Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqaz Rusiya, İran, Türkiyə və Avropa İttifaqı (Aİ) kimi dünya oyunçularının maraq düyünüdür. Azərbaycan bu mürəkkəb geosiyasi hərəkətlilikdə çeviklik, praqmatizm və öz maraqlarını dəqiq anlamaq əsasında strategiya qurur. Lakin Aİ hər zaman olduğu kimi ikili standartlarla oynayır: bir tərəfdən Azərbaycan qazını istəyir, digər tərəfdən isə demokratiya və insan haqları mövzusunda Bakı qarşısında tələblər irəli sürür. Azərbaycan isə bunu artıq narahatlıq kimi yox, təzyiq forması kimi qəbul edir.
Son günlər Aİ rəsmilərinin bu istiqamətdə açıqlamaları narahatlıq doğurmaqdadır. Məsələn, İrəvanda keçirilən Ermənistan-Aİ Parlament Tərəfdaşlığı Komitəsinin sessiyasındakı çıxışında Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos ermənilərin müdafiəsinə yönəlmiş çıxışında Qarabağla bağlı Azərbaycanın əleyhinə təxribatçı açıqlama da verib. Avropalı diplomat ermənilərin Qarabağdan könüllü getmələrini “zorla köçürülmə” adlandıraraq qeyd edib ki, Aİ o zamandan Ermənistanın yanındadır. Toplantıda çıxış edən Aİ-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin həmsədri Nils Uşakovs da bu kontekstdə provokativ açıqlamaları ilə diqqət çəkib. “Əlbəttə, Bakı və Moskva bu missiyanı hədəfə alıb, ittihamlar irəli sürürlər. Ancaq sual yaranır: silahsız mülki missiya onlara hansı təhlükə yarada bilər? Onlar bunu sülh sazişinə təhlükə və ya maneə kimi baxmağa çalışırlar və başa düşmək çox vacibdir ki, Bakı bu əməkdaşlığı rədd edir və Aİ-nin Ermənistandakı missiyasını dayandırmaq istəyir, lakin Ermənistan silahlara qarşılıqlı nəzarət mexanizmi ilə bağlı təklif təqdim edib. Və bu, Ermənistanın özünün sülh gündəminə götürdüyü nümunədir və biz bunu dəstəkləyirik. Azərbaycanın bütün bunlara reaksiyasını anlamaq və şərh etmək çox çətindir”, - o deyib.
Milli Məclis Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin fevralın 25-də yaydığı bəyanatı şiddətlə qınayıb, bu sənədi Avropa Parlamenti ilə Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının növbəti nümunəsi kimi qiymətləndirib.
Bəs Avropa İttifaqı rəsmiləri niyə Azərbaycanı hədəf alıb?
“Avropalı siyasətçilər artıq özlərini yığışdırmalıdırlar. Azərbaycan tam şəkildə müstəqil siyasət yürüdən nadir ölkələrdən biridir. Son illər bəzi dövlətlərin və nüfuzlu təşkilatların beynəlxalq hüquq normalarına münasibətdə siyasi avantürizm sərgiləmələri belə bir qənaətin formalaşmasına gətirib çıxarıb ki, Avropa məkanında demokratik dəyərlərə ikili standartlarla yanaşmaq tendensiyası getdikcə güclənir. Müasir dövrdə bir sıra Qərb dövlətlərinin insan hüquqlarının müdafiəsi bəhanəsi ilə öz maraqlarını gerçəkləşdirmək cəhdlərinin tez-tez şahidi oluruq. Xüsusən də Ermənistanı açıq şəkildə müdafiə edən dövlətlər ölkəmizə qarşı zaman-zaman qarayaxma kampaniyası aparırlar. Ermənistanın işğalçı olduğunu elə erməni ideoloqları və işğalçı ölkənin rəhbər şəxsləri özləri də zaman-zaman etiraf ediblər. Ancaq dünya güclərinin ikili standartları işğalçı tərəfin layiqli cavabını almasına imkan verməyib”.
Kamran Bayramov
Bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının deputatı Kamran Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirib.
O qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycana məxsus beynəlxalq səviyyədə tanınan suveren ərazilərin təxminən 30 il davam edən işğalı dövründə Aİ bunu heç vaxt qınamamışdı: “Lakin indi Avropa İttifaqı təcavüzkar dövlətin tərəfində dayanaraq "durbin diplomatiyası" aparır, onun hərbiləşməsinə kömək edir və bununla da Ermənistanın revanşist meyllərini qızışdırır. Üstəlik, ittifaq rəsmiləri heç vaxt Ermənistandan qovulan azərbaycanlıların geri qayıtmasına dəstək ifadə etməyib, Ermənistanda Azərbaycan mədəni irsinin qəsdən məhv edilməsini qınamayıb, nə də ki, bunu heç vaxt orada dilə gətirən kimsə olmayıb. Əgər söhbət həqiqətən demokratiyadan və insan hüquqlarından gedirsə, Avropa İttifaqı bu məsələləri də işıqlandırardı, lakin söhbət Azərbaycan olunca, susmağa, özünü görməzliyə və eşitməzliyə vurmağa davam edir. Avropa İttifaqı səfirinin açıqlaması növbəti dəfə Azərbaycana böhtan atmaqdan ibarətdir. BMT faktaraşdırıcı missiyası Qarabağa gələrək etnik təmizləməyə dair sübut aşkarlamamışdı. Videogörüntülər də arxivdə qalır - ermənilər bölgəni gülə-gülə, şokolad, peçenye yeyə-yeyə öz xoşu ilə tərk edirlər. Fakt odur ki, Avropa Sülh Fondu Ermənistanı silahlandırır, Brüssel bölgəyə göndərdiyi casus şəbəkəsini yerləşdirməklə sərhədlərimizdə kəşfiyyat müşahidələri aparır. Əslində səfirin açıqlaması təəccüb doğurmur. Çünki qurumun sabiq baş diplomatı Cozef Borrel də belə cəfəng ittihamlar səsləndirirdi. Burada sözsüz ki, məqsəd Azərbaycana təzyiq, ermənilərin isə könlünü almaqdır. Toplantıda çıxış edən Ermənistan parlamentinin sədri Alen Simonyan, Aİ-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin həmsədri Nils Uşakovs və digər iştirakçılar da bu kontekstdə provokativ açıqlamaları ilə diqqət çəkiblər. Avropalı siyasətçilər artıq özlərini yığışdırmalıdırlar. Ən azından ABŞ-ın vitse-prezidenti Vensin “qoca qitə”ni çalxalayan çıxışını yada salsınlar".
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Brüsselin məkrli niyyətinin hər kəsə məlum olduğunu söylədi: “Avropa İttifaqı hər zaman Azərbaycan və Ermənistan münasibətləri fonunda özünü proseslərin dinc yolla nizamlanmasının tərəfdarı kimi göstərib. Lakin mövcud reallıqlar tamamilə fərqlidir. İstər keçmiş Dağlıq Qarabağ münaqişəsi zamanı, istərsə də indiki situasiyada rəsmi Brüsselin riyakar, qərəzli addımları və yalan vədlərinin ardındakı məkirli niyyəti hər kəsə məlumdur. Avropa İttifaqı 30 il ərzində Ermənistanın işğalçı siyasətini hüquqi müstəvidə dəyərləndirmək əvəzinə, əksinə, əsassız təşəbbüslər və formatlarla açıq şəkildə İrəvanın maraqlarını müdafiə edib. Çox təəssüf ki, eyni rasional yanaşma bu gün də davam etməkdədir. Avropalı siyasilər 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqları və konfiqurasiyanı qəbul etmək istəmir. Məhz bu səbəbdən ard-arda anti-Azərbaycan ritorikasının şahidi oluruq. Qalib tərəf kimi rəsmi Bakının sülh danışıqları kontekstində Ermənistan qarşısında irəli sürdüyü tələblər beynəlxalq hüququn norma və prinsipləri çərçivəsindədir. Həmin tələbləri fərqli mənada canlandırmaq spekulyativ yanaşmadır. Fransanın moderatorluğu və Brüsselin çətiri altında Avropa İttifaqı missiyası Bakı və İrəvan arasında şərti dövlət sərhədinin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını əks etdirən maddələrin çıxarılması və yekun sülh sazişinin imzalanmasını mümkün qədər gecikdirməyə çalışır. Missiyanın artan provokativ addımları iki ölkə arasında gərginliyin artmasına xidmət edir. Belə olduğu təqdirdə əsassız iddialarla Azərbaycanı ittiham etmək qarşılaşdığımız növbəti ikili standartlar nümunəsidir. Rusiya-Ukrayna müharibəsi fonunda üzləşdikləri enerji böhranını Azərbaycanın resursları hesabına həll etməyə çalışan avropalıların yanaşması ikiüzlülükdən başqa bir şey deyil”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ