Onlayn ictimai-siyasi qəzet
Kollektiv Qərbin daxilində kəskin ziddiyyətlər mövcuddur. Ümumi beynəlxalq rəqiblərə və hərbi-siyasi düşmənlərə qarşı ortaq mövqedən çıxış edən bu düşərgədə maraq toqquşmaları da olmamış deyil. Xüsusilə də, aparıcı Qərb dövlətləri düşərgənin digər ölkələrinə ortaq mövqenin ümumi şərtlərini diqtə etməyə üstünlük verirlər. Və məhz bu önəmli məqam kollektiv Qərbin daxili münasibətlərində müəyyən narazılıqlara yol açır.
Onu da qeyd etmək lazımdır ki, kollektiv Qərbin daxilində beynəlxalq təhlükəsizlik sistemi ilə bağlı kəskin fikir ayrılıqları müşahidə olunur. Bu düşərgə üçün yeganə təhlükəsizlik sistemi isə məhz NATO sayılır. Halbuki, bu hərbi-siyasi alyansın gələcək taleyinə yanaşma tərzi də hazırda kifayət qədər müəmmalı xarakter daşıyır. Və son vaxtlar NATO-nun mövcud olmasının effektivlik səviyyəsi də olduqca ciddi müzakirə mövzusuna çevrilməyə başlayıb.
Məsələ ondadır ki, NATO müasir dünya təhlükəsizlik sisteminin ən bahalı hərbi-siyasi layihəsi hesab olunur. Bu hərbi-siyasi alyansın "təhlükəsizlik çətiri" NATO-ya üzv dövlətlərə onmilyardlarla dollara başa gəlir. Üstəlik, NATO-nun maliyyələşdirilməsi və hərbi kontingentlə təmsilçilik prinsiplərində də kəskin qeyri-bərabərlik mövcuddur. Belə ki, NATO silahlı qüvvələrinin tərkibi daha çox ABŞ və Türkiyə ordusu hesabına formalaşıb. Və bina paralel olaraq, həm ABŞ, həm də Türkiyə NATO-nun maliyyələşdirilməsində digərləri ilə müqayisədə daha ağır xərcləri öz üzərlərinə götürüb.
Ancaq buna baxmayaraq, NATO-nun strukturlarında təmsilçilik məsələsində bu iki önəmli faktorun yükünə uyğun bölgüyə ehtiyac duyulmayıb. Ona görə də, NATO-nun hansı üzv ölkələrə daha çox faydalı olduğu belə, kəskin müzakirə mövzusudur. Belə ki, NATO-ya daha az üzvlük haqqı ödəyən bəzi dövlətlər digərlərinə münasibətdə faydalı mövqelərə sahib olmaqla diqqəti çəkirlər. Yəni, həm digərlərindən daha az üzvlük haqqı ödədikləri NATO-nun "təhlükə çətiri" altında özlərini toxunulmazlığını təmin edirlər. Həm də öz büdcələrində hərbi xərcləri azaldıb, minimuma endirməyə nail olurlar. Və bu, o deməkdir ki, belə dövlətlər başqalarının hesabına özlərini qoruyurlar.
Maraqlıdır ki, belə situasiya istər-istəməz NATO daxilində müəyyən narazılıqlara da yol açır. Xüsusilə də, Donald Trampın prezidentliyi dönəmində ABŞ NATO-nun maliyyələşdirilməsində ədalətsizliyin mövcudluğunu daha qabarıq şəkildə gündəmə gətirirdi. Halbuki, ABŞ-ın patronajlığı altında NATO həm Ağ Evin kollektiv Qərbə tam nəzarət mexanizmi də satılır. Çünki hərbi müdafiə potensialı zəif olan Avropa ölkələri təhlükəsizlik məsələsində NATO-ya liderlik edən ABŞ-dan asılı vəziyyətə düşməkdədir. Və Ağ Ev bu önəmli faktordan ABŞ-ın beynəlxalq maraqları çərçivəsində maksimum səviyyədə istifadə edir.
Ancaq əslində, NATO kimi bahalı hərbi-siyasi layihə müəyyən mənada, ABŞ-a da problem yaratmağa başlayıb. Belə ki, Ağ Evdə də NATO-ya ABŞ büdcəsindən fantastik məbləğlərin xərclənməsinin effekti vaxtaşırı müzakirə edilir. Bu müzakirələrdə əsas arqumentlərdən biri də ondan ibarətdir ki, ABŞ-ın dünyanın bütün önəmli regionlarında NATO-dan kənar hərbi bazaları mövcuddur. Yəni, ABŞ bütün dünyada çoxsaylı hərbi bazalar yaratdığı halda, NATO-ya da külli miqdarda xərc çəkilməsi kifayət qədər ciddi suallar doğurur. Və NATO ölkələrinin təhlükəsizlik sahəsində ABŞ-dan asılığı naminə bu qədər maliyyə xərclərinin vacibliyinə şübhə ilə yanaşılır.
Bütün bunlar onu göstərir ki, NATO-nun nə vaxtsa, ləğv edilə biləcəyi də artıq qətiyyən istisna deyil. Hətta Ağ Ev son vaxtlar daha məhdud sayda ölkələrin iştirakı ilə yeni hərbi-siyasi alyansların yaradılmasına da xüsusi həvəs göstərir. Bu baxımdan, AUKUS-un (Avstraliya, Böyük Britaniya və ABŞ) yaradılması NATO-ya gələcək alternativ kimi də gündəmə gətirilir. Və bu hərbi-siyasi alyansın yaradılması barədə anlaşma vaxtilə NATO-nun üzvü olan Avropa ölkələri arasında ciddi narahatlıq da yaratmışdı.
Əslində, bu narahatlıq o qədər də əsassız deyil. Çünki vaxtilə Ağ Evin keçmiş sahibi Donald Tramp NATO-nu kəskin şəkildə tənqid edirdi. O, bu hərbi-siyasi alyansın öz dövrünü bitirdiyini də açıq mətnlə vurğulayırdı. Hətta keçmiş prezident Donald Tramp NATO-nun ləğvi və ya onun sıralarının tərk olunması ABŞ-ın maraqlarına daha çox uyğun olduğunu bildirirdi. Və onun ikinci dəfə prezident seçiləcəyi təqdirdə, ABŞ-ın NATO sıralarını tərk edəcəyi heç kimdə elə bir ciddi şübhə doğurmurdu.
Maraqlıdır ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp Ağ Evə sahiblənəcəyi təqdirdə, vaxtilə yarımçıq buraxdığı işi bu dəfə tamamlamaq niyyətində olduğunu qətiyyən gizlətmir. Donald Tramp hesab edir ki, NATO ABŞ-a artıq əvvəlki kimi lazım deyil. ABŞ NATO-nun ömrünü uzatmaqla, Avropa ölkələrinin təhlükəsizliyini təkbaşına təmin etməyə borclu deyil. ABŞ prezidentliyinə namizəd hesab edir ki, Avropa ölkələri öz təhlükəsizliklərinə yetərincə maliyyə vəsaiti xərcləmirlər və bundan sonra dövlət büdcələrinin bir hissəsini hərbi ehtiyaclara ayırmalıdırlar. Və bundan sonra ABŞ büdcəsi hesabına özlərini qorumaq vərdişlərindən imtina etməlidirlər.
Göründüyü kimi, ABŞ prezidentliyinə namizəd Donald Trampın NATO ilə bağlı mövqeyi hələ də dəyişməyib. Əksinə, indi daha kəskin xarakter daşımaqla, ABŞ büdcəsini istismar edən Qərb ölkələrini açıq şəkildə hədəfə alıb. Ona görə də, hazırda Avropa Birliyi strukturlarında Donald Trampın prezident seçilmə ehtimalından olduqca narahatlığın olduğu müşahidə edilir. Hətta Avropa Birliyi NATO-da təmsil olunan üzvlərinə öz hərbi büdcələrini təcili artırmağı da qəti şəkildə tövsiyyə edir.
Məsələ ondadır ki, Avropa Birliyində Donald Trampın ABŞ prezidenti seçilmə ehtimalını real hesab edirlər. Belə qənaətə gəliblər ki, əgər, Ağ Ev sahibliyi yenidən Donald Trampın əlinə keçərsə, ABŞ-ın NATO-dan kənarlaşması baş tuta bilər. Bu haldasa, NATO-nun mövcudluğu elə bir strateji əhəmiyyət daşımayacaq. Ona görə də, NATO ABŞ-ın bu hərbi-siyasi alyansı tərk etməsindən sonra ümumiyyətlə, süquta uğrayıb, dağıla bilər. Və Avropa Birliyi ölkələri öz hərbi büdcələrini artırmalı, müdafiə potensiallarını gücləndirməli, ümumiyyətlə, NATO-nun "təhlükəsizlik çətiri"nin olmayacağı dövrə hazırlaşmalıdırlar.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ