəbul etdirəcək gücdə deyil. Böyük ehtimalla bu qərar ABŞ və digər Qərb dövlətləri tərəfindən verilib. Məqsəd regionda, o cümlədə Ermənistanda Rusiyanın təsir imkanlarının zəiflədilməsindən, özlərinin təsir imkanlarını genişləndirməkdən ibarətdir. Bu mənada vaxt məsələsi də diqqəti çəkir, Rusiya sülhməramlılarının da regionda qalma müddəti təxminən 2 il yarımdan sonra bitir, yaxud belə deyək ki, iki ildən sonra Rusiya hərbi kontingentinin regionda qalıb-qalmayacağı sərt müzakirə müstəvisinə çıxacaq. O halda Qərb müşahidə missiyasının regionda olması vacib amilə çevrilə bilər”.

A.Nağının sözlərinə görə, Avropa İttifaqı missiyasının regiona gəlməsi Azərbaycan üçün yaxşı heç nə vəd etmir: “Biz axıra qədər bu təşəbbüsə etiraz etməli, missiyanın tərkibi, vaxtı ilə bağlı məhdudlaşdırmalara nail olmalıyıq. Digər tədbir kimi, Türkiyə və ya İslam Əməkdaşlıq Təşkilatına daxil olan bir neçə ölkənin nümayəndələrindən ibarət missiyanı Azərbaycan tərəfindən əraziləri müşahidə etmək üçün dəvət edə bilərik. Qərbin bir məqsədi də Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasıdır. Amma bu, o qədər də real görünmür. Ermənistan sərhədlərin qorunması, iqtisadiyyatın bir çox sahələrinə nəzarət edilməsi, hərbi təminat və digər məsələlərlə bağlı Rusiyadan asılıdır. Ona görə də Rusiyanın oranı tərk etməsindən yox, təsir imkanlarının zəiflədilməsindən danışmaq olar”.

Hələ ki, ermənilər Aİ-nin “patrul dəstəsi” ilə bağlı qərarının sevincini yaşayırlar. Amma hələ də anlamaq istəmirlər ki, onların bölgədə mövcudluğu hansısa patrulun keşik çəkməsindən asılı deyil, qonşu ölkələr, xüsusən də Azərbaycan və Türkiyə ilə normal əlaqələr qurulmasından, kifli iddialara son verilməsindən keçir. Türkiyəyə qarşı ədalətsiz münasibəti bütün dünyaya bəlli olan Aİ-nin Ermənistana missiya göndərməsi heç Türkiyəni də məmnun etməyəcək, heç şübhəsiz. Bu, İrəvan-Ankara əlaqələrinin ilkin təməllərini də darmadağın edə bilər. Rusiya və İranın cavabının necə olacağı da olduqca maraqlıdır. Ərazisində 102 saylı Rusiya hərbi bazasını saxlayan Ermənistan indi də avropalı “patrullar”a qucaq açır və bununla Kremli qəzəbləndirmiş olur. Yenicə “bacı” olmasını rəsmiləşdirdiyi Tehranın reaksiyası da maraqlıdır, İran rejiminin düşmənləri artıq qulağının dibindədir... 

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR