İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Çinlə münasibətləri gərginləşdirən növbəti addımını atdı

Avropa İttifaqı Çin hökumətinin ölkənin polad istehsalçılarına mümkün subsidiyaları ilə bağlı araşdırmaya başlamaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.

Qəzetin yazdığına görə, Brüsselin bu addımı Vaşinqtonun istəyi ilə atılır. Belə ki, Donald Trampın 2018-ci ildə Avropa İttifaqından polad idxalına tətbiq etdiyi rüsumların ləğvi müqabilində Ağ Ev Brüsseldən Çin polad istehsalçılarına qarşı tədbir görməyi istəyib.

Xatırladaq ki, Tramp yerli istehsalçıları qorumaq məqsədilə Aİ-dən polad idxalına 25 faiz, alüminium idxalına isə 10 faiz əlavə rüsum tətbiq etmişdi. 2020-ci ildə prezident Co Bayden 21,5 milyard dollarlıq məhdudiyyətləri ləğv edərək polad və alüminium idxalına əlavə rüsumları tam dayandırmaq üçün danışıqlara başladı.

Qəzet xatırladır ki, Brüssel artıq idxal olunan məhsulların təxminən yarısını əhatə edən 10 kateqoriya Çin poladına antidempinq rüsumları, eləcə də bəzi polad məhsullarına kvota tətbiq edib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına örə, qlobal polad istehsalı 2022-ci ildə rekord səviyyəyə çatıb. Hazırda istehsal gücünün 75 faizindən istifadə olunur və bu, bazarda böyük rəqabət yaradır.

Onu da qeyd edək ki, Avropa Komissiyası (AK) sentyabrda Çində dövlət subsidiyasının elektromobil istehsalında rolunu müəyyənləşdirmək üçün araşdırmaya başlayıb. Daha sonra məlum olub ki, Avropa İttifaqı həmçinin Çində külək turbinləri istehsalına dövlət subsidiyasının qiymətlərə təsirini araşdırmaq niyyətindədir. Avropa şirkətlərinin Aİ-nin Çinin yaşıl texnologiyasından həddən artıq asılı olması ilə bağlı narahatlıqları fonunda Brüssel artıq Çin şirkətlərinin külək turbinlərinin qanadlarında istifadə etdiyi şüşə lifinə əlavə rüsum tətbiq edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR