İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya mediası Bakıya “gizlədilən gərginliyi” xatırladır: Sergey Markovdan sərt təhlil

İlk yayım saatı: 07.07.2025, saat: 1:44

Moskva ilə Bakı arasındakı gərginlik dərinləşir, Markov səbəbləri bir-bir açıqlayır

Rusiya ilə Azərbaycan münasibətlərində rəsmi ritorikada hər şey sakit görünməyə çalışılsa da, Rusiya mediası mövzunu buraxmır, davamlı olaraq bu gərginliyin köklərinə işarə edən təhlillər dərc edir. Belə şərhlərdən biri də tanınmış politoloq Sergey Markovun geniş müsahibəsində səslənib.

Markov deyib ki, münasibətlərin kəskinləşməsinə dair onlarla fərqli versiya mövcuddur və indi Rusiya ilə Azərbaycan arasında “əsəbləri tarıma çəkən” bir mərhələ yaşanır.

“Rusiyanın təyyarə insidentinə görə məsuliyyəti açıq şəkildə qəbul etməməsi böyük hörmətsizlikdir”

Markovun fikrincə, münasibətlərin soyumasının ən real səbəbi Rusiyanın Azərbaycan təyyarəsini vurması ilə bağlıdır. O, xatırladır ki, vaxtilə Qarabağ müharibəsi zamanı Azərbaycan səhvən rus helikopterini vuranda dərhal üzr istəmiş, məsuliyyəti qəbul etmiş və kompensasiya ödəyib məsələni bağlamışdı. İndi isə Bakı Moskvadan eyni jesti gözləyirdi.

Markov sərt şəkildə bildirib:

“Rusiyada düşünürlər ki, prezidentimiz üzr istəyib. Azərbaycanda isə hesab edirlər ki, bu, sadəcə başsağlığı idi. Açıq, konkret, birtərəfli şəkildə məsuliyyəti üzərinə götürməmək böyük hörmətsizlikdir.”

“Yekaterinburqda azərbaycanlıların qətlə yetirilməsi və susqunluq”

Sergey Markov Yekaterinburqda azərbaycanlılara qarşı xüsusi əməliyyat zamanı iki nəfərin öldürülməsi və üçünün ağır yaralanmasını da münasibətlərin zədələnməsində əsas səbəblərdən biri sayır. O, Rusiyanın bu hadisəyə görə cəzasızlıq nümayiş etdirdiyini və bunun Azərbaycan cəmiyyətində güclü narazılıq doğurduğunu deyib.

“Nəticədə iki nəfər ölüb, üç nəfər reanimasiyadadır. Amma heç kim cəzalandırılmayıb. Bu, Bakıda qəzəbi artırır”, – deyə Markov vurğulayıb.

“Kremençuq, Zəngəzur, Britaniya izi – hamısı Rusiya ilə Azərbaycanın arasını vurur”

Markov daha sərt şəkildə əlavə edib ki, münasibətləri korlayan amillər çoxdur. Bəzi versiyalara görə, Rusiya Kremençuqdakı zavodu vurub və orada Azərbaycan biznesi ziyan çəkib. Digərləri isə hesab edirlər ki, müəyyən beynəlxalq koalisiyalar Moskvanı Zəngəzur dəhlizindən sıxışdırıb çıxarmağa çalışır. Hətta britaniya xüsusi xidmətlərinin agentura vasitəsilə Moskva ilə Bakının arasını vurduğu versiyaları da dolaşır.

“Türkofob və islamofob əhval-ruhiyyə də bu münasibətləri məhv edir”

Politoloq həm də Rusiya dövlət mediasında türklərə və müsəlmanlara qarşı ifrat neqativ mövqelərin hiperbolizə edildiyini deyərək xəbərdarlıq edib:

“Azərbaycanda bunu diqqətlə izləyirlər və çox mənfi qarşılayırlar. Ola bilsin ki, biz buna da qulaq asmalıyıq.”

“Əks halda strateji müttəfiqimizi itirəcəyik”

Sergey Markov açıq şəkildə bildirib ki, əgər Rusiya bu mövzular üzrə daha şəffaf və həssas davranmasa, dialoqu dərinləşdirməsə, “strateji müttəfiq olan Azərbaycanı itirmək riski ilə üz-üzə qalacaq”.

“Biz həm təyyarə insidentində, həm Yekaterinburq hadisəsində daha aydın və sərt mövqe nümayiş etdirməliyik. Əgər Ukrayna ilə bağlı da iradımız varsa, bunu açıq şəkildə deməliyik,” – deyə Markov sonda vurğulayıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR